Onlar III ixtisas qrupu üzrə keçirilmiş qəbul
imtahanında bu uğura imza atmışlar
2013-2014-cü tədris ili üçün ölkəmizin ali təhsil
müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 14-də
keçirilmiş qəbul imtahanının nəticələri açıqlanmışdır.
TQDK-nın bu barədə yaydığı məlumatda qeyd olunur ki, III
ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd
vermiş 28 min 944 abituriyentdən 27 min 819 nəfəri
imtahanda iştirak etmişdir. Müsabiqə şərtlərinə əsasən
ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna
olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə
ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanlar
(dövlət sifarişli ixtisaslar üzrə ümumi balı 350-dən,
hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi
balı 10-dan az olmayanlar) III ixtisas qrupu üzrə
ixtisas seçimində iştirak edə bilərlər. İmtahanın
nəticələrinə əsasən, bu şərti ödəyən abituriyentlərin
sayı 10 min 153 nəfər olmuşdur. İmtahanda 4 nəfər
maksimum nəticə - 700 bal toplamışdır. Aşağıda onları
oxucularımıza təqdim edirik.
Qafarova
Flora Eldar qızı
1996-cı il fevralın 13-də Sumqayıt şəhərində anadan
olmuşdur. 2002-ci ildə Sumqayıt şəhər N.Gəncəvi adına
texniki və təbiət elmləri liseyinə I sinfə qəbul
olunmuşdur. İbtidai təhsili "əla" qiymətlərlə
bitirmişdir. Yuxarı siniflərdə də müvəffəqiyyətlə oxumuş
və liseyin sayılıb-seçilən şagirdlərindən olmuşdur.
Oxuduğu illərdə fənn olimpiadalarında fəal iştirak
etmiş, olimpiadanın şəhər turunun mükafatçıları sırasına
çıxmışdır. Liseyi bu il "əla" qiymətlərlə bitirmişdir.
Floranın dediklərindən: "Ali məktəbə hazırlığa 10-cu
sinifdə başlamışam və hazırlığı "Araz" ali məktəblərə
hazırlıq kurslarında keçmişəm. Hazırlıq müddətində
hədəfim yalnız 700 bal olub və buna nail olmaq üçün
müəllimlərin tapşırıqlarına ciddi əməl etmiş, dərslərimi
vaxtında yerinə yetirmişəm. Fikirləşirəm ki, 2 illik
hazırlığın mənim 600 bal həddini rahatlıqla keçməyimi
təmin edə bilərdi. Lakin liseydə də ciddi hazırlığım
mənim 700 bal toplamağıma təminat vermişdir. Mən bu
uğura imza atacağıma əmin idim".
Bu uğuruna görə ilk növbədə müəllimlərinə borclu
olduğunu bildirən F.Qafarova özünün formalaşmasında,
dərin biliklərə yiyələnməsində daha çox zəhmət payı olan
ibtidai sinif müəllimi Yavər Mürşüdovanın, ingilis dili
müəllimi Gülnarə Babayevanın, Azərbaycan dili və
ədəbiyyat müəllimi Mahirə Mədətovanın, tarix müəllimi
Məhəmməd Süleymanovun, sinif rəhbəri Vaqif Behbudovun
ünvanına minnətdarlığını ifadə etdi.
Bu yazının hazırlanması prosesində əlaqə saxladığımız
Sumqayıt şəhər N.Gəncəvi adına texniki və təbiət elmləri
liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini
Cəfər Əliyev məzunlarını oxuduğu illərdə liseyin ən
yaxşı şagirdlərindən biri, ictimai işlərdə xüsusi
fəallıq göstərən gənc kimi xarakterizə etdi. Bildirdi
ki, o, sənədlərini III ixtisas qrupuna versə də
humanitar fənlərlə yanaşı texniki fənləri də yüksək
səviyyədə mənimsəmiş, dərsə davamiyyət baxımından
liseyin ən nümunəvi şagirdlərindən olmuşdur. F.Qafarova
fənn olimpiadalarında, eləcə də Xəzər və Qafqaz
universitetlərinin keçirdikləri bilik yarışlarında fəal
iştirak edərək mükafatlar qazanmışdır.
Flora Qafarovanın bundan sonrakı hədəfi Qafqaz
Universitetinin tərcümə fakültəsində təhsil almaqdır.
Gənc qız bu ali məktəbi yaxşı tanıdığına, orada yüksək
ixtisaslı mütəxəssis yetişdirilməsi üçün bütün şəraitin
və yüksək təhsil mühitinin olmasına, habelə bu ali
təhsil ocağının keçirdiyi bilik yarışlarında həmişə
həvəslə iştirak etdiyinə görə seçmişdir. Universitetdə
də daim belə yüksək nəticələr əldə etməyi arzulayan və
bunu qarşısına məqsəd qoyan Flora gələcək illərdə ali
məktəblərə hazırlaşacaq həmyaşıdlarına məktəb dərslərini
vaxtlı-vaxtında oxumağı məsləhət görür.
İsmayılov
Məhəmməd Şahin oğlu
1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci
ildə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 258
nömrəli tam orta məktəbin I sinfinə gedib. Məktəbdə
oxuduğu müddətdə həmişə yüksək təlim göstəriciləri ilə
fərqlənib. "11 il ərzində hər zaman biliyimə görə
seçilən şagird olmuşam", - deyə o, bizimlə söhbətində
bildirdi.
Məhz bunun nəticəsi olaraq Məhəmməd bu il buraxılış
imtahanlarını da "əla" qiymətlərlə verərək 258 nömrəli
məktəbi qızıl medalla bitirmişdir.
M.İsmayılov III ixtisas qrupu üzrə iki il ciddi
hazırlaşdığını bildirdi. Lakin bu istedadlı gənc
imtahanlara yaxşı hazırlaşsa da 700 bal toplayacağını
gözləmədiyini söylədi. "Əslində 670 bal hədəfləmişdim.
700 bal toplayacağımı gözləmirdim. Amma yaxınlarım,
qohumlarım, müəllimlərim mənim 700 bal toplayacağıma
əmin idilər və bu nəticəni məndən gözləyirdilər".
M.İsmayılovun arzusu hüquqşünas olmaqdır. Arzusunu
reallaşdırmaq üçün artıq ən real şans əldə etmiş gənc
bakalavr təhsilini Azərbaycanda almaq, magistraturanı
isə xaricdə oxumağı planlaşdırmışdır. Seçim etmək üçün
hələ 3 həftə vaxtının olduğunu deyən M.İsmayılov
bakalavr təhsili almaq üçün iki ali təhsil müəssisəsi -
Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
arasında seçim edəcəyini vurğuladı.
Onu da qeyd edək ki, Məhəmmədin sinif yoldaşları
arasında da yüksək bal toplayanlar vardır.
258 nömrəli tam orta məktəbin müəllimi, Məhəmmədin sinif
rəhbəri olmuş Zəkiyyə Abdullayevanın fikrincə, bu cür
yüksək nəticə göstərmək üçün şagirdlərin orta məktəbin
aşağı siniflərindən yaxşı oxumaları lazımdır.
"Məhəmməd birinci sinifdən onbirinci sinfə qədər çox
yaxşı oxumuşdur. O, təkcə humanitar fənlərdən deyil,
bütün fənlərdən yüksək qiymətlər almışdır. Nəticədə
məktəbimiz onun qızıl medala namizədliyini irəli sürmüş
və o, məktəbimizin medallı məzunu olmuşdur", - deyə
Z.Abdullayev tədris ocaqlarında Məhəmmədlə fəxr
etdiklərini, onun gələcəkdə yaxşı mütəxəssis olacağına
inandıqlarını bildirmişdir.
Murğuzova
Nərminə Sahib qızı
1995-ci il sentyabrın 18-də Tovuz rayonunun Bozalqanlı
kəndində anadan olmuşdur. Nərminə orta təhsilini Tovuz
rayonu Bozalqanlı kənd tam orta məktəbində almışdır.
Orta təhsil illərində dərslərini "4", "5" qiymətlərlə
oxumuş Nərminə hər zaman öz çalışqanlığı, dərsə
hazırlığı, savadı ilə məktəbdə seçilmişdir. Orta məktəbi
gümüş medalla bitirən bu istedadlı qız yüksək bilik
nümayiş etdirərək ali məktəblərə qəbul imtahanlarında
III ixtisas üzrə maksimum -700 balı toplamaqla böyüyüb
boya-başa çatdığı doğma rayonuna, eyni zamanda
Bozalqanlı kəndinə bir başucalığı, sevinc gətirdi.
Bu xoş hadisənin sevincini yaşayanlardan biri -
Nərminənin orta təhsilini başa vurduğu Tovuz rayonu
Bozalqanlı kənd tam orta məktəbinin direktoru Nüsrət
Quliyev bizimlə söhbət zamanı öz məzunu barədə bunları
bildirdi: "2003-2004-cü tədris ilindən Tovuz rayonu
Bozalqanlı kənd tam orta məktəbinə direktor təyin
olunmuşam. Həmin ildən bütün siniflərdə olduğu kimi,
Nərminənin oxuduğu sinifdə də dərslərdə iştirak etmişəm.
O, öz çalışqanlığı ilə hər zaman seçilirdi. Yuxarı
siniflərə keçdikcə onda olan fərqli fitri istedad
qabarıq şəkildə özünü göstərirdi. X sinifdə ictimai
fənlərə marağını nəzərə alaraq onu ictimai fənlər seçmə
sinfinə cəlb etdik. X sinifdə oxuduğu müddətdə bu qızın
gələcəkdə yüksək bal toplayacağına ümidlərimiz artdı.
Nərminənin başqa şagirdlərdən fərqli cəhəti onun özünə
qarşı inamlı, məqsədinə çatmaq üçün çox çalışqan
olmasıdır. Artıq Tovuz təhsilində 700 bala ilk imza atan
gənc Nərminə Murğuzova oldu. Bizim məktəbin muəllim və
şagird kollektivi onunla fəxr edir".
Nərminə Murğuzova isə söhbət zamanı əldə etdiyi yüksək
nəticəni belə dəyərləndirdi: "Bölgələrdə, xüsusilə kənd
məktəblərində təhsilin aşağı olması fikri ilə razı
deyiləm. Heç kim deməsin ki, kənd məktəbidir, burada
təhsil alanlar yüksək nəticə əldə edə bilməzlər. Bunun
üçün sadəcə çalışmaq, səy göstərmək lazımdır. Lap
uşaqlıqdan hüquqşünas olmağı arzulamışam və düşünürəm
ki, əslində oxuyan üçün şəhər və ya kəndin fərqi yoxdur.
Oxumaq, məqsədinə nail olmaq istəyən, mənə elə gəlir
ki, harada yaşamasından asılı olmayaraq öz arzusuna
çatacaqdır. Elə mənim kimi.
Mənə yüksək savad vermiş müəllmlərimə, doğma məktəbimin
rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. Ən böyük
arzum Bakı Dövlət Universitetinin hüquq fakültəsində
təhsil almaq, tələbəlik illərində, sonradan isə iş
həyatımda yüksək bilik və bacarığımla valideynlərimin,
yaxınlarımın mənə olan etimadını doğrultmaqdır".
Məmmədli
Nərmin Rövşən qızı
1996-cı il sentyabrın 21-də Mingəçevir şəhərində anadan
olmuşdur. Nərmin Mingəçevir şəhəri 3 nömrəli tam orta
məktəbin məzunudur. Orta məktəbdə oxuduğu 11 il ərzində
hər zaman yüksək bilik və bacarığı ilə fərqlənmişdir.
Nümunəvi davranışı, təlim-tərbiyəsi ilə müəllimlərinin
və öz yaşıdlarının hörmətini qazanmışdır. Təhsil aldığı
müddətdə dərs əlaçısı kimi tanınan Nərmin rayon üzrə
keçirilən fənn olimpiadalarında da fəal iştirak edərək
şəhər turunda müvafiq yerlər tutmuşdur. O, ümumi təhsili
xüsusi nailiyyətlərlə başa vurduğuna görə məktəbi qızıl
medalla bitirmişdir.
Hazırda 700 bal toplamağın sevincini yaşayan Nərmin
bizimlə öz təəssüratlarını bölüşdü: "700 bal toplamağı
əvvəlcədən hədəfləmişdim və buna nail oldum.
Valideynlərimə, yaxınlarıma, 11 il təhsil aldığım
Mingəçevir şəhəri 3 nömrəli tam orta məktəbin müəllim
kollektivinə bu sevinci yaşatdığım üçün sevinir və qürur
hissi keçirirəm. Təbii ki, əldə etdiyim yüksək
nailiyyət, eyni zamanda doğma məktəbimin də uğurudur.
Mənim üstümdə əməyi keçən müəllimlərimdən İradə
Sadıqovaya, Rima Məmmədovaya, Tənzilə Heydərxanlıya,
Hilal Qarayevə və digərlərinə, həmçinin bizim yüksək
təlim-tərbiyə almağımız üçün yaradılmış şəraitə görə
məktəbimizin direktoru Tamara Barataşviliyə öz
minnətdarlığımı bildirirəm".
III ixtisas qrupunu seçmiş Nərminin ən böyük arzusu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında təhsil almaqdır. O, tanınmış
bir hüquqşünas olmaq istəyir. Nərmin eyni zamanda
"Arzularımdan biri də ali təhsilimi gələcəkdə xarici
ölkələrin birində davam etdirməkdir. Əgər bu
reallaşarsa, o zaman Amerika və ya İngiltərədə təhsilimi
davam etdirmək istəyirəm", - deyərək özü üçün artıq
indidən planlar qurub.
Hazırladılar: Yusif ƏLİYEV, Samirə KƏRİMOVA |