İyulun
10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Gənc
Alimlər Şurasının ümumi yığıncağı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət
rəsmiləri, AMEA-nın elmi müəssisələrinin direktorları,
gənc alimlər şuralarının sədrləri, KİV nümayəndələri
iştirak etmişlər.
AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin
(GİİM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
İlqar Orucov akademiyanın gənc alimlərinin 5 illik
fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat məruzəsi
ilə çıxış etmişdir. Gənc alimlərin uğur və nailiyyətləri
barədə məlumatlar dinlənilmiş, problemlər diqqətə
çatdırılmışdır.
Gənc alimlərə göstərilən dövlət qayğısından danışan
İ.Orucov Prezident İlham Əliyevin gənclərin inkişafına
yönəlmiş fərman və sərəncamlarının əhəmiyyətini
vurğulayaraq bildirmişdir ki, "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul olunması,
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun yaradılması və Gənclər üçün Prezident
Mükafatının təsis edilməsi dövlətimizin başçısının
müasir gəncliyə və gənc alimlərə diqqətinin parlaq
nümunəsidir.
Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin
müdrik siyasətini uğurla, yeni məzmun və formada davam
etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin
əsasında həyatın bütün sahələrində aparılan islahatların
elmə və elmi biliklərə söykənməsi, gənclərin
potensialının səfərbər edilməsi, rəqabətədavamlı kadr
potensialının formalaşdırılması, təbii resursların insan
resursları ilə əvəzlənməsi dayanır. Ölkəmizdə həyata
keçirilən elm və gənclər siyasəti elmlə məşğul olan
gənclərin daha səmərəli fəaliyyət göstərmələrinə münbit
şərait yaradılmasına yönəlmişdir. Getdikcə genişlənən bu
imkanlar fonunda elmi gəncliyin də üzərinə böyük
məsuliyyət və vəzifələr düşür. AMEA-da gənclərlə iş
mühüm prioritetlərdən biri kimi daim akademiya
rəhbərliyinin diqqət mərkəzindədir və bu iş əsasən GİİM
tərəfindən həyata keçirilir.
Mərkəzin rəhbəri demişdir ki, gənc alimlər
respublikamızda və xarici ölkələrdə keçirilən mötəbər
beynəlxalq konfrans, seminar və layihələrdə fəal iştirak
edir, yüksək impakt faktorlu jurnallarda elmi məqalələr
dərc etdirirlər.
İ.Orucov gənc alimlərin sosial problemlərindən də söz
açmış, "Elm haqqında" qanunun qəbul olunmasının, Elm
Gününün təsis edilməsinin əhəmiyyətini vurğulamışdır.
Daha sonra AMEA-nın müxtəlif institutlarında fəaliyyət
göstərən gənc alimlər şuralarının sədrləri ölkəmizdə və
təmsil etdikləri qurumlarda gənclərin inkişafı
istiqamətində həyata keçirilən tədbirlərin
əhəmiyyətindən, akademiyada elmin bütün istiqamətləri
üzrə çalışan gənclərin son beş ildə qazandıqları
uğurlardan, onlar üçün yaradılmış geniş imkanlardan söz
açmışlar.
Natiqlər akademiyanın gənc alimlərinin 5 illik
fəaliyyətinin yekunları ilə bağlı hesabat məruzəsini
yığıncağın qərar layihəsinə daxil olunmasını təklif
etmişlər.
Tədbirdə AMEA-nın prezidenti, Yeni Azərbaycan Partiyası
sədrinin müavini, akademik Akif Əlizadə çıxış edərək
bildirmişdir ki, ölkəmizdə modernləşmə istiqamətində
həyata keçirilən ardıcıl siyasət özünün yeni
intellektual səviyyəsinə çatmışdır. "Azərbaycan 2020:
gələcəyə baxış" İnkişaf Konsepsiyasında intellektual
sərvətin qorunması işində gəncliyin üzərinə böyük
vəzifələr qoyulur. Bu vəzifələrin həyata keçirilməsi
gənclərin innovativ fəallığının yüksəldilməsini tələb
edir.
AMEA-nın prezidenti Azərbaycan elminin inkişafında və
dünya elminə inteqrasiyasında gənc alimlərin rolundan,
akademiyada onlar üçün yaradılmış şəraitdən, gənc
alimlərin sosial problemlərinin aradan qaldırılması
istiqamətində görülən və görüləcək işlərdən danışmışdır.
Gənc alimlərlə yaşlı nəsil arasında münasibətləri
dərinləşdirməyin vacibliyini qeyd edən A.Əlizadə
demişdir ki, gənclər beynəlxalq elmi əməkdaşlığı
genişləndirmək və dünya elminə inteqrasiya etmək üçün
informasiya-kommunikasiya texnologiyaları sahəsindəki
biliklərini artırmaq, eləcə də xarici dilləri daha
mükəmməl öyrənmək qayğısına qalmalıdırlar. Onlar
dünyanın qabaqcıl elmi mərkəzlərinə ezamiyyəyə
göndərilməli, dünyanın qabaqcıl biliklərini Azərbaycana
gətirməlidirlər. Gənc və perspektivli alimlər
akademiyada idarəetməyə daha fəal cəlb olunmalıdır.
Akademik A.Əlizadə respublikanın bütün gənc alimlərini
qarşıdakı prezident seçkilərində dövlətimizin başçısı
İlham Əliyevin namizədliyini dəstəkləməyə çağıraraq
demişdir: "Biz əminik ki, Azərbaycan dövlətini və
cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında
gələcəyə apara biləcək ən layiqli sima İlham Əliyevdir".
Daha sonra A.Əlizadə gənc alimlərə elmi fəaliyyətlərini
genişləndirməyi, bütün sahələrdə fəal olmağı,
intellektlərini, innovativ təfəkkürlərini, dövlətçilik
şüurunu və mənəvi keyfiyyətlərini daim xalqın və
dövlətin inkişafına yönəltməyi tövsiyə etmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli
Həsənov görüşə yekun vuraraq bildirmişdir ki, Azərbaycan
gəncliyinin inkişafı ilə bağlı dövlət siyasətinin
təməlində ümummilli lider Heydər Əliyevin gənclər
siyasəti, ölkənin gəncliyinə münasibəti dayanır. Hələ
sovet hakimiyyəti illərində - 1969-cu ildə ulu öndərin
respublikaya rəhbərlik etməyə başladığı dövrdən etibarən
gənclərimizin xaricdə təhsili sahəsində, sözün əsl
mənasında, dirçəliş başlamışdır. Qətiyyətlə demək olar
ki, Azərbaycan gəncliyinin keçmiş SSRİ-nin qabaqcıl ali
təhsil müəssisələrində təhsil alaraq yüksək ixtisaslı
milli kadrlar kimi yetişməsi ulu öndər Heydər Əliyevin
böyük xidmətlərindən biridir. 1970-ci ildə respublikadan
kənarda təhsil almağa göndərilən gənclərin sayı cəmi 70
nəfər idisə, 70-ci illərin sonunda 900 nəfərə, 80-ci
illərin əvvəllərində isə ildə 1000-1400 nəfərə çatırdı.
Həmin dövrdə, ümumilikdə, 15 mindən çox gənc sovetlər
birliyinin 175 nüfuzlu ali məktəbində 250-dək ixtisasa
yiyələndikdən sonra Vətənə qayıdaraq, ölkəmizin
iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə
layiqli töhfələrini vermişlər.
Prezident Administrasiyasının şöbə müdiri demişdir ki,
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev
Azərbaycan gəncliyi məsələsini dövlət siyasəti
səviyyəsinə qaldırmışdır. Ulu öndərin fərmanı ilə
1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi də
məhz gəncliklə bağlı olan mühüm dövlət qurumudur.
Azərbaycan gənclərinin problemlərini müəyyənləşdirmək,
bu problemlərin həlli yollarını araşdırmaq və dövlətin,
cəmiyyətin səylərini buna istiqamətləndirmək nazirliyin
fəaliyyətinin əsasını təşkil etmişdir.
Bildirilmişdir ki, 1994-cü ildən ömrünün sonunadək ulu
öndərin fəaliyyətinin çox böyük bir hissəsini Azərbaycan
gəncliyi, ordu quruculuğu, dövlətimizin və millətimizin
gələcəyinin təmin olunması təşkil etmişdir. Ona görə də,
bu gün Prezident İlham Əliyev üçün təməli düzgün
qoyulmuş, ölkənin avanqard qüvvəsi olan gəncliyi idarə
etmək, onların problemlərini həll etmək olduqca asan və
rahatdır.
Gənc alimlərin sosial problemlərindən danışan professor
Əli Həsənov demişdir ki, bu məsələ dövlət rəhbərliyinin
diqqət mərkəzindədir və onların aradan qaldırılması
istiqamətində lazımi tədbirlər görüləcəkdir. Bu ilin
əvvəlində Nazirlər Kabinetinin geniş iclasında Prezident
İlham Əliyev ipoteka vəsaitlərindən istifadənin yeni
konsepsiyasını irəli sürmüşdür. Həmin konsepsiya gənc
alimlərin, eləcə də gənc nəslin ipoteka kreditlərindən
ən güzəştli şərtlərlə, ən asan yollarla istifadə edə
bilməsini nəzərdə tutur. Həmçinin ipotekanın alınması
üçün prosedur qaydaları sadələşdirilməlidir.
Dövlətimizin başçısının həmin iclasda verdiyi tövsiyə və
tapşırıqlar hazırda həm bank sektorunda, həm İqtisadi
İnkişaf Nazirliyində, həm də elmin və gənclərin inkişafı
ilə bağlı dövlət proqramlarında nəzərə alınır.
Gənclərin inkişafı istiqamətində həyata keçirilən dövlət
proqramlarının əhəmiyyətindən danışan Prezident
Administrasiyasının rəsmisi əminliklə vurğulamışdır ki,
dövlətin Azərbaycan gəncliyinə qayğısı, intellektual
gəncliyin inkişafı siyasəti gələcəkdə də uğurla davam
etdiriləcəkdir.
Qeyd olunmuşdur ki, hər bir fəaliyyətin meyarı onun
ictimai əhəmiyyəti ilə ölçülür. Bu baxımdan gənc alimlər
Azərbaycan cəmiyyətinin ən şüurlu, intellektual
hissəsini təşkil edir. Onlar Azərbaycanın gənclər
siyasətinin önündə getməli, bu siyasəti müəyyən edən
strukturların tərkibində gənc alimlərin fəaliyyəti
nəzərə çarpmalıdır. Ona nail olmaq lazımdır ki, dövlət
siyasətini müəyyən edən nazirliklərin ictimai şurasında
intellektual gəncliyin nümayəndələri təmsil olunsunlar.
Ə.Həsənov çıxışına davam edərək demişdir ki,
akademiyanın gəncləri bu gün, sözün əsl mənasında,
cəmiyyətdə fəallıq nümayiş etdirməlidirlər. Dövlətimizin
başçısı AMEA-da çalışan gənclərdən məhz bunu gözləyir. O
cəmiyyətlərin gələcəyi daha etibarlı olur ki, orada
hazırkı nəsil özündən sonrakı nəslin daha qabiliyyətli
və bacarıqlı yetişməsi üçün səy göstərir və buna nail
olur.
Prezident Administrasiyasının rəsmisi demişdir ki,
bugünkü gənclik daha rəqabətədavamlıdır, müxtəlif xarici
dilləri, yeni texnologiyaları və innovativ yenilikləri
daha yaxşı mənimsəmişdir. Ona görə də potensiallarını,
bilik və bacarıqlarını göstərə bilmək üçün gənc alimlərə
geniş meydan verilməlidir. Prezident İlham Əliyevin
yürütdüyü gənclər siyasətinin mahiyyəti həm də ondan
ibarətdir ki, biz rəqabətədavamlı gənclər yetişdirək,
onların imkan və potensialından dövlətimizin,
millətimizin inkişafı üçün istifadə edək. Bu, ümummilli
lider Heydər Əliyevin də arzusu idi. Ulu öndər bu
istəyini hələ 1999-cu ilin martında Azərbaycan
gənclərinin ikinci forumunda ifadə etmişdir.
Qeyd olunmuşdur ki, bu gün neftdən gələn kapital və
ölkənin digər gəlirlərinin böyük hissəsi insan
potensialının yetişməsinə, o cümlədən dünyanın ən
qabaqcıl elm və texnologiyalarının mənimsənilməsinə və
tətbiqinə yönəlmişdir. Dövlət proqramları çərçivəsində
yüzlərlə gənc hazırda dünyanın nüfuzlu ali məktəblərində
təhsil alır. Bununla yanaşı, həmin proqramlar
çərçivəsində dünya elminin müxtəlif sahələrindəki
yeniliklər, xarici ölkələrdən qabaqcıl texnologiyalar
gətirilərək respublikada tətbiq olunur.
AMEA-nın cəmiyyətdə mövqeyindən danışan Ə.Həsənov
demişdir: Akademiya bütün dövrlərdə xalqın beyin
mərkəzi, idarəçilik, düşüncə mərkəzi olmuşdur. Təəssüf
ki, vaxtilə bu elm məbədindən çıxan insanlar akademiyanı
ləğv etmək istəyirdilər. Yalnız ulu öndərin əzmi və
iradəsi sayəsində AMEA qorunub saxlanmış, yenidən
qurulmuş və fəaliyyətini genişləndirmişdir. Bu gün biz
Azərbaycanın gələcəyini aydın görürük. Prezident İlham
Əliyevin siyasəti, sözün həqiqi mənasında, milli
əhvali-ruhiyyə, milli tələbat və milli maraqlar üzərində
qurulmuşdur. Bu gün dövlətimizin başçısı seçki
kampaniyası aparmır, çünki o, seçkilərin sabahını deyil,
nəsillərin sabahını düşünür. Ona Azərbaycan gəncliyinin
sabahı, xoş gələcəyi hər şeydən daha çox lazımdır.
Natiq vurğulamışdır ki, bugünkü yığıncaqda gənc alimlər
tərəfindən növbəti prezident seçkilərində İlham Əliyevin
namizədliyinin dəstəklənməsi cəmiyyətə verilən çox ciddi
bir mesajdir. Əgər Azərbaycan gəncliyinin elitası və
avanqardı növbəti dövrdə də Prezident İlham Əliyevi bu
vəzifədə görmək istəyirsə, deməli, dövlətimizin
başçısının yürütdüyü siyasət doğru siyasətdir, bu
siyasət xalqa söykənmişdir və onun ehtiyaclarının
həllinə istiqamətlənmişdir.
Prezident Administrasiyasının rəsmisi doğru seçim
etdiklərinə görə akademiyanın gənclərinə təşəkkürünü
bildirmiş, onlara böyük uğurlar arzulamışdır.
Sonda bu il keçiriləcək prezident seçkilərində Prezident
İlham Əliyevin namizədliyinin yekdilliklə dəstəklənməsi
ilə bağlı AMEA-nın gənc alimləri adından bəyanat qəbul
olunmuşdur.
Gənclərin İntellektual İnkişaf Mərkəzinin beşillik
hesabatı qənaətbəxş hesab edilmişdir.
Bununla da AMEA-nın gənc alimlərinin ümumi yığıncağı öz
işini başa çatdırmışdır.
AzərTAc |