Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondu bu il iyunun 27-də növbəti qrant
müsabiqəsi elan etmişdir. Bununla əlaqədar olaraq bir
sıra şəhər və rayonlarda gənclər üçün müsabiqə şərtləri
və müraciət qaydaları barədə təqdimatlar keçirilir.
AzərTAc xəbər verir ki, Qəbələ Rayon Mədəniyyət
Mərkəzinin konfrans zalında Qəbələ və İsmayıllı
rayonlarının nümayəndələrinin iştirakı ilə qrant
müsabiqəsinin təqdimatı olmuşdur.
Tədbirdə fəal gənclər və bu rayonlarda fəaliyyət
göstərən gənclər təşkilatlarının nümayəndələri iştirak
etmişlər.
İştirakçılara sorğu anketləri, fondun təsis etdiyi geyim
formaları, bloknot, qələm və yaddaş kartları
paylanılmışdır.
Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri
Soltanov, Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun şöbə müdiri Vüqar Seyidbəyov
bildirmişlər ki, növbəti qrant müsabiqəsi də gənclər
siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər
sosial sahələrə yönəlmiş fəaliyyətlərin
stimullaşdırılmasını təmin edərək Azərbaycan gəncliyinin
inkişafını daha da intensivləşdirəcəkdir. Fondun elan
etdiyi qrant müsabiqəsi gənclərin, gənclər
təşkilatlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və
idarəetmə sahəsindəki innovativ ideyalarını
dəstəkləyəcək, dövlətin və cəmiyyətin inkişafında gənc
nəslin təşəbbüskarlığını və iştirakını artıracaqdır.
V.Seyidbəyov diqqətə çatdırmışdır ki, gənclər arasında
keçirilmiş sorğu vasitəsilə biz gənclərin fonddan
gözləntilərini və onları maraqlandıran sahələri
öyrəndik. Sorğunun nəticələrinə əsasən, həmçinin növbəti
qrant müsabiqəsinin istiqamətlərini, yeni prioritet
sahələrini müəyyən etdik.
Məlumat verilmişdir ki, sosial sorğunun nəticələrinə
əsasən, gənclər və idman sahəsində gənclərin
təşəbbüslərinə, əlil gənclərlə bağlı görülən işlərə,
xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin
ideyalarına və təkliflərinə, region gənclərinin
inkişafının təmin edilməsi üçün bölgələrdəki gənclər
təşkilatları ilə birbaşa əməkdaşlığın gücləndirilməsinə
xüsusi diqqət ayrılacaqdır.
Tədbirin sonunda gəncləri maraqlandıran suallara ətraflı
cavab verilmişdir. |