İyulun
10-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyası
məzunlarının buraxılışına həsr olunmuş təntənəli mərasim
keçirilmişdir.
AzərTAc xəbər verir ki, DSX-nin nümunəvi hərbi
orkestrinin ifasında Dövlət himni səsləndirildikdən
sonra məzunlara diplomlar təqdim olunmuşdur.
DSX Akademiyasının döyüş bayrağı meydana gətirilmişdir.
Xidmətin zabit sıralarına daxil olan gənc leytenantlar
"Sərhədçi andı" içmişlər.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının
komandanı, general-leytenant Elçin Quliyev gənc
zabitləri təbrik etmiş, onlara xidmətdə uğurlar
arzulamış, tövsiyə və tapşırıqlarını vermişdir.
E.Quliyev əmin olduğunu bildirmişdir ki, Azərbaycanın
hər bir sərhədçisi kimi gənc zabitlər də dövlətçilik
ənənələrinə sadiq olacaq, Prezident İlham Əliyevin Ali
Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı
mühafizəsi naminə əzmlə xidmət edəcək, Azərbaycan
sərhədçisi adını daim uca tutacaqlar.
Dövlətimiz tərəfindən sərhədçilərə göstərilən yüksək
diqqət və qayğıdan danışan DSX rəisi bildirmişdir ki,
sərhəd mühafizəsinin etibarlı təşkili məqsədi ilə ölkə
rəhbərliyi tərəfindən hər cür şərait yaradılmışdır.
Sərhədçilərin əsas hədəfinin ölkəmizin sərhədlərinin tam
mühafizə altına götürülməsindən ibarət olduğunu
vurğulayan E.Quliyev qısa müddətdə üçrəngli bayrağımızın
işğaldan azad olunacaq şəhər və kəndlərimizdə
dalğalanacağına əminliyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən akademiyanın rəisi, general-mayor
Araz Məmmədov 2007-ci il iyunun 12-də Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti
Akademiyasının yaradılması barədə sərəncamının
Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin
təkmilləşdirilməsində mühüm rol oynadığını bildirmişdir.
Kursantların təlim-tədrisi ilə yüksək səviyyədə məşğul
olmaq üçün bütün şəraiti olan, müasir tələblərə cavab
verən, memarlıq üslubu ilə fərqlənən akademiyanın açılış
mərasimində Prezident İlham Əliyevin iştirak etməsi
qürur hissi ilə vurğulanmışdır.
A.Məmmədov demişdir ki, bu gün zabit rütbəsi alan
gənclərdən ikisi akademiyanı fərqlənmə diplomu ilə
bitirmişdir.
Tədbirdə gənc zabitlər adından çıxış edən leytenant
Osman Kərimli çətin, lakin şərəfli sərhədçi peşəsini
seçmələrindən qürur duyduqlarını, qarşılarına qoyulmuş
tapşırıqları şərəflə yerinə yetirməyə daim hazır
olduqlarını bildirmişdir. O, Vətənə ləyaqətlə xidmət
edəcəklərinə, dövlət sərhədlərimizi göz bəbəyi kimi
qoruyacaqlarına söz vermişdir.
Akademiyanın şəxsi heyəti təntənəli marşın sədaları
altında tribuna önündən keçmişdir.
Sonra gənc zabitlər Fəxri xiyabana gələrək xalqımızın
ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş,
məzarı önünə gül dəstələri qoymuşlar.
Şəhidlər xiyabanına gələn gənc zabitlər ölkəmizin
azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş
qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad
etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər. |