Kürdəmir rayonunda ümumtəhsil məktəblərinin
maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində
tədbirlər davam etdirilir.
Rayon təhsil şöbəsinin müdiri Tacəddin Novruzovdan
aldığımız məlumata görə, hazırda 4 kənddə yeni tədris
ocağının inşasında son tamamlama işləri aparılır. Belə
ki, 640 şagird yerlik Sığırlı, 360 şagird yerlik
Z.Əhmədov adına Şilyan, 280 yerlik Cəyli və 220 yerlik
Köhünlü kənd tam orta məktəbləri üçün yeni binaların
inşası artıq başa çatdırılmaq üzrədir. Təzə binaların
qarşıdakı dərs ilində istifadəyə verilməsi nəzərdə
tutulmuşdur.
Kənd məktəbləri üçün yeni tədris ocaqları dövlət vəsaiti
hesabına tikilir. Onların hər birində tədrisin yüksək
səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq.
Binaların dördü də istilik sistemləri ilə təchiz
ediləcəkdir.
***
Şəmkir Rayon Təhsil Şöbəsindən verilən məlumata görə,
hər il rayonda 4-5 yeni məktəb binası inşa olunaraq
istifadəyə verilir. Hazırda da rayonun dörd kəndində
yeni məktəb binaları tikilir. Bunlar Sabirkənd
kəndindəki 960, Zəyəm qəsəbəsindəki 480, Seyfəli və
Qasım İsmayılov kəndlərindəki hər biri 360 şagird
yerlik yeni məktəb binalarıdır. Onların dördünün də yeni
dərs ilində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Y.ƏLİYEV |