Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Respublika şahmat turnirinə yekun vurulmuşdur

 

Bu günlərdə Oğuz Olimpiya İdman Kompleksində məktəblilər arasında Silahlı Qüvvələr Gününə həsr olunmuş Respublika şahmat turniri start götürmüşdür.

Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin Oğuz Rayon Təhsil Şöbəsi ilə birgə keçirdiyi turnirin açılış mərasimində mərkəzin direktoru Cəfər Hümbətov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Olimpiya Komitəsinin məsul işçisi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev və digər qonaqlar iştirak etmişlər.

Turnirin açılış mərasimində "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov çıxış edərək ölkəmizdə idmanın bütün növlərinə diqqət və qayğıdan danışmış, şahmata göstərilən dövlət qayğısını xüsusi qeyd etmişdir.  Bildirilmişdir ki,  artıq azərbaycanlı şagirdlər şahmatı bir fənn kimi öyrənirlər. Beynəlxalq Şahmat Federasiyası ilə Təhsil Nazirliyi arasında "Məktəbdə şahmat" adlı müqavilə imzalanmışdır. Bu razılaşmaya əsasən, dünya təcrübəsini nəzərə alaraq, ümumtəhsil məktəblərinin ibtidai siniflərində şahmatın bir fənn kimi tədris olunması məqsədəuyğun hesab edilmişdir. Belə ki, 2011-ci ilin yanvar ayından respublikamızın bütün şəhər və rayonlarının pilot məktəblərində 2-ci və 3-cü sinif şagirdləri üçün şahmatın tədrisinə başlanılmışdır.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxışında Azərbaycanda idmanın yüksək sürətlə inkişafından, idmançılarımızın qazandıqları nailiyyətlərdən söz açaraq qeyd etmişdir ki,  Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Qeyd edilmişdir ki, ölkəmizdə bu sahə üzrə böyük işlər görülmüşdür. İndiyə qədər Azərbaycan bir sıra mötəbər idman yarışlarına layiqincə ev sahibliyi etmişdir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il mayın 5-də "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzalamışdır. Respublikanın əksər şəhər və rayonlarında yeni şahmat binaları tikilmiş, bəziləri isə yenidən təmir olunaraq uşaq və yeniyetmələrin ixtiyarına verilmişdir. Təkcə paytaxtda deyil, eləcə də bölgələrdə yeni şahmatçılar ordusu formalaşır. Bu gün ölkənin ən bacarıqlı və intellektual məktəbliləri bu yarışa toplaşıblar.

Milli Olimpiya Komitəsinin məsul işçisi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev tədbirdə çıxış edərək şahmatın Azərbaycanda böyük ənənəyə malik olduğunu, bu idman növünün hamı tərəfindən sevildiyini bildirmişdir. O qeyd etmişdir ki, hələ ötən əsrin 70-ci illərində ölkəmizdə idmana, o cümlədən şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilmişdir. Azərbaycanda idmanın yüksəlişi uzaqgörən böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Təntənəli açılış mərasimindən sonra yarışa start verilmişdir. 21 şəhər və rayondan 101 nəfərin iştirak etdiyi turnirdə nəticələr aşağıdakı kimi olmuşdur:

8 yaşadək qrupda oğlanlar arasında 1, 2, 3-cü yerlər - Xəzər Babazadə (Biləsuvar), Murad Musayev (Ağdaş), Cavidan Qurbanzadə (Tərtər); qızlar arasında 1, 2, 3-cü yerlər - Aysu Əzizli (Oğuz), Səlmi Xəlilzadə (Zərdab), Əsmər İslamzadə (Şəmkir), 9-10 yaş qrupu üzrə oğlanlar arasında 1, 2, 3-cü yerlər - Qəfər Bədəlov (İsmayıllı), Elmir Məmmədov (Biləsuvar), Fateh İmanov (Bakı); qızlar arasında 1, 2, 3-cü yerlər - Nuranə Yusifova (Goranboy), Fidan Soltanzadə (Goranboy), Aynur Əhmədova (Ucar). 11-12 yaş qrupu üzrə 1, 2, 3-cü yerlər - Asim Sərxanlı (Şamaxı), Ziya Həmidli (Zərdab), Rəşad Məmmədov (Qubadlı); qızlar arasında - Aytən Məmmədzadə (Biləsuvar), Xuraman Hacıbabayeva (Oğuz),  Aysel Bağırova (Astara). 13-14 yaş qrupunda - Talıbxan Talıbxanlı (Zərdab), Cəbrayıl Əsədov (Qubadlı), Aydın Qasımzadə (Bakı); qızlar arasında - Aynur Abbasova (Bakı), Aişə Rüstəmova (Beyləqan), Aytac Hüseynli (Oğuz). 15-16 yaş qrupu üzrə - Rüstəm Əhmədov (Oğuz), Aqşin Mirzəyev (İsmayıllı), Ceyhun Nəbiyev (Bakı);  qızlar arasında - Aydan Hüseynzadə (Qəbələ), Dinara Salamova  (Oğuz), Fəridə Nadirova (Zərdab).

Turnirin qalibləri və fərqlənənlər "Təhsil" Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları, medalları və rayon təhsil şöbəsinin hədiyyələri ilə təltif olunmuşlar.  

İbrahim MƏMMƏDOV,
"Təhsil" RİM-in direktor müavini, 
əməkdar bədən tərbiyəsi və idman xadimi,
beynəlxalq dərəcəli hakim

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov