Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda məzun günü qeyd edilmişdir

 

Böyütmək üçün şəkili seçinİyulun 10-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Məzun-2013" adlı tədbir keçirilmişdir. Tədbirdə institutun professor-müəllim heyəti, məzunlar, valideynlər və qonaqlar iştirak etmişlər. Öncə iştirakçılar institutda yaradılmış Heydər Əliyev muzey-lektoriyası ilə tanış olmuşlar.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan institutun rektoru, professor Asəf Zamanov iyirmi birinci yüzilliyin problemlərinin həlli üçün hər bir cəmiyyətdə yeniləşmiş ali təhsilin zəruriliyini diqqətə çatdırmışdır. Təhsilin əhəmiyyətindən söz açan rektor bildirmişdir ki, təhsilsiz heç bir millətin və dövlətin nə mədəni, nə sosial, nə də texniki inkişafı mümkündür. Müasir təhsilin uğurlarının daim dəyişən şəraitdə çevik uyğunlaşma qabiliyyəti ilə müəyyənləşdirildiyi, bu işdə yenidənhazırlanma yolu ilə mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyəti olduğu bildirilmişdir. Nəzərə çatdırılmışdır ki, 2012-2013-cü tədris ilində "riyaziyyat və informatika müəllimliyi", "təhsildə sosial-psixoloji xidmət", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "məktəbəqədər təlim və tərbiyə" ixtisasları üzrə  118 nəfər institutu müvəffəqiyyətlə bitirmişdir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən  qoyulan gənclər siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirən A.Zamanov qeyd etmişdir ki, institut kollektivi bu uğurlu siyasətdən bəhrələnərək gənclərimizin intellektual potensialının artırılması üçün daim çalışır, təhsil müəssisələrinin ixtisaslı və yüksək səviyyəli kadr potensialı ilə təmin olunması üçün bütün imkanlardan maksimum istifadə edir. Rektor məzun adını qazanmış bütün tələbələri, onların müəllimlərini, o cümlədən  bu işdə əməyi olan hər bir şəxsi təbrik edərək, məzunlara gələcək həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, psixologiya elmləri doktoru, professor Bəxtiyar Əliyev institutun fəaliyyətini yüksək qiymətləndirərək onun əldə etdiyi uğurlarının son illər daha da artdığını və təhsil müəssisəsində elmi və ziyalı mühitinin yüksək səviyyədə formalaşdığını diqqətə çatdırmışdır. O, məzunları təbrik edərək, bu günün onların həyatında əlamətdar gün olduğunu nəzərə çatdırmışdır.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov tədbirdə çıxış edərək məzunları təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Tədbirdə institutu yüksək nailiyyətlə bitirən 14 nəfər məzun təhsil uğurlarına və institutun ictimai həyatında fəal iştirak etdiklərinə görə Elmi Şuranın qərarına əsasən diplomlar və fəxri fərmanlarla təltif edilmişdir. Bundan başqa, institutun professor-müəllim heyətinin bir qrup üzvünə də diplomlar verilmişdir.

Tədbirdə çıxış edən məzunlar qazandıqları bilik və bacarıqlara, təhsil aldıqları müddətdə onlara göstərilən diqqət və qayğıya görə institut rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıqlarını bildirərək, onlara göstərilən etimadı doğruldacaqlarını söyləmişlər.

Sonda məzunlarla xatirə şəkli çəkilmişdir. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov