İyulun
13-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
(MDU) Bakı filialında növbəti məzun buraxılışına həsr
olunmuş təntənəli mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, mərasimdə Rusiyanın ölkəmizdəki
səfiri Vladimir Doroxin, M.V.Lomonosov adına MDU-nun
təmsilçiləri, Azərbaycan Milli Elmlər Akademiyasının
nümayəndələri, nazirlər, ali məktəblərin rektorları,
deputatlar, valideynlər iştirak etmişlər.
Tədbirdə Moskva Dövlət Universitetinin Bakı filialının
rektoru, professor Nərgiz PAŞAYEVA mərasim
iştirakçılarını salamlayaraq demişdir ki, bu gün MDU-nun
Bakı filialının həyatında əlamətdar gündür. Biz
universitetimizlə fəxr edirik. Bu ali məktəb
dövlətlərarası münasibətlərin möhkəmlənməsinə, humanitar
məqsədlərə, hər iki ölkənin vətəndaş cəmiyyətinin
yaxınlaşmasına xidmət etmişdir və bundan sonra da bu
fəaliyyətini davam etdirəcəkdir. Bütün ən yaxşı ali
məktəblər kimi Moskva Dövlət Universitetinin Bakı
filialı da gəncləri ən gözəl ideallar - humanizm,
insanpərvərlik, azadlıq ruhunda tərbiyə edir.
Professor demişdir ki, Moskva Dövlət Universiteti həmişə
bizim flaqmanımız, bütün istiqamətlərdə bələdçimiz
olmuşdur. Bu nüfuzlu ali məktəbin müəllimlərinin nəcib
və misilsiz əməyi, böyük qayğısı sayəsində biz belə
yüksək nəticələrə nail ola bilmişik. Bizim üçün
gördükləri nəcib işlərə görə onlara ən dərin
təşəkkürümüzü bildiririk.
Nərgiz Paşayeva M.V.Lomonosov adına MDU-nun rektoru,
akademik Viktor Sadovniçiyə xüsusi minnətdarlığını ifadə
etmiş, Bakı filialına, buradakı hər kəsə, hər bir
tələbəyə onun xeyirxah, səmimi münasibət göstərdiyini
vurğulamışdır.
İnsanların daim daha yaxşı yaşamağa can atdıqlarını qeyd
edən professor N.Paşayeva bildirmişdir ki, bu məqsədlərə
çatmaq üçün müxtəlif yollar vardır. Əminəm ki,
universitet bu yollardan biridir. Universitetdə təhsil
alanlar xoşbəxt cəmiyyət qurmağa qadir insanlardır.
Cəmiyyətin xoşbəxtliyi və rifahı heç də iqtisadi təmələ
söykənmir. O, insan təməli üzərində qurulmuşdur. Bu
təməl nə qədər sağlam və möhkəm olarsa, cəmiyyət və
bütövlükdə dövlət də o qədər möhkəm və sağlam olar.
Ali məktəbin məzunlarını təbrik edən rektor onlara
həyatda böyük uğurlar arzulamış, çətinlikdən qorxmamağı,
mətin, dözümlü olmağı tövsiyə etmişdir.
Alim bildirmişdir ki, bu il ölkənin tarixində ilk dəfə
olaraq M.V.Lomonosov adına MDU-nun Bakı filialında
peşəkar psixoloqlar həyata vəsiqə alırlar. Əminəm ki,
onlar ölkənin həyatında layiqli və lazımlı mütəxəssislər
kimi yer tutacaqlar.
Sonra Nərgiz Paşayeva valideynlərə minnətdarlığını
bildirmişdir.
M.V.Lomonosov
adına MDU-nun psixologiya fakültəsinin dekanı, Rusiya
Psixologiya Cəmiyyətinin prezidenti, Rusiya Təhsil
Akademiyasının müxbir üzvü Yuri Zinçenko MDU-nun
rektoru, akademik Viktor Sadovniçinin təbrik məktubunu
oxumuşdur.
Y.Zinçenko professor Nərgiz Paşayevaya Rusiya
Psixologiya Cəmiyyətinin diplomunu təqdim etmişdir.
Sonra N.Paşayeva, AMEA-nın prezidenti, akademik Akif
Əlizadə, səfir V.Doroxin, MDU-nun professorları
Y.Zinçenko, Vladimir Zlomanov, Yuri Sadovniçi məzunlara
diplomları təqdim etmişlər. Onlar MDU-nun diplomunu
aldıqlarına görə məzunları təbrik etmiş, böyük uğurlar,
təhsil illərində qazandıqları bilikləri həyatda tətbiq
etməyi arzulamışlar.
Vurğulanmışdır ki, Moskva Dövlət Universiteti təkcə
Azərbaycanda və Rusiyada deyil, bütün dünyada tanınan və
dəyərləndirilən nüfuzlu ali məktəbdir. Belə mötəbər bir
ali məktəbin Bakı filialının məzunu adını daşımaq
şərəfli olmaqla yanaşı, həm də məsuliyyətlidir. Ona görə
də bu ali məktəbin məzunu adını daim uca tutmaq
lazımdır.
Natiqlər məzunlara Rusiya ilə Azərbaycan arasında
dostluğun daha da möhkəmlənməsi üçün səylərini
əsirgəməməyi tövsiyə etmişlər.
Bildirilmişdir ki, bu gün müstəqil həyata qədəm qoyan
məzunları qarşıda çətinliklər, sınaqlar, qələbələr,
sevinclər və uğurlar gözləyir. Bu gənclər müstəqil
qərarlar qəbul etməyə, çalışmağa, yeni uğurlar
qazanmağa, mürəkkəb həyat pillələrində qəti addımlar
atmağa hazır olmalıdırlar. Çünki bu ali məktəbdə çətin
təhsil illəri bunu onlara öyrətmişdir.
Məzunlar çıxış edərək mərasim iştirakçılarına,
müəllimlərə və valideynlərinə minnətdarlıqlarını
bildirmişlər. Onlar Vətənə layiqli övladlar
olacaqlarına, doğma universiteti, əziz müəllimlərini
unutmayacaqlarına söz vermişlər.
Diplom alanlar məzun andı içmişlər.
Təntənəli mərasim maraqlı konsert proqramı ilə başa
çatmışdır.
AzərTAc |