Naxçıvan
Dövlət Universitetində "Elektron Naxçıvan - 8"
mövzusunda elmi konfrans keçirilmişdir. Konfransdan
öncə Naxçıvan Dövlət Universiteti Elektron
kitabxanasının açılış mərasimi olmuşdur. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İbrahim Quliyev açılışı bildirən lenti kəsmiş,
kitabxana ilə tanışlıq olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Vasif Talıbovun qayğısı sayəsində
2004-cü ildə kitabxana üçün yeni beşmərtəbəli bina inşa
edilmiş, bundan sonra 1968-ci ildən fəaliyyət göstərən
kitabxananın tarixində yeni inkişaf mərhələsi
başlamışdır. Muxtar respublikada elm sahələri üzrə ən
iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanası dünyanın
30-dan çox dilində 200.000 nüsxəyə yaxın fonda malikdir.
Kitabxana ümumi və ixtisaslaşdırılmış oxu zalları
vasitəsilə 12 min oxucuya xidmət göstərir. Hazırda
kitabxanada ayrı-ayrı elm sahələri üzrə
ixtisaslaşdırılmış 10 fond, 10 oxu zalı və 6 şöbə var.
Universitetdəki Wi fi internet xidmətindən dizüstü
kompüterində "wireless ethernet" kartı olan kitabxana
oxucuları da istifadə edə bilir. "Azercell"in 100mb/s.-ə
qədər yüksək sürətli internetə çıxışı təmin edən, IV
nəsil texnologiyası əsasında işləyən modemlərindən
istifadə kitabxana işçilərinin səmərəli fəaliyyətinə,
oxuculara xidmət işinə daha əlverişli imkanlar
yaradır. NDU Elmi Kitabxanasının geniş oxucu kütləsi
üçün www.e-kitab.ndu.nmr.az ünvanında Azərbaycan, rus və
ingilis dillərində İnternet səhifəsi yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbovun qayğısı sayəsində bu il kitabxananın binası
təmir olunmuş, oxuculara daha yüksək səviyyədə xidmət
göstərilməsi üçün kitabxana yeni nəsil texnologiyalarla
təchiz olunmuşdur.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
və qonaqlar Elmi kitabxananın birinci mərtəbəsində yeni
yaradılmış
elektron oxu zalında, kitabişləmə şöbəsində, İnternet
mərkəzində, dövri mətbuat fondunda olmuşlar.
Kitabxananın elektron oxu zalında oxucular üçün 20 ədəd,
işçi yerləri üçün isə 10 ədəd kompüter, 1 ədəd server,
1ədəd elektron kitabxananın təşkili üçün böyükhəcmli
server, oxu zalı üçün printer və skaner, 1 ədəd elektron
kataloq köşkü, yeni təşkil olunmuş konfrans zalı üçün
elektron lövhə və dizüstü kompüter quraşdırılmışdır.
Elektron kataloq və elektron kitabxananın yaradılması
istiqamətində bir sıra işlər görülmüş, kitabxananın
fondunda olan 150-yə yaxın kiatbın elektron kataloqu,
100-ə yaxın kitabın isə tammətnli elektron versiyası
hazırlanaraq oxucuların istifadəsinə verilmişdir.
İnternet mərkəzində isə universitetin müəllim və
tələbələrinin İnternetdən istifadəsi üçün şərait
yardılmışdır. Dövri mətbuat fondunda 22.000-dən çox
elmi, elmi-kütləvi və ədəbi-bədii mətbuat nümunələri,
habelə dissertasiya və avtoreferatlar toplanmışdır.
NDU-nun Elmi kitabxanası 35 adda qəzet və jurnala abunə
yazılmış, 170 adda jurnal isə kitabxanaya hədiyyə
olunmuşdur. Naxçıvan Dövlət Universitetində elektron
kitabxana sisteminin istifadəyə verilməsi dünya
standartlarına cavab verəcək müasir tipli kitabxanaların
yaradılmasına, kitabxana işinin inkişafına xidmət
edəcək.
Sonra elektronika, memarlıq və rəsm sərgilərinə baxış
olmuşdur. Ali Məclisin sədrinə elektronika sərgisində
nümayiş olunan, universitetin memarlıq və mühəndislik
fakültəsinin informasiya texnologiyaları və sistemləri
mühəndisliyi ixtisası tələbələrinin hazırladıqları,
elektronika və robot texnikasının inkişafı, reklam və
afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması
baxımından əhəmiyyət kəsb edən nümunələr haqqında
məlumat verilmişdir. Universitetin incəsənət
fakültəsinin müəllim və tələbələrinin Azərbaycanın
dövlətçilik tarixini, qədimliyini, ecazkar təbiətini əks
etdirən rəsm əsərləri və dekorativ-tətbiqi sənət
nümunələri ilə tanışlıq olmuşdur.
Konfransı giriş sözü ilə universitetin rektoru,
biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov
açaraq informasiya-kommunikasiya texnologiyalarının
inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi, ölkənin informasiya-kommunikasiya
texnologiyalarının inkişafına görə ön sırada olması,
dünya informasiya məkanına uğurla inteqrasiya etməsi, bu
sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə regionda
qazanılan uğurlar, Naxçıvan Dövlət Universitetində
atılan əhəmiyyətli addımlar barədə məlumat vermişdir.
Sonra universitet televiziyasının hazırladığı "Elektron
Naxçıvan" sənədli filmi nümayiş etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbov çıxış edərək konfrans iştirakçılarını
salamlamışdır. Ali Məclisin sədri Azərbaycanda
informasiya-kommunikasiya texnologiyalarının inkişafının
ötən əsrin 70-ci illərindən başladığını, ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə Kibernetika İnstitutu,
Kosmik Tədqiqatlar Mərkəzi yaradıldığını, mikrosxemlər
və texnoloji avadanlıqların istehsalı ilə məşğul olan
sənaye müəssisələri açıldığını, mütəxəssis hazırlığı
istiqamətində mühüm işlər görüldüyünü bildirmişdir.
Azərbaycanda rabitənin, tele-kommunikasiya
texnologiyaları sahəsinin daha geniş inkişafı ümummilli
liderin ikinci dəfə ali hakimiyyətə qayıtması ilə
bağlıdır. Belə ki, 2003-2012-ci illəri əhatə edən
"Azərbaycan Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə Milli
Strategiya" müasir informasiya texnologiyalarının
Azərbaycanda tətbiqi, qloballaşma və inteqrasiya
proseslərinə qoşulmaq baxımından mühüm əhəmiyyət kəsb
edir.
Ali Məclisin sədri Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin informasiya cəmiyyətinin inkişafı,
elektron hökumətin yaradılması məqsədilə apardığı
məqsədyönlü siyasətin bəhrələrindən, Azərbaycanın ilk
tele-kommunikasiya peykinin orbitə buraxılmasının,
2013-cü ilin Azərbaycan Respublikasında
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
edilməsinin siyasi-iqtisadi, strateji əhəmiyyətindən
danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar
Respublikasında da informasiya-kommunikasiya
texnologiyaları sosial-iqtisadi inkişafın əsas
hərəkətverici qüvvəsidir. İnformasiya-kommunikasiya
texnologiyalarının son nailiyyətlərinin tətbiqi
sayəsində Naxçıvan informasiya blokadasını yarmış, ən
ucqar dağ kəndlərində dünyanın istənilən yeri ilə əlaqə
saxlamaq üçün telefon və geniş zolaqlı İnternet əlaqəsi
yaradılmışdır. Tele-kommunikasiya infrastrukturu
müasirləşdirilmiş, Naxçıvan şəhərində, Şərur və Sədərək
rayonlarında üçüncü nəsil tele-kommunikasiya sistemi
quraşdırılmışdır ki, hazırda bu sistem mövcud telefon
istifadəçilərinin 60%-nə xidmət edir. 134 km yeraltı
optik xəttin tikintisi hesabına avtomat telefon
stansiyasının 90%-i fiber-optik bağlantılarla təmin
olunmuşdur. Ali Məclisin sədri muxtar respublikada yeni
texnologiyaya və kompüterləşməyə təlabatın artmasını
diqqətə çəkərək bildirmişdir ki, hazırda muxtar
respublika əhalisində 87 mindən artıq kompüter vardır.
İnternet istifadəçiləri əhalinin 81%-ni təşkil edir. 74
dövlət orqanı üçün İnternet səhifəsi hazırlanaraq qlobal
şəbəkəyə yerləşdirilmişdir. 34 dövlət orqanı tərəfindən
göstəriləcək elektron xidmətin reqlamentləri təsdiq
edilmiş, elektron hökumət portalı yaradılmışdır. Ali
Məclisin sədri informasiya-kommunikasiya
texnologiyalarının həm də ölkənin intellekt və elmi
potensialının vacib göstəricilərindən biri olduğunu
vurğulayaraq təhsil müəssisələrinin yeni nəsil
informasiya-kommunikasiya texnologiyaları ilə təminatına
xüsusi diqqət yetirildiyini, hazırda muxtar
respublikanın ümumtəhsil məktəblərində 3183 kompüter və
500 elektron löhvə, ali təhsil müəssisələrində isə 600-ə
yaxın kompüter və 52 elektron lövhə olduğunu
bildirmişdir. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Vasif Talıbov Azərbaycanda, o cümlədən
Naxçıvan Muxtar Respublikasında
informasiya-kommunikasiya texnologiyaları sahəsinin
inkişafının ardıcıl xarakter daşıdığını diqqətə
çatdırmış, bu sahədə qarşıda duran əsas vəzifələrdən
danışmış, konfransın işinə uğurlar arzulamışdır.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev
"Elmi əlaqələrin inkişafında İKT-nin rolu" məruzəsində
Naxçıvanda telemetrik seysmik stansiyaların, GPS
şəbəkəsinin qurulmasının əhəmiyyətindən bəhs etmiş, İKT
sahəsində təcrübə mübadiləsi məqsədilə Massaçusets
Texnologiya İnstitutu ilə Naxçıvan Dövlət Universiteti,
AMEA Naxçıvan Bölməsi arasında virtual laboratoriya
yaradılacağını bildirmişdir.
Azərbaycan Respublikası Rabitə və İnformasiya
Texnologiyaları nazirinin müavini İltimas Məmmədov
"Azərbaycanda İKT-nin mövcud vəziyyəti və perspektiv
inkişafı" mövzulu məruzəsində Azərbaycanda İKT-nin
qeyri-neft sektorunda ən prioritet sahələrdən biri hesab
olunması, ölkədə informasiya cəmiyyətinin yaradılması
üçün müvafiq hüquqi baza formalaşması barədə məlumat
vermişdir.
2005-ci ildən başlayan "Elektron Naxçıvan" layihəsinin
gerçəkləşdirilməsində özünəməxsus rolu olan, AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli "Elektron
Naxçıvan" və humanitar siyasət" məruzəsində "Elektron
Naxçıvan" hərəkatını Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Vasif Talıbovun milli düşüncə,
dövlətçilik təfəkkürü, humanitar və informasiya
texnologiyaları siyasətinin vəhdətindən ibarət, müstəqil
ölkənin inkişafına xidmət edən siyasi modelinin bəhrəsi
kimi dəyərləndirmişdir.
Konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev
"Elektron Naxçıvan" - inkişaf mərhələləri", Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov
"Təhsil sisteminin informasiyalaşdırılması" mövzusunda
məruzələr etmişlər.
Elmi konfransda Naxçıvan Dövlət Universitetinin
tərəfdaşlıq etdiyi ən müxtəlif ölkələrin elm və təhsil
müəssisələri ilə videobağlantı yaradılmışdır.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Anar
Kazımovun təqdimatı ilə paralel və ardıcıl
videobağlantılar vasitəsilə Türkiyə Cümhuriyyətinin Qars
Qafqaz Universitetinin rektoru, professor, doktor Sami
Özcan, İspaniyanın Santiaqo de Kompestella
Universitetində "Erasmus Mundus" -2 Təhsil Hərəkatı"
çərçivəsində doktorantura təhsili alan Şahanə
Hüseynova, Rusiya Federasiyasının Penza Dövlət
Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru,
professor Yuri Aleksandroviç Mazey, Avstriyanın Qraz
şəhərindəki "Əldə etmək və saxlamaq" (Gain-sustain)
təşkilatının təsisçilərindən olan xanım Sabrina Şifrer,
Almaniyanın Leypsiq Tədqiqi Elmlər Universitetinin
İnformatika və multimedia kafedrasının müdiri, professor
Klaus Hansgen, AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə
doktoru Rəşid Ələkbərov konfransa qoşulmuş, virtual
əlaqələrin gələcək inkişafı ilə bağlı konkret
təkliflərlə çıxış etmişlər.
Konfransa Naxçıvan Dövlət Universitetinin rektoru,
biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov
yekun vurmuş, konfrans iştirakçılarına incəsənət
fakültəsinin müəllim və tələbələrinin hazırladığı
konsert proqramı təqdim olunmuşdur.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |