Bu yaxınlarda Bolqarıstanın Varna şəhərində uşaqlar
arasında keçirilən "Golden Sparkles European Music"
festivalı başa çatmışdır. Bu mötəbər festivalda ölkəmizi
5 yaşlı Selcan Müseyibova təmsil etmişdir. O, müsabiqədə
Məryəm Əlibəylinin "Oxuyaq nəğmələri" mahnısını ifa
edib. Balaca ifaçının canlı ifası ilə bərabər, səhnədəki
sərbəstliyi avropalıları heyran qoymuşdur.
Bolqarıstan, İtaliya, Almaniya, Rusiya, Ukrayna və digər
ölkələrdən çox istedadlı və səhnə təcrübəsi olan
uşaqların iştirak etdikləri müsabiqədə bütün
iştirakçılardan yaşca kiçik olan təmsilçimiz səhnədəki
çıxışı ilə həm münsiflərin, həm də tamaşaçıların
rəğbətini qazanmışdır.
Festivalda öz uğurlu çıxışı ilə digər iştirakçılardan
fərqlənən Selcan Müseyibova 2 diplomla Vətənə dönmüşdür.
Belə ki, o, "Ən yaxşı hit" və "Ən yaxşı perspektivli
ifaçı kimi" nominasiyaları üzrə festivalın diplomlarına
layiq görülmüşdür. Bundan əlavə, azyaşlı ifaçı Avropanın
digər ölkələrində keçiriləcək festivalların
təşkilatçılarından təkliflər də almışdır.
Samirə KƏRİMOVA |