İyulun 4-də "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Bakı
Özəl Türk Liseyində XI Beynəlxalq türk dili
olimpiadasında uğur qazanan Azərbaycan komandasının
üzvləri mükafatlandırılmışlar.
AzərTAc xəbər verir ki, mükafatlandırma mərasimində
"Çağ" Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri
Ənvər Özərən qurumun təhsil müəssisələrində qazanılan
uğurlardan danışmışdır.
Cəmiyyətin inkişafında dilin, təhsilin, mədəniyyətin
mühüm rolunu vurğulayan Ə. Özərən Beynəlxalq türk dili
olimpiadasının əhəmiyyətindən danışmışdır.
Qeyd olunmuşdur ki, olimpiada iştirakçıları bu ilin
may-iyununda Türkiyənin ayrı-ayrı şəhərlərində müvafiq
proqramlarla çıxış etmişlər. Olimpiadanın final
mərhələsi İstanbul şəhərində keçirilmişdir. Beynəlxalq
yarışda 140 ölkədən 2 minə yaxın şagird iştirak
etmişdir.
Qiraət, mahnı, şeir, mədəni irs, rəsm və digər
kateqoriyalar üzrə keçirilən olimpiadada Azərbaycan
komandası 10 qızıl, 7 gümüş və 5 bürünc medala layiq
görülmüşdür. Ümumilikdə Azərbaycan komandası olimpiadada
22 medal qazanaraq 140 ölkə arasında ikinci yeri
tutmuşdur.
Sonra olimpiadanın qaliblərinə mükafatlar təqdim
olunmuşdur. |