Müsahibimiz
stend atıcılığı üzrə ikiqat olimpiya, altıqat dünya
rekordçusu Zemfira Meftaxetdinovadır
Meftaxetdinova Zemfira Əliyevna 1963-cü il mayın 28-də
Bakı şəhərində anadan olmuşdur.
1976-cı ildən SSRİ-nin əməkdar məşqçisi Hafiz Cəfərovun
rəhbərliyi altında stend atıcılığı ilə məşğul olmağa
başlamışdır.
1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi
Akademiyasını bitirmişdir.
"Dinamo" cəmiyyətinin sədr müavini vəzifəsində çalışır,
polis polkovnik-leytenantıdır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
ikiqat olimpiya çempionu, altıqat dünya rekordçusu
Zemfira Meftaxetdinova 2000-ci ildə "Şöhrət" ordeni,
1995-ci, 2004-cü illərdə isə ( iki dəfə) "Tərəqqi"
medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2002-ci
il tarixli sərəncamı ilə Xüsusi Olimpiya təqaüdünə layiq
görülmüşdür.
Ailəlidir. Bir qız, bir oğul anasıdır.
Uğurları
onun baş tacıdır
1986- cı ildən beynəlxalq dərəcəli idman ustası, 1996-cı
ildən isə əməkdar idman ustasıdır.
1986-cı ildə İtaliyada keçirilən Avropa çempionatında
komanda I yer, şəxsi II yer;
1987-ci ildə Türkiyədə keçirilən Avropa çempionatında
komanda I yer, şəxsi III yer;
1988-ci ildə Finlandiyada keçirilən Avropa çempionatında
komanda I yer, şəxsi II yer;
1990-cı ildə İsveçdə keçirilən Avropa çempionatında
komanda I yer, şəxsi II yer;
1993-cü ildə Brnoda keçirilən Avropa çempionatında şəxsi
I yer;
1995-ci ildə Kiprdə keçirilən Dünya çempionatında şəxsi
I yer;
1997-ci ildə Finlandiyada keçirilən Avropa çempionatında
şəxsi I yer;
1998-ci ildə İtaliyada keçirilən Dünya Kubokunun
qalibi;
1999-cu ildə Yaponiyada keçirilən Dünya Kubokunda II
yer.
2000-ci ildə Sidneydə keçirilən XXVII Yay Olimpiya
Oyunlarında stend atıcılığı üzrə Azərbaycanın yığma
komandasına ilk qızıl medalı Zemfira Meftaxetdinova
qazandırmışdır. O, XXVII Yay Olimpiya Oyunlarında uğurla
çıxış edərək Olimpiya çempionluğuna yüksəlmişdir.
2001-ci ildə Misirdə dünya çempionu adını qazanan
Zemfira Əliyevna elə həmin il Seulda dünya kubokunun
gümüş medalını da qazanmışdır.
2003-cü ildə Çexiyada Avropa çempionluğuna
yüksəlmişdir.
2004-cü ildə Yunanıstanın Afina şəhərində keçirilmiş
dünya kuboku uğrunda yarışlarda III yeri tutan
idmançımız ardınca XXVIII Yay Olimpiya Oyunlarının
bürünc mükafatını qazanmışdır.
2008-ci ildə Pekində keçirilən XXIX Yay Olimpiya
Oyunlarının iştirakçısıdır.
Zemfira xanımla evinin yaxınlığındakı bağda görüşdük.
Altı yaşlı oğlu Ruslanı da özü ilə gətirmişdi. İlk
xahişi soyadını, atasının adını pasportunda göstərildiyi
kimi yazmağım oldu. Yəni, Meftaxetdinova Zemfira
Əliyevna.
- İllərdir, hər zaman soyadımdakı hərfləri müxtəlif cür
yazırlar. Doğrudur, soyadım bir az mürəkkəb səslənir. Bu
ad babalarımdan bizə çatan addır. Nəinki bizdə, çox vaxt
xarici mətbuatda da soyadımı düzgün yaza bilmirlər.
- Tez-tez rast gəlinən ad deyil, yəqin ondandır.
- Ola bilər. Ata-anam Bakıda doğulsalar da, ulu
nənə-babalarım aclıq illərində bir vaxtlar Volqa çayının
sahillərindən - Ulyanovskdan Bakıya köçüblər. Əslən
tatar qızıyam, türk qollarından biri də bizim xalqdır.
Mən çox sadə bir ailədə böyümüşəm. Atam sürücüydü,
anamsa layihə institutunda çalışırdı. Ailədə iki övlad
idik: mən, bir də məndən dörd yaş yarım böyük olan
qardaşım. Orta məktəb illərində qardaşım da, mən də
idman dərnəklərinə gedirdik. Qardaşım gəmi mexaniki
sənətinə yiyələndi, hazırda "Xəzərdənizneft"
Donanmasında məsləhətçi-mexanik işləyir. İdmanın yüngül
atletika növü ilə indi də sadəcə bir həvəskar kimi
məşğul olur.
Mən isə, bildiyiniz kimi, taleyimi idmana həsr etmişəm.
Əvvəllər evimiz indiki Mətbuat prospektində idi. Sonra
köçdük 8-ci mikrorayona. Birinci sinifdən dördüncü sinfə
qədər elə oradakı 225 nömrəli məktəbdə oxumuşam.
1980-ci ildə Bakı şəhərindəki 8-ci mikrorayonda
yerləşən 115 nömrəli orta məktəbi bitirmişəm.
- Ailə həyatınıza idmanın maneçiliyi olmur ki?
- Çalışıram ki, olmasın. 1989-cu ildə ailə quranda bizim
toyumuzu aprelin 1-nə təyin etməyimizə heç kim
inanmırdı, elə bilirdilər ki, bu bir zarafatdır. İlk
övladım 5 fevral 1990-cı ildə dünyaya gəlmiş qızım
Riginadır. O, hər zaman sakit, sözəbaxan olub. Amma
Ruslan başqa cürdü, yerində dinc duran deyil. Əslində,
oğlan uşaqlarının hamısı belədir.
Qızım Bakı Dövlət Universitetinin beynəlxalq hüquq
fakültəsini bitirib, hazırda polis orqanlarından birində
çalışır. Həm də idmanla yaxından məşğul olur. Arabir
idman yarışlarına da qatılır. Hazırda idman ustasıdır.
Ruslan isə hələ məktəbə getmir.
Ruslanın atası da əvvəllər idmanın cüdo növü ilə
məşğul olub. Amma onun əsas peşəsi idman deyildi.
Bilirsinizmi, yoldaşımın atası, yəni qayınatam İsmət
Əlizadə vaxtilə Zeynəb Xanlarovanın ansamblında çalışıb,
elə böyük bir sənətkarı müşayiət edib...
- Qızınız Rigina öz yolunu artıq müəyyənləşdirib. Bəs
Ruslanı hansı sənətdə görməyi arzulayırsınız?
- Təbii ki, hər şeydən əvvəl yaxşı insan olmağını arzu
edirəm. Yaxşı insan deyəndə xeyirxah, sağlamfikirli,
sağlamdüşüncəli bir insan olmağı nəzərdə tuturam. Belə
keyfiyyətlərə malik olmağın özü də böyük bir
xoşbəxtlikdir. Bunlar bir ana kimi mənim arzularımdır.
Hansı peşəni, hansı sənəti seçmək isə Ruslanın öz
ixtiyarındadır. Hansı sənət yolunu seçərsə, mən də,
atası da sadəcə hər zaman onun yanında, ona dəstək
olacağıq.
- Orta məktəbdə oxuyarkən idmanla məşğul olmağınız əsas
dərslərinizə vaxt ayırmaqda problem yaratmırdı ki?
- Hər zaman - şagird, tələbə olanda da, bir evin xanımı,
iki uşaq anası olanda da çalışmışam ki, ailəmizin digər
üzvlərinə öz işimlə, peşəmlə problem yaratmayım. Kamal
attestatımda qiymətlərim yalnız "5" və "4" olub. Orta
məktəb imtahanlarında həmişə ilk əvvəl məni və məsələn,
Arzu adında başqa bir qızı müəllim önə çağıraraq
deyərdi: "Zemfira, Arzu, gəlin bilet götürün və
hazırlaşmadan danışın". Çünki, müəllimlərimiz hər
zaman mənim hazırlıqlı olmağımdan əmin idilər. Məktəb
illərində hər birimiz müxtəlif millətlərin nümayəndələri
olan dörd ayrılmaz rəfiqə idik. Dördümüz də idmana
gedirdik. Biz sonralar da o dostluğu qoruyub saxladıq.
Həmin qızlardan biri indi də rəhmətlik atamgilin, yəni
hazırda qardaşım yaşayan binada qonşumuzdur.
İllər ötdükcə hərənin öz şəxsi problemləri, öz
məşğuliyyətləri meydana çıxdıqca yavaş-yavaş
bir-birimizdən ayrı düşdük... Ancaq mən o illəri yenə də
hər zaman xatırlayıram.
- Necə oldu ki, məhz stend atıcılığını seçdiniz?
- Çox sadə. Çünki stend atıcılığı dərnəyi evimizin lap
yaxınlığında idi, ona görə də biz dörd rəfiqə oraya
yazıldıq. Amma sonralar idman mənim mənəvi ehtiyacıma
çevrildi. Doqquzuncu sinifdə oxuyanda bütün normativləri
yerinə yetirib idman ustası adına layiq görüldüm.
Direktorumuz idman ustası olmağım haqqındakı vəsiqəni
bütün məktəb kollektivinin iştirak etdiyi tədbirdə mənə
təqdim etdi, məşqçimiz Hafiz Cəfərov barəmdə xoş sözlər
dedi və xüsusu geyim forması verdi. Məktəbimizdə
qələbəyə imza atan ilk şagird idim deyə, bu, mənə böyük
qürur hissi yaşatdı. Elə o gündən də mənim həyat yolum
böyük idmana yönəldi. Hələ SSRİ zamanında - 1983-cü ildə
Moskvada qızlar arasında keçirilən yarışda qalib oldum.
Bu qələbəmi gələcək uğurlarım üçün böyük tramplin hesab
edirəm.
1986-cı ildə Moskvada keçirilən Avropa kubokunda II
yeri tutdum.
İlk dəfə Azərbaycan bayrağını qaldırmaq məşqçim Hafiz
Cəfərova (Allahdan Hafiz müəllimə cansağlığı və şəfalar
diləyirəm) və mənə respublikamız müstəqilliyini yenidən
bərpa etdikdən sonra, 1993-cü ildə - Avropa
çempionatının keçirildiyi Brnoda nəsib oldu.
1976-cı ildən, yəni 13 yaşımdan fasiləsiz olaraq bu
günə kimi stend atıcılığı ilə məşğulam. Özümü idmandan
başqa heç bir sahədə təsəvvür etmirəm. İdman artıq mənim
həyatımdır, o, məni hər zaman özünə çəkir.
- Sizdən soruşsaydılar ki, beynəlxalq aləmdə idmanın
missiyası nədən ibarətdir, hansı cavabı verərdiniz?
- Deyərdim ki, idmanın mahiyyəti "Dünyaya sülh"
deməkdir.
Yeri gəlmişkən, sovet dönəmində bir atıcı qadın rəqibim
vardı, özü Bakıda doğulan ermənilərdən idi, sonralar
Rusiya komandasına keçmişdi, Moskvada yaşayırdı. Həmişə
məndən xahiş edərdi ki, Bakıdan ona Azərbaycan musiqisi
yazılan kasetlər aparım. Ürəyi gedirdi bizim musiqimiz
üçün... ən çox da sevimli müğənnimiz Zeynəb xanımın
səsinə qulaq asardı... Müharibə başlayandan sonra
qarşılaşmamışıq heç.
- Zemfira xanım, 2015-ci ildə Avropa oyunlarının və
2020-ci ildə Yay Olimpiya Oyunlarının Azərbaycanda
keçirilməsi ilə əlaqədar yaradılan təşkilat
komissiyasının tərkibində siz də varsınız. Belə mötəbər
oyunların məhz Bakıda keçirilməsinin mahiyyətini
açıqlaya bilərsinizmi?
- Olimpiya oyunlarına ev sahibliyi etsək, həm ölkəmizin
idman potensialının daha da gücləndirilməsinə, həm də
Olimpiya dəyərlərinin gənclərimiz arasında daha geniş
yayılmasına yardımçı olmuş olarıq. Azərbaycan gəncliyi
bu oyunlar vasitəsi ilə Dünya Olimpiya Hərəkatının ən
fəal iştirakçısına çevrilə bilər. Olimpiya Oyunlarının
Azərbaycanda keçirilməsi Azərbaycan mədəniyyətini və
qonaqpərvərliyini də dünya ictimaiyyətinə tanıdacaq,
ölkələrimiz arasında yeni dostluq əlaqələrinin
qurulmasına səbəb olacaq.
Ümumiyyətlə, dünyanın bir çox ölkələrində müxtəlif
kütləvi idman oyunlarının geniş yayılması insanların
sağlamlığına həm müsbət təsir edir, həm də onlara ruh
yüksəkliyi gətirir.
- Zemfira xanım, Azərbaycanda aparılan dövlət siyasəti
içərisində əsas istiqamətlərdən biri də Azərbaycan
idmanıdır. Hər bir idmançımızın uğuru nəinki
idmanımızın, həm də bütövlükdə elə Azərbaycanımızın
inkişafına bir təkandır. Siz idmançılar bayraqlarımızı
göylərə ucaldan qələbələrinizlə həmişə xalqımızı
sevindirirsiniz. Azərbaycanın başını ucaldan, bizə
sevinc bəxş edən Azərbaycan idmançıları güvənc
yerimizdir.
- Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan idmanına
göstərdiyi diqqəti, qayğısı, uzaqgörən siyasəti
sayəsində bizim respublikamızın ən ucqar bölgələrində də
olimpiya kompleksləri inşa etdirilmiş, orada yaşayan
insanların, gənclərin, yeniyetmələrin istifadəsinə
verilmişdir. Ona görə də mən bütün Azərbaycan
idmançılarının adından deyirəm ki, biz idmançılar
qazandığımız bütün uğurlar üçün ölkəmizin Prezidenti
cənab İlham Əliyevə minnətdarıq.
İdmançılarımızın da uğurları göz qabağındadır. Təkcə
2005-2008-ci illərdə idmançılarımız dünyanın müxtəlif
ölkələrində 1500-dən artıq medal qazanmış, bunların
sırasında 500-dən çox iştirakçımız qızıl medala layiq
görülmüşdür. Bu isə o deməkdir ki, Azərbaycanın bayrağı
dünyanın müxtəlif ölkələrində 1500 dəfə dalğalanmış,
Azərbaycanın himni sərhədlərimizdən çox-çox uzaqlarda
1500 dəfə səsləndirilmişdir.
Əlbəttə, məhz ölkə rəhbərimizin Azərbaycan idmanına
göstərdiyi böyük diqqətin və qayğının nəticəsidir ki,
dünya idman federasiyalarının prezidentləri Azərbaycan
ölkəsinə, Azərbaycan idmanına çox etimadla yanaşır,
respublikamızda nəinki beynəlxalq yarışların, həmçinin
olimpiya oyunlarına lisenziya verən yarışların da
keçirilməsinə razılıq verirlər.
- Zemfira xanım, həmişə əlinizdə silah olur. Məşqlərdə
də, yarışlarda da. Yəqin ki, xidməti silahınız da var.
Heç silahdan qorxduğunuz vaxtlar olubmu?
- Silah, ümumiyyətlə, təhlükəli bir şeydir. Onunla
diqqətsiz və ya ehtiyatsız davranmaq olmaz. Əlində silah
tutan hər bir şəxs onun məsuliyyətini də dərk etməli,
bütün texniki təhlükəsizlik qaydalarına əməl etməlidir.
Mən istəyərdim ki, heç bir silah Allahın yaratdığı heç
bir canlıya tuşlanmasın.
- İnsani xüsusiyyətlərdən daha çox hansını
qiymətləndirirsiniz?
- Yaxşılıq etməyi... İnsan kim olursa-olsun yaxşılıq
etməyi bacarmalıdır. Mən də gücüm çatan qədərində hər
zaman insanların köməyinə çatmağa çalışıram.
- Ana kimi daha çox xoşbəxtsiniz, yoxsa qalib kimi?
- Ana olmaq Allahın nəsib etdiyi ən böyük xoşbəxtlikdir.
Qalib gəlmək isə hər bir idmançının çəkdiyi zəhmətin
nəticəsidir. Bunlar ayrı-ayrı şeylərdir. Qadının ilk
vəzifəsi cəmiyyətə layiqli övlad böyütməkdir. Bu, bəşəri
bir borcdur. İdman isə peşədir, burada söhbət artıq
vətəndaş borcundan gedir.
- Qarşıda duran vəzifələriniz nədən ibarətdir?
- 2015-ci ildə Azərbaycanda Avropa oyunları keçiriləcək.
Bu böyük tədbirə ölkənin birinci xanımı Mehriban
Əliyevanın rəhbərliyi ilə ciddi hazırlıq işləri
aparılır.
2020-ci ildə isə respublikamızda Yay Olimpiya
Oyunlarının keçirilməsi nəzərdə tutulur. Mən də təşkilat
komissiyasının bir üzvü kimi üzərimə düşən vəzifənin
məsuliyyətini dərk edirəm.
- Azərbaycana ünvanlanan arzularınız?
- İlk növbədə torpaqlarımızın geri qaytarılmasını
arzulayıram. Bu, hamımızın ən ümdə arzusudur. Cənab
Prezidentimiz bu istiqamətdə var qüvvəsilə çalışır ki,
tezliklə bu problem öz müsbət həllini tapsın.
Uşaqlar bizim sabahımızdır, gələcəyimizdir. Biz estafeti
onlara verəcəyik. Odur ki, onlara açıq səma, sağlam
həyat, sağlam orqanizm, sağlam şüur arzulayıram. Qoy bu
dünyada heç bir körpənin gözü yaşlı qalmasın.
"Azərbaycan müəllimi" qəzetinin oxucuları arasında
gənclər də çoxdur. Mənim onlara tövsiyəm budur ki,
idmanla hər zaman dost olsunlar, təhsilə ciddi
yanaşsınlar. Təhsil səviyyəsi aşağı olan toplumun
əziyyətini bütöv bir xalq çəkir. Hər bir şagird, hər bir
tələbə bunu dərk etməlidir ki, o, valideyni üçün və ya
təkcə özü üçün oxumur, onlar həm də tərəqqi yolunda
millətimizin sabahına işıq saçacaq canlı
ulduzlarımızdır.
Mən yeni təyin olunan təhsil nazirimizə də öz çətin və
məsuliyyətli işində uğurlar diləyirəm.
Hazırladı: Ellada UMUDLU |