Müasir təlim metodlarından və İKT-dən istifadə tədris
mühitində dəyişiklik etməyə və müəllimlə tələbə
arasında, tələbələrin öz aralarında qarşılıqlı əlaqələr
qurmağa imkan yaradır.
Bu prosesin bütün mərhələlərində problemin və ya hər
hansı bir məsələnin kollektiv həlli üçün vərdişlər,
dialoqa girmək və başqaları ilə razılaşmaq bacarıqları
əldə edilir. Ona görə də subyektin sosial şəxsiyyət kimi
inkişafı üçün təlimin kollektiv formalarından istifadə
daha səmərəli nəticə verir. Bunun üçün tələbələrə
sərbəst düşünmək, müstəqil fəaliyyət göstərmək imkanı
verilməli; təlim prosesində informasiya-kommunikasiya
texnologiyalarından və müasir təlim metodlarından
istifadə edilməlidir.
Çalışmaq lazımdır ki, tələbələr müəllimlərin
mühazirələrini dinləməkdən azad olub daha çox müstəqil
tədqiqatlar aparmaqla biliklər əldə etsinlər. Bunun üçün
aşağıdakı təlim strategiyalarından istifadə etmək
məqsədəuyğundur:
- məlumat bazalarından məqsədyönlü (elektron kitabxana
və İnternet) istifadə;
- problem həlli;
- tədqiqat;
- hadisənin (video, audio, mətn) araşdırılması;
- müzakirə;
- öyrənənlərin təqdimatları (Microsoft Power Point və
Word vasitəsi ilə);
- müşahidələr və görüşlər;
- müəllimlə məsləhət;
- mühazirə (müəllimin PP təqdimatları);
müstəqil oxu.
Uğurlu dərs forma və üsulu seçmək də hələ keyfiyyətli
dərsin təşkil edildiyindən xəbər verə bilməz. Buna nail
olmaq üçün məqsədin reallaşdırılmasına xidmət edən,
dəqiq düşünülmüş təlim materialları və təlim
tapşırıqları müəyyən edilməlidir. Fənnin keyfiyyətli
tədrisinə nail olmaq üçün bu baxımdan da ciddi işlər
aparılmalıdır. Belə ki, təlim prosesində tədqiqatın
aparılması üçün əhəmiyyətli hesab edilən çox dəyərli
Azərbaycan dilində olan əsərlərin elektron versiyası,
ingilisdilli əsərlərin tərcüməsi xüsusi qovluqlarda hər
bir tələbəyə təqdim edilməlidir.
Müxtəlif məqsədlərlə müşahidələr aparmaq, təhlil etmək,
müzakirələrdə iştirak etmək, mühakimələr yürütmək
məqsədi ilə uğurlu və nöqsanlı dərs nümunələrinin DVD
versiyaları müəllimlərin tədris vəsaitlərinin sırasına
daxil edilməlidir.
Məlum olduğu kimi, müasir dövrdə təlim prosesini
informasiya-kommunikasiya texnologiyalarından kənarda
təsəvvür etmək qeyri-mümkündür. Fənnin tədrisi
prosesində İKT-nin yalnız İnternet imkanlarından deyil,
həm də multimedia imkanlarından geniş istifadə
edilməlidir. Tələbələrin müxtəlif qavrama imkanları
nəzərə alınmaqla resurslar sırasına bütün təlim boyunca
hər dərsi əhatə edən Power Point təqdimat daxil
edilməlidir ki, bu da tələbələrə təqdim edilən
məlumatların vizual, səsli, animasiyalı və s. şəkildə
çatdırılmasına yardımçı olur.
Tədqiqatlar aparmaq, İnternet səhifələrindən məlumatlar
əldə etmək nəticələri ilə bağlı təqdimatlar və
hesabatlar hazırlamaq (İnternet Explorer; Microsoft Word
və Power Point proqram təminatı vasitəsi ilə) kimi
tapşırıqlar tələbələrin İKT-nin fəal istifadəçisinə
çevrilməsinə yardımçı olur.
Zəruri materialların tələbələrə qovluqlarda təqdim
edilməsi fənnin eksperimental olmasından və təlim
materiallarının sınaqdan keçirilməsindən irəli gəlir.
Uğur qazanmış dərs vəsaitləri çap olunmalıdır. Vəsait
interaktiv xarakter daşımalı, tələbələrin ünsiyyətə
girmə və öyrənmə fəaliyyətini istiqamətləndirməlidir.
Öyrənənlərin öz nailiyyətlərini qiymətləndirməsi üçün də
geniş özünüqiymətləndirmə imkanları təqdim edilməlidir.
Vəsaitə DVD-lər də əlavə edilməli, audio, video,
animasiyalı və linqvistik xarakterli elektron
materiallar onu unikal və orijinal müstəqil təlim
materialı kimi səciyyələndirməlidir.
Aynur FƏRƏCOVA,
AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasının
müəllimi |