İyulun
6-da Azərbaycan Dillər Universitetində (ADU) Amerika
Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Gününə
həsr olunmuş "Amerika günü" adlı tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, ABŞ-ın ölkəmizdəki səfirliyinin
təşəbbüsü ilə təşkil olunan tədbir Azərbaycanın və
ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə
başlanmışdır.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor
Səməd Seyidov Amerikanın müstəqilliyinin 237-ci
ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik
etmişdir. Ölkələrimiz arasında münasibətlərdən
danışan rektor bildirmişdir ki, hazırda
Azərbaycan-Amerika əlaqələri yüksək səviyyədədir və
hər iki ölkənin dövlət başçısının yürütdüyü
məqsədyönlü siyasət nəticəsində bu əlaqələr
gündən-günə inkişaf edir, möhkəmlənir.
ADU-da yaradılmış mərkəzlərdən söz açan S.Seyidov
ölkələrimizin zəngin mədəniyyətlərinin qarşılıqlı
təbliğində Amerika Mərkəzinin rolunu xüsusilə qeyd
etmişdir. Rektor bu mərkəzin fəaliyyətinə göstərilən
köməyə və ADU ilə səmərəli əməkdaşlığa görə ABŞ
səfirliyinə təşəkkür etmişdir.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar
ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət
verdiyini söyləmiş, respublikamızın son illər qazandığı
nailiyyətləri xüsusi vurğulamışdır. ABŞ-ın milli
bayramının ADU-da qeyd olunmasını yüksək dəyərləndirən
diplomat tədbirin təşkilatçılarına minnətdarlığını
çatdırmış, ADU ilə ABŞ səfirliyi arasında əməkdaşlığın
daha da möhkəmlənəcəyinə əminliyini bildirmişdir.
ADU-nun Amerika Mərkəzinin danışıq klubu üzvləri ABŞ
rəqslərini ifa etmişlər.
Sonra tədbir iştirakçıları ABŞ-ın müxtəlif ştatlarına
həsr edilmiş sərgilərlə tanış olmuşlar.
Tədbir Azərbaycan və ABŞ musiqi qruplarının konserti ilə
davam etmişdir. |