Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən
Heydər Əliyev Universitetinin "Tərəqqi və yüksəlişin
başlanğıc günü" mövzusunda 172-ci məşğələsi
keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin
Azərbaycanda hakimiyyətə ilk dəfə gəlməsinin 44 illiyi
münasibəti ilə keçirilən məşğələni giriş sözü ilə
universitetin rektoru, biologiya elmləri doktoru,
professor Saleh Məhərrəmov açaraq vurğulamışdır ki, 44
il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumunda
Heydər Əlirza oğlu Əliyevin respublikanın rəhbəri
seçilməsi ilə Azərbaycanın inkişafında böyük dönüş və
tərəqqi başlanmış, sənaye və kənd təsərrüfatı, milli elm
və təhsil, səhiyyə inkişaf etmişdir. 1993-cü ildə xalqın
təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn
Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin
qorunmasında, sosial-iqtisadi, hərbi, siyasi
tərəqqisində misilsiz rol oynamışdır. Rektor
bildirmişdir ki, Heydər Əliyevin uzaqgörən və müdrik
siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan xalqı, ziyalı
gənclik bu siyasəti qətiyyətlə dəstəkləyir.
Universitetin ümumi tarix kafedrasının müdiri, tarix
üzrə fəlsəfə doktoru, dosent İlqar Kəngərli mövzu ilə
bağlı məruzə etmişdir. Məruzədə qeyd olunmuşdur ki,
Azərbaycan dövlətçiliyi ideyasının totalitar sovet
rejimi dövründə yaşaması və sonradan yenidən
reallaşdırılması dünyaşöhrətli siyasətçi Heydər Əliyevin
adı ilə bağlıdır. Hələ sovetlər dövründə milli
tariximizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin
yaşadılması, yerli infrastrukturun inkişafı, milli
intellekt bazasının formalaşmasında bu dahi şəxsiyyətin
müstəsna xidmətləri olmuşdur. Məruzəçi müstəqil
Azərbaycanın xilaskarı və qurucusu, Azərbaycan
diasporunun yaradıcısı, sülhun və ədalətin müdafiəçisi
Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyi
dövrünü müstəqilliyin xilas edilməsi, müstəqil
dövlətçiliyin qorunub saxlanılması və əsasının
qoyulması, Azərbaycanın dövlət quruculuğunun
dönməzliyinin təmin edilməsi və möhkəmləndirilməsi kimi
mərhələlərlə xarakterizə edərək onun demokratik və
hüquqi dövlət quruculuğu, uğurlu daxili və xarici
siyasətin müəyyənləşdirilməsi, milli ideologiyanın
yaşadılması və təbliği istiqamətində gördüyü işlərdən
bəhs etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan
Respublikasının bugünkü hərtərəfli inkişafının əsası
ümummilli lider tərəfindən qoyulmuş, Azərbaycan
Respublikasının Prezidenti, ulu öndərimizin layiqli
davamçısı İlham Əliyev Azərbaycanın daha da tərəqqi
etməsi, qüdrətli və zəngin bir dövlətə çevrilməsi
istiqamətində bu siyasəti uğurla davam etdirməkdədir.
Məşğələ diskussiya şəklində başa çatmışdır.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |