İyulun
7-də Fövqəladə Hallar Nazirliyinin Qəbələdə yerləşən "N"
saylı hərbi hissəsində ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr edilmiş "Gənc xilasedici və
yanğınsöndürən" adlı respublika birinciliyi və
beynəlxalq turnir başa çatmışdır.
AzərTAc xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin
təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin
dəstəyi ilə keçirilən yarışın bağlanış mərasimində
fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin
Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və
idman nazirinin müavini İsmayıl İsmayılov iştirak
etmişlər.
Əvvəlcə qonaqlar yarışın keçirildiyi çadır düşərgəsində
bütün komandaların üzvləri ilə görüş keçirərək onların
geyimi, fiziki və taktiki hazırlığı və qidalanması üçün
yaradılmış şəraitlə tanış olmuş, xilasedici və yanğından
mühafizə komandalarının fövqəladə hallara hazırlıq
vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan
istifadə etmək bacarıqları ilə maraqlanmışlar.
Komandalar şərti olaraq yük avtomobilində və yaşayış
evində baş verən yanğının söndürülməsi əməliyyatını
uğurla başa vurmuş, qısa vaxt ərzində yanğını dəf
etməklə insanları müxtəlif vasitələrin köməyi ilə xilas
etmişlər.
Qəbələ Mədəniyyət Mərkəzində keçirilən komandaların
mükafatlandırılması mərasimində çıxış edənlər
bildirmişlər ki, bu yarışın əsas məqsədi yeniyetmə və
gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin
yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai
təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc
nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam
həyat tərzinin təbliğindən ibarətdir. Yeniyetmə və
gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə
davranmaq qaydalarını öyrənirlər və onlarda bu sahəyə
böyük maraq yaranır.
Qeyd edilmişdir ki, ölkəmizin müxtəlif bölgələrində
keçirilmiş zona yarışlarında yüksək yer tutan komandalar
finala vəsiqə qazanmışdır. Bu yarışın iştirakçısı olan
18 şəhər və rayonun komandası, eləcə də Azərbaycan,
Rusiya, Qazaxıstan, Polşa, Belarus və ABŞ-dan olan
təmsilçilər beş mərhələdə - "Maneələr zolağı", "Kombinə
edilmiş yanğın estafeti", "Axtarış-xilasetmə işi",
"Komandaların təqdimatı" və "Gənc ekspertlər" üzrə
birincilik uğrunda mübarizə aparmışdır.
Beynəlxalq yarışda Azərbaycan komandası birinci, Belarus
təmsilçiləri ikinci, Qazaxıstan xilasediciləri üçüncü
yeri tutmuşlar.
Mərasimdə komandalara kubok və hədiyyələr təqdim
olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.
AzərTAc |