Azərbaycan Respublikası təhsil nazirinin "2013-2014-cü
tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi
barədə" əmrinə uyğun olaraq, iyulun 1-dən elektron
ərizələrin qəbuluna başlanılmışdır. İyulun 15-də ümumi
təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant
yerlərə müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin
mərhələsi - elektron ərizələrin qəbulu başa çatmışdır.
İyulun 16-da Azərbaycan Dövlət İqtisad Universitetində
jurnalistlər üçün keçirilmiş mətbuat konfransı da məhz
bu prosesin nəticələrinə, bütövlükdə müəllimlərin işə
qəbulu ilə bağlı 2013-2014-cü tədris ilində tətbiq
olunacaq yeniliklərə həsr olunmuşdu.
Tədbiri Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri
Fərzəli Qədirov açaraq jurnalistlərə məlumat vermişdir
ki, iyulun 1-dən 15-dək davam etmiş ilkin mərhələdə
ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrindəki 3286 vakant yerə 18782 nəfərin ərizəsi
qəbul olunmuşdur.
Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu
üzrə vakant yerlərin sayı 3270, müraciətlərin sayı isə
16195 olmuşdur.
Qeyd edilmişdir ki, bu il iddiaçılar arasında ibtidai
sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və
riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çoxdur.
Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə bir ibtidai
sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə
alınmışdır.
İşə qəbul üzrə qeydiyyatdan keçmiş ərizələrin
təsdiqlənməsi prosesinin 16-20 iyul 2013-cü il
tarixlərində həyata keçirilməsi nəzərdə tutulmuşdur.
21-23 iyul tarixlərində imtahan qrupları
formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının şəxsi
səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat
göndəriləcəkdir.
Test imtahanları Azərbaycan Dövlət İqtisad
Universitetinin əsas korpusunda keçiriləcəkdir.
Universitetdə lokal şəbəkə qurulmuş və serverə
qoşulmuşdur. 2 imtahan otağında 240 kompüter
yerləşdirilmiş, mühafizə və təhlükəsizlik təmin
edilmişdir.
Müsabiqənin digər mərhələsi olan müəllimlərin işə qəbulu
üzrə test imtahanları 25 iyul - 7 avqust tarixlərində
hər gün ( bazar günlərindən başqa) saat 9:00-dan
18:00-dək keçiriləcəkdir. Hər qrup üzrə imtahana bir
saat vaxt ayrılacaqdır.
12-16 avqust tarixlərində isə test imtahanlarında
uğurlu nəticə göstərmiş namizədlər üçün müsabiqənin
sonuncu mərhələsi olan müsahibə təşkil olunacaqdır.
İldən-ilə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə
marağın artdığını söyləyən Təhsil Nazirliyinin şöbə
müdiri Fərzəli Qədirov müsabiqədə bu il tətbiq olunacaq
bir sıra yeniliklərə də toxunmuşdur. Bildirilmişdir ki,
gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi
təhsil müəssisələrinə işə cəlb olunması üçün
həvəsləndirmə tədbirləri tətbiq olunan vakant müəllim
yerlərinin sayı bu il 2500-dən çoxdur. Əvvəlki illərdə
yalnız 800 vakant yerə həvəsləndirmə tədbirləri tətbiq
olunmuşdur.
Fərzəli Qədirov 2013-2014-cü tədris ilində ümumi təhsil
və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant
yerlərə işə qəbulla bağlı müsabiqənin test
imtahanlarında uğurla iştirak etmiş namizədlər üçün
müsahibənin də əvvəlki illərdən fərqli şəkildə təşkil
ediləcəyini söyləmişdir. Qeyd edilmişdir ki, müsahibə
üçün xüsusi proqram tərtib olunmuşdur. Müsahibə zamanı
namizədlərin dünyagörüşü, nitqi, tibbi-psixoloji durumu,
bu peşəyə nə dərəcədə yararlı olması barədə məlumatlar
əldə ediləcəkdir.
Bu ildən başlayaraq işə qəbul olunmaq istəyənlər üçün
vakant yerlərin 2 dəfə elan olunmasının nəzərdə
tutulması da növbəti yeniliklərdən biridir. Bu zaman
keçid balını toplamış, lakin işə qəbul olunmamış
müsabiqə iştirakçısı olan şəxslərə yenidən imkan
yaradılacaq ki, onlar elektron ərizə ilə müraciət edərək
sonda seçdikləri təhsil müəssisələrinin birində müəllim
kimi fəaliyyət göstərmək üçün özlərini bir daha
sınasınlar.
Təhsil Nazirliyinin şöbə müdiri avqustun 15-nə kimi
vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı
prosesin yekunlaşacağını və müsabiqənin yekun
nəticələrinə əsasən işə qəbul edilən müəllimlər
müəyyənləşdirildikdən sonra onların siyahısının
aidiyyəti üzrə təhsili idarəetmə orqanlarına
göndəriləcəyini qeyd etmişdir.
Sonda Fərzəli Qədirov jurnalisləri maraqlandıran
sualları cavablandırmışdır.
Samirə KƏRİMOVA |