"Mən Azərbaycanlıyam" onlayn bilik yarışmasında 13 min
645 iştirakçı qeydə alınmışdır və onların sayı sürətlə
artır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
(RİTN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
"Mən Azərbaycanlıyam" onlayn bilik yarışması ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illik
yubileyinə həsr olunmuşdur. Yarışma nazirlik tərəfindən
"İnformasiya-kommunikasiya texnologiyaları ili"
çərçivəsində bu ilin iyunun 1-dən İnternet məkanda
təşkil olunmuşdur.
Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu
sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik
hisslərinin yüksəldilməsidir.
Yarışmada www.azerbaycanliyam.az veb-saytı və Facebook
səhifəsi vasitəsilə iştirak etmək mümkündür.
Superfinalın qalibi "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" ilə müəyyən olunan universitetin magistr
pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə onun üçün
İKT ixtisası üzrə RİTN-də yaradılmış İKT-nin İnkişafı
Naminə İnsan Resursları Fondu tərəfindən təhsil haqqı
ödənilə bilər.
Superfinal 2013-cü il dekabr ayının birinci həftəsində
keçiriləcək və bütün iştirakçılar Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən elan edilən məkanda
toplanaraq öz aralarında yarışmaqla 3 qalibi
müəyyənləşdirəcəklər. |