Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

İnkişaf Konsepsiyası: ümumi təhsilin perspektivləri

 

Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır. 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
 

Müasir Azərbaycanın  sosial,  iqtisadi,  mədəni həyatı durmadan dəyişir, inkişaf edir. Bu  dəyişikliklərin  mahiyyətini  cəmiyyətimizin  gələcək  uğurlarını təmin edən, onun dünya arenasına çıxmasına imkan yaradan islahatyönümlü tədbirlərin həyata keçirilməsi təşkil edir. Bu tədbirlərin içərisində təhsil özünün rol və əhəmiyyətinə görə aparıcı yerlərdən birini tutur. Mütəxəssislər təhsil hadisəsini "mühüm sosial hadisə", "sosial fenomen" kimi dəyərləndirməklə onun cəmiyyətin inkişafındakı əvəzedilməz rolunu xüsusi olaraq vurğulayırlar. Müstəqillik illərində Azərbaycanın bütün ictimai, siyasi və iqtisadi həyatında aparılmış islahatyönümlü tədbirləri ümumiləşdirməklə qiymətləndirən və ölkəmizin yaxın zaman üçün irəliləyişlərini müəyyənləşdirən "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da  təhsilin cəmiyyətin inkişafındakı rolu ayrıca vurğulanır. Göstərilir ki, "son illərdə ölkəmizin  modernləşdirilməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətlə təhsil sahəsində əhəmiyyətli  nailiyyətlərin əldə olunması da bağlıdır". Bu bağlılıq onu bilavasitə bir üstqurum hadisəsi kimi insanların, bütövlükdə cəmiyyətin formalaşması baxımından zəruri edir. 

Ölkəmizin tarixində təhsil özünün sosial-pedaqoji  funksiyasını yerinə yetirməklə həm də zaman-zaman dəyişərək böyük bir inkişaf yolu keçmiş, müasir dövrümüzə qədər gəlib çatmışdır. Müstəqillik dövründə təhsil sahəsində aparılmış islahatlar, onun humanist, demokratik, inteqrativ xarakterinin güclənməsilə nəticələnmişdir. Ən başlıcası müstəqil təhsil siyasətinin formalaşması, təhsilin orijinal məzmununun yaradılması istiqamətində  işlər aparılmışdır. İnkişaf Konsepsiyasında qeyd olunduğu kimi, "Təhsilin məzmunca yeniləşməsinə istiqamətlənmiş islahat tədbirləri görülmüş, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılmışdır". Ümumi təhsil sahəsində dövri olaraq ("Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları" (1999),  "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" (2006), "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" (2010)) bir-birini davam və inkişaf etdirən, yeni mahiyyət və məzmun daşıyan sənədlər hazırlanaraq qəbul edilmişdir. Eyni zamanda, ümumi təhsil fənləri üzrə təhsil proqramları (kurikulumları) hazırlanmışdır. Məzmun standartları, strategiyalar və qiymətləndirmə mexanizmlərindən ibarət olan bu sənədlərdə bilik, bacarıq və vərdişlərə söykənən dəyərlərin, şagird  şəxsiyyətinin  intellektual  xüsusiyyətlərinin, fiziki və mədəni  keyfiyyətlərin  inkişaf  etdirilməsi ön plana çəkilmişdir.

Təhsilin informasiyalaşdırılması da  əldə olunan nailiyyətlərdən  biri hesab edilir. İnkişaf  Konsepsiyasında göstərilir ki, " Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur". Eyni zamanda, "İnzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla 75 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir".

Bütün bunlarla yanaşı, ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının, siniflərin tikilməsi, köhnə məktəblərin təmir olunması sahəsində görülmüş işlər də islahat dövrünün uğurlarından hesab olunur ki, bu işlər İnkişaf Konsepsiyasında da gələcək fəaliyyətin mühüm istiqamətlərindən biri kimi göstərilir: "Məktəbin tikintisi və əsaslı təmiri sahəsində həyata keçirilən işlər davam etdiriləcək, ümumi təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması  istiqamətində xüsusi proqram hazırlanıb həyata keçiriləcəkdir".

Bütün bunlar ölkəmizin ümumi təhsil sahəsində islahatyönümlü tədbirlər olmaqla müstəqillik dövründə təhsil sahəsində həyata keçirilən, qlobal dünyanın tələblərinə uyğun yerinə yetirilən işlər kimi dəyərləndirilə bilər. Lakin nəzərə alınmalıdır ki, cəmiyyət inkişaf edir, ehtiyac və tələbatlar artdıqca ümumi təhsildə quruculuq işləri də qaçılmaz bir zərurət kimi  davam etdirilir. Heç şübhəsiz, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan - 2020: gələcəyə baxış"  İnkişaf  Konsepsiyasının yaranması, orada cəmiyyətimizin bütün sahələri, o cümlədən təhsilin bütün pillələri kimi, ümumi təhsillə bağlı perspektivlərin, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi  bu zərurətdən irəli gəlir.

Azərbaycan məktəbi ötən əsrin sonlarından başlayaraq özünü yeniləşdirmək istiqamətində fəaliyyət göstərir. Addım-addım əldə olunan bu irəliləyişlərdə  yeniliklərlə yanaşı, ənənələrə söykənən fəaliyyətlər də qalmaqda davam edir. Heç şübhəsiz, özünün humanist funksiyası ilə təhsil tariximizdə, eləcə də praktikada özünə yer tutmuş nəzəri-təcrübi yanaşmalar müsbət dəyərlər kimi ənənəyə çevrilərək yaşayır. Eyni zamanda, yeni pedaqoji innovasiyaların əsasını təşkil etməklə onun yaranmasını və inkişafını stimullaşdırır. Ənənə və novatorluq dilemması qarşısında dayanan məktəb haqqında qənaətlərə görə, "Məktəb bu gün iki yolun ayrıcındadır. Bu yolayrıcı əslində iki pedaqoji sistemi, pedaqoji təfəkkür tərzini və ya üslubunu səciyyələndirir. Müasir psixoloji ədəbiyyatlarda birinci sistem "ənənəvi didaktika" və ya "ənənəvi pedaqoji sistem", ikinci isə "yeni pedaqoji təfəkkür", "müasir təhsil konsepsiyası" kimi səciyyələndirilir. Birinci yol hələ də sıravi müəllimlərin təcrübəsində bu və ya digər formada yaşasa da, əslində bir pedaqoji  sistem kimi ömrünü başa vurmuşdur. İkinci yol isə vüsətlə məktəb həyatının bütün sahələrinə nüfuz etməkdədir". (Əlizadə Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: Pedaqogika, 2004; səh.5).

Ənənələrə əsaslanaraq intişar tapan, genişlənən yeniliklər bu gün bütövlükdə təhsil həyatımızı, xüsusən də ümumi təhsil sistemini əhatə etməkdədir. Qlobal dünyanın təhsil məkanında baş verən proseslər bu sistemin daha yeni məzmun alması ilə yanaşı, həm də onun sürətlə yerinə yetirilməsini tələb edir. İnformasiyalı cəmiyyətin formalaşdığı, informatlaşdırma prosesinin geniş miqyas aldığı qlobal zaman çərçivəsində məktəbdə struktur dəyişikliklərinin  aparılması zərurəti yaranır. Elə bu səbəbdən də ölkə miqyasında ümumi təhsilin struktur dəyişiklikləri nəzərdə tutulur. İnkişaf Konsepsiyasında ona xüsusi diqqət yetirilr: "12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək".

Məlum olduğu kimi, dünyanın inkişaf etmiş ölkələrinin təhsil sistemində 12 illik ümumi təhsillə bağlı böyük təcrübə vardır. Həmin ölkələrdə və böyük iqtisadi sosial və mədəni nailiyyətlərin qazanılmasında 12 illik ümumi təhsil təcrübəsinin rolu şübhəsizdir. Bu mənada ölkəmizdə 12 illik ümumi təhsilə keçilməsi barədə fikirlər əhəmiyyətli  müddəalar kimi dəyərləndirilir.

12 illik ümumi təhsilə keçid həm də dünya təhsilində qloballaşmadan irəli gələn unifikasiya prosesinin tələbi kimi başa düşülməlidir. Bu prosesdə dünya ölkələrinin ümumi təhsil sistemində struktur uyğunluğu yaradılmaqla səmərəli əlaqə və mübadilələrin qurulmasına imkan yaranır. Heç şübhəsiz, bu, ümumi təhsilin təşkili, idarə olunması, qarşılıqlı faydalanma istiqamətində fəaliyyətlərin qurulmasını stimullaşdırır.

Müasir zaman özünün bol informasiyalarının fonunda zəngin görünməklə yanaşı, çox sayda texnologiyaları ilə xarakterizə olunur. Bu şərait isə müxtəlif informasiyalar və texnologiyalarla davranmağı bacaran, yüksək intellektə sahib olan insanların formalaşdırılmasını tələb edir. Belə bir tələbin yerinə yetirilməsində ümumtəhsil məktəbi daha böyük bir missiya daşıyır. Məktəbin psixopedaqoji problemlərini araşdıran görkəmli psixoloq alim professor Əbdül Əlizadənin gəldiyi qənaətlərə görə, "XXI yüzillik ağılın, intellektin təntənəsi əsridir. Müstəqillik yoluna çıxmış respublikamızın milli mənafeyi Azərbaycan məktəbinin, ilk növbədə, məhz  ağıl, intellekt ocağı olmasını tələb edir". (Əlizadə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı, Pedaqogika, 2004, səh. 7-8).

Məktəb müasir şəraitdə yalnız informasiya, bilik verməklə öz işini tamamlaya  bilməz. Hazır bilik və bacarıqları öyrənməklə şagirdlər yalnız yaddaşın potensial imkanlarını genişləndirmiş olurlar. Əslində isə cəmiyyət axtarışlar aparmağı, yaradıcı fəaliyyət göstərməyi bacaran insanlar kimi onları qarşılamaqla özünün tələblərini irəli sürür. Bunun üçün ümumtəhsil məktəblərində şagirdlərin intellektual səviyyəsini, yaradıcılıq qabiliyyətini inkişaf etdirmək prioritet məsələ kimi qarşıya qoyulur. İnkişaf  Konsepsiyasında da bu məsələ ümumi təhsilin mühüm inkişaf istiqamətlərindən biri kimi nəzərdə tutulur. Göstərilir ki, "Şagirdlərin fəallığını, ümumi inkişafı ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçidin təmin olunması məqsədilə sistemli tədbirlər həyata keçiriləcəkdir".

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu mühüm vəzifənin həyata keçirilməsi üçün islahat dövründə hazırlıq işləri aparılmış, müvafiq hüquqi baza yaradılmışdır. İlkin olaraq "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda ümumi təhsilin bu baxımdan rolu və funksiyası müəyyən olunmuşdur: "Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyənlənməsinə, onlarda sağlam həyat tərzinin və sivil dəyərlərə əsaslanan vətəndaş  təfəkkürünün  formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır". ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı,  2009,  səh 27). Eyni zamanda, ümumi təhsilin məzmununa qoyulan tələblərdə də bilavasitə bu məsələ diqqət mərkəzində saxlanılmış, təhsilalanların hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi həyata hazırlanmasının zəruriliyi mühüm tələb kimi belə müəyyən olunmuşdur: "Ümumi təhsilin məzmunu təhsilalanların yaş, fizioloji, psixoloji xüsusiyyətləri nəzərə  alınmaqla, onların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, əqli, fiziki, mənəvi, estetik inkişafını, müstəqil əmək və təhsil həyatına hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir" (Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları), "Kurikulum" jurnalı, 2010, № 3).

Eləcə də hər bir fənn üzrə təhsil proqramları (kurikulumları) hazırlanarkən, birinci növbədə,  onların  mahiyyət  etibarı ilə şəxsiyyətyönümlü və şagirdyönümlü xarakter daşıması bu məsələnin məqsəd və vəzifələrdə, eləcə də məzmunda (standartlarda) və strategiyalarda (texnologiyalarda) öz əksini tapması vacib tələb kimi gözlənilmişdir. Standartlarda şagirdlər üçün müəyyən olunmuş idraki (koqnitiv), hissi və psixomotor keyfiyyətlər ifadə edilmişdir. Bu standartlar hər hansı təhsil pilləsi və səviyyəsinə aid olmaqla şagirdlərin ümumi inkişafını izləməyə və dəyərləndirməyə imkan verir. Standartlarda şagirdlərin öyrənmək, müşahidələr aparmaq, ümumiləşdirmək, sistemə salmaq, qruplaşdırmaq, analiz-sintez etmək, təqdimatlar hazırlamaqla özünün və təmsil etdiyi qrupun fəaliyyətini nümayiş etdirmək, yaradıcı fəaliyyət göstərmək və nəticələri  ümumiləşdirmək kimi təfəkkür fəaliyyətinə söykənən intellektual keyfiyyətlər ifadə edilir.

İnkişaf Konsepsiyasından irəli gələn vəzifə kimi, məktəbin struktur dəyişikliklərinə aid tədbirlərin həyata keçirilməsi faydalı hesab edilir. Bu zaman inteqrasiya prinsipinə istinad olunmaqla fənlərin nəzərdən keçirilməsi, xüsusən icbari təhsil səviyyələrində müvafiq fənlərin (Azərbaycan dili, ədəbiyyat; kimya, fizika, biologiya və s.) birləşdirilməsinə və bunların əsasında inteqrativ məzmunun yaradılmasına yönəlmiş tədbirlər həyata keçirilə bilər.

Düşüncə və təfəkkür məktəbinə keçidin təmin olunmasının bir mühüm şərti də intellekt dərsliklərinin yaradılmasıdır. Şagirdləri düşünməyə, axtarmağa şövq edən belə dərsliklərin nəzəri və praktik cəhətdən reallaşdırılması üçün bu sahədə dünyada mövcud olan təcrübənin öyrənilməsi ilə yanaşı, ölkəmizdə bu problemin həll  olunması  məqsədilə  psixopedaqoji, fənlərin tədrisi metodikası üzrə araşdırmalar aparılmalı, intellektual dərslik nümunələrinin hazırlanaraq eksperimentdən keçirilməsi və ölkəmizin məktəblərində istifadə olunmasına dair həlledici addımlar atılmalıdır. Belə dərsliklə işləmək üçün  müəllimlərə kömək məqsədilə müvafiq tövsiyələrin yazılması, eləcə də müəllim hazırlığında həmin işlərin nəzərə alınması bu istiqamətdə yerinə yetirilən tədbirlərdən biri kimi dəyərləndirilə bilər.

Bu gün hələ də qalmaqda olan məktəbin muxtariyyəti məsələsinin həll edilməsi,  onun  iqtisadi,  nəzarət işlərində müstəqilliyinin təmin olunması düşüncə məktəbinin yaradılması prosesini sürətləndirə bilən vasitələrdən biri hesab edilir. Məktəblərin şagirdbaşına maliyyələşdirilməsi onun daha keyfiyyətli işləmək imkanlarını genişləndirməklə rentabelliliyinə təsir göstərə bilər.

Düşüncə məktəbinin yaradılması onun təlim, dərs sisteminin də yenidən qurulmasını tələb edir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu, məktəb islahatlarının ən çox əhəmiyyət daşıyan və öyrənmə işinin nüvəsini təşkil edən bir problemdir. Yaxşı haldır ki, son dövrlərdə dərs, onun mahiyyəti, məzmunu, quruluşu və sair məsələlərlə bağlı çoxlu məqalələr yazılır, nümunələr hazırlanaraq çap olunur. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu yazılar epizodik xarakter daşımaqla, daha çox subyektiv mülahizələrə söykənir. Ciddi nəzəri-pedaqoji araşdırmalara əsaslanmır. Ən başlıcası isə ondan ibarətdir ki, inzibati amirlik dövründən qalan dərsin standartlaşması tendensiyası hələ də davam etməkdədir.

Dərs strateji bir vasitədir, texnologiyadır. Eyni zamanda, yaradıcı xarakterə malik olan bir öyrənmə prosesidir. Bu gün şagirdləri öyrənməyə cəlb edən hər bir dərs o zaman intellektual imkanları ilə əhəmiyyət kəsb edəcəkdir ki, demokratik prinsiplərlə qurulacaq, qeyri-standart xarakter daşıyacaqdır.

İlkin araşdırmalara əsasən onu demək mümkündür ki, inteqrativ xarakter daşıyan intellektual dərslərin müddəti, vaxt, zaman ölçüləri onun mühüm parametrlərindən biridir. Bu mənada hazırkı bir akademik saat çərçivəsində  reallaşdırılan  dərslərin müddətinə yenidən baxmaq təlim prosesinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlərdən sayıla bilər.

Bu gün ən mühüm problemlərdən  biri də müəllim və şagirdlər üçün tədris və təlim resurslarının az olmasıdır. Düşüncə məktəbinin yaradılmasında müəllim və şagirdlərin yaradıcı fəaliyyətinin təmin olunması vacib tələblərdəndir.Fikrimizcə, təhsil prosesində standartların tələbinə uyğun  müxtəlif resursların çox olması istifadəçiləri seçim qarşısında qoymaqla onları düşünməyə, istifadə edəcəkləri materiallara yaradıcı yanaşmağa təşviq edər. Bu, təhsilin demokratik xarakterindən irəli gələn bir cəhət kimi özünü göstərməklə müəllim və şagirdlərin yaradıcılıq imkanlarını genişləndirər, onların daha səmərəli fəaliyyətinə şərait yaradar. Bütün bunlar isə ölkədə təhsil üzrə resurs mərkəzinin yaradılmasına ehtiyacın olduğunu göstərir.

İnkişaf Konsepsiyasında ümumi təhsilin perspektivləri ilə bağlı mühüm məsələlərdən biri onun təmayüllər üzrə qurulmasıdır. Sənəddə göstərilir ki, "Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaq, istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramlar yaradılacaqdır".

İstedadlı uşaqlarla iş Azərbaycanda ümumdövlət əhəmiyyətli problemdir. Müstəqil Azərbaycanın  Konstitusiyası hazırlanarkən ona ölkənin təhsil siyasətinin aparıcı istiqamətlərindən biri kimi xüsusi dəyər verilmiş, bu barədə belə bir müddəa qəbul olunmuşdur: "Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir" (Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, Qanun, 2005, səh.15). Həmin siyasət "Təhsil haqqında" Qanunda da inkişaf etdirilərək konkretləşdirilmişdir: "Dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır" ("Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Bakı, "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2009, səh. 13). Bu müddəalar təhsilin bütün pillələrinə, o cümlədən də ümumi təhsilə aid olmaqla hər bir istedadlı şəxsin inkişaf etməsinin hüquqi təminatçısı kimi çıxış edir.

Təbii olaraq bu hüquqi baza əsasında istedadlılarla iş respublikamızın təhsil siyasətinin aparıcı istiqamətlərindən biri kimi öz ifadəsini ölkə miqyasında qəbul olunmuş  İnkişaf  Konsepsiyasında  da tapmışdır. Bu problemin həll olunmasında təhsilin infrastrukturunun dəyişilməsi, xüsusən icbari təhsildən sonra ümumi təhsilin təmayüllər üzrə qurulması vacib məqamlardandır. Bu məsələ hazırda "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)", "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"  sənədlərində yer  tutmaqdadır. Əslində bu dəyişiklik ümumi təhsilin bütün təlim, tərbiyə, eləcə də idarəetmə mexanizmlərinin yenidən qurulması ilə reallaşdırılacaqdır. Bu zaman ümumi təhsilin səviyyələri üzrə maddi-texniki və eləcə də tədris bazasının nəzərdə tutulmuş təhsil siyasətinə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılacaqdır. Heç şübhəsiz, ümumi təhsilin infrastruktur dəyişikliyi həm də analoji olaraq kadr potensialının möhkəmləndirilməsi və ondan istifadə edilməsi prosesi ilə birgə həyata keçiriləcəkdir. Ona görə də ilkin mərhələdə ümumi təhsilin infrastruktur dəyişikliklərinin xəritəsini hazırlamaq, onun planlı və sistemli olaraq həyata keçirilməsinin mühüm şərtlərindən biri kimi faydalı hesab edilir.

Cəmiyyətimiz inkişaf edir. Hamı üçün bərabər təhsil şəraitinin yaradılması ümumi təhsil siyasətinin mühüm parametrlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Çünki hər zaman olduğu kimi, bu gün də cəmiyyət insanların sağlamlıq imkanlarının müxtəlifliyi baxımından özünəməxsusluğu ilə diqqəti cəlb edir. Humanist və demokratik prinsiplər bilavasitə təhsildə bu vəziyyətin nəzərə alınmasını, vəziyyətindən asılı olmayaraq bütün uşaqların ictimai mühitə adaptasiya olunmaqla sosiallaşmasını zəruri tələb kimi qarşıya qoyur. İnkişaf Konsepsiyasında "Eyni zamanda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramları tətbiq ediləcəkdir" müddəasının  qəbul olunması da məhz bu tələblərdən irəli gəlməklə ümumi təhsilin perspektiv istiqamətlərindən birini təşkil edir.

Qlobal dünyanın mühüm problemlərindən biri də məlumatları müxtəlif bloklarda, mənbələrdə ümumiləşdirməklə informatlaşma prosesini həyata keçirməkdən ibarətdir. Bu, informasiyaların çoxaldığı və inkişafın sürətləndiyi hazırkı dövrdə son dərəcə vacib olan tələblərdən biri hesab edilir. Xüsusilə təhsildə informasiyaların çevik və mütəhərrik xarakterdə olması onun elektron təhsil texnologiyalarından istifadə edilməklə nisbətən qeyri-stabil formada təqdim olunmasını zəruri tələb kimi qarşıya qoyur. Artıq bu məsələ ilə bağlı respublikamızda müəyyən addımlar atılmış, bəzi fənlər üzrə elektron tədris vəsaitlərinə dair nümunələr hazırlanmışdır. Bu işlər, heç şübhəsiz, gələcəkdə də davam etdiriləcəkdir. İnkişaf  Konsepsiyasında qeyd olunduğu kimi, "Elektron təhsil texnologiyalarının tətbiqi əhəmiyyətli şəkildə genişləndiriləcəkdir". İstər təlim, istər tədris, istər idarəetmə, istərsə də qiymətləndirmə üzrə elektron təhsil texnologiyalarının hazırlanması sahəsində tədbirlər həyata keçiriləcəkdir.

Biz bu məqalədə "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn vəzifə kimi ümumi təhsilin perspektivlərinə dair bəzi məqamlardan  söhbət açdıq. Bu mülahizələri genişləndirmək də olardı. Lakin əsas vəzifə bu problemləri aydınlığı ilə dərk etməkdən və onların həyata keçirilməsi istiqamətində qətiyyətlə addımlamaqdan ibarətdir.  

Abdulla MEHRABOV,
Təhsil Problemləri İnstitutunun direktoru, professor, əməkdar müəllim,

Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini, dosent, əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov