Koreyanın
Hankuk Universitetinin tələbələri arasında inşa
müsabiqəsi keçirilmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90
illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində
ölkəmizin Koreya Respublikasındakı səfirliyi və paytaxt
Seul şəhərində yerləşən Hankuk Universitetinin birgə
təşkilatçılığı ilə tələbələr arasında "Azərbaycan
Respublikasının xarici siyasət strategiyasının
formalaşmasında Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin rolu" mövzusunda inşa müsabiqəsi
keçirilmişdir.
İnşa yarışında universitetin 30-dan çox tələbəsi
iştirak edərək, Azərbaycanın xarici siyasət
strategiyasının formalaşması, qısa müddət ərzində
beynəlxalq aləmdə tanınan nüfuzlu dövlətə çevrilməsi,
ölkənin enerji siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, Azərbaycanın hazırda
Cənubi Qafqaz regionunda aparıcı ölkəyə çevrilməsi,
həmçinin beynəlxalq miqyaslı məsələlərdə söz sahibi
olmasında ümummilli lider Heydər Əliyevin rolu barədə
fikirlərini bölüşmüşlər.
İnşa yarışında qalib olan üç tələbənin mükafatlandırma
mərasimində çıxış edən Hankuk Universitetinin
vitse-prezidenti Çonq Kyon Van Azərbaycanın Koreyada
tanıdılmasının əhəmiyyətini vurğulayaraq, tələbələr
arasında keçirilən müsabiqənin rolundan danışmışdır.
Azərbaycanın Koreyadakı səfirliyinin müvəqqəti işlər
vəkili R.Teymurov ümummilli lider Heydər Əliyevin
həyatı, siyasi fəaliyyəti və müasir Azərbaycanın xarici
siyasətinin formalaşmasındakı əhəmiyyətli rolu barədə
danışmışdır.
Müsabiqədə ikinci və üçüncü yerlərə layiq görülmüş
tələbələrə pul mükafatları təqdim olunmuş, birinci yeri
tutmuş inşanın müəllifi, universitetin türk və
Azərbaycan dili kafedrasının magistri Bonk Cu Kim isə
bir həftə müddətinə Azərbaycana səfər etmək şansı
qazanmışdır. Onun Azərbaycana səfəri Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi Assosiasiyasının - SEBA-nın
dəstəyi ilə həyata keçiriləcəkdir.
AzərTAc |