Azərbaycan Dillər Universitetində tələbələr üçün yay
semestri təşkil olunmuşdur. Belə ki, rektor, professor
Səməd Seyidov Azərbaycan Dillər Universitetində
2012-2013-cü tədris ilinin yay semestrinin təşkili və
idarə olunması haqqında müvafiq əmr imzalamışdır.
İyulun 8-dən etibarən fəaliyyətə başlayan yay
semestrində tələbələr təhsil aldıqları müddətdə
kəsildikləri fənlərdən imtahan verərək tədris illərini
zamanında bitirmək imkanı əldə edirlər. Yay semestrinin
rəhbəri Sevinc Seyidovanın verdiyi məlumata əsasən,
dərslər ümumilikdə 32 fənn üzrə aparılır. Fənləri tədris
etmək üçün universitetin 28 nəfər peşəkar müəllimi yay
semestrinə cəlb olunub. Yay semestri qısa vaxt
çərçivəsində tələbələrə maksimal dərəcədə bilik vermək
və imtahanlardan uğurla keçmək üçün onları yüksək
səviyyəli dərs proqramı ilə təmin etmək məqsədi daşıyır.
Ümumilikdə 328 nəfər tələbənin iştirak etdiyi yay
semestrinin artıq bir həftəsi geridə qalıb. Prosesin
gərgin olmasına baxmayaraq, tələbə və müəllimlərin dərsə
davamiyyəti qənaətbəxşdir.
Yay semestrində universitetin regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsi üzrə 154, pedaqoji
fakültə üzrə 85, filologiya və jurnalistika fakültəsi
üzrə 79 və tərcümə fakültəsi üzrə isə 10 nəfər tələbə
təhsil alacaq.
Qeyd edək ki, yay semestrinin fəaliyətə başlamasından
öncə rəhbərlik kəsiri olan tələbələrlə yay məktəbindən
nə gözlədikləri, kəsirin yaranma səbəbləri haqqında
sorğu keçirib. Sonra sorğunun nəticələrinə əsasən
müəllimlərlə müzakirələr aparılmış və proses nəticələrə
uyğun olaraq formalaşdırılmışdır.
Şakir CƏFƏROV |