Prezident
İlham Əliyev mərasimdə iştirak etmişdir
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Qazaxda Uşaq Əyləncə Mərkəzinin açılışında
iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən
lenti kəsdi.
Məlumat verildi ki, uşaqların keyfiyyətli təhsil və
dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin
edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri
şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli
vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq
siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq
siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da
bu istiqamətdə vacib layihələr həyata keçirir. Bu sahə
ilə bağlı müvafiq Dövlət proqramlarının qəbul edilməsi
və həyata keçirilməsi davamlı xarakter almışdır. Bakıda
və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə
mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı
şəkildə yenidən qurulur.
Azərbaycan Prezidenti Uşaq Əyləncə Mərkəzində yaradılan
şəraitlə tanış oldu.
Məlumat verildi ki, ətraf ərazidə abadlıq-quruculuq
işləri aparılmış, uşaqların asudə vaxtlarının səmərəli
təşkili üçün lazımi şərait yaradılmışdır. Mərkəzin
ərazisi 1,2 hektardır. Mərkəzin qarşısında sahəsi 1080
kvadratmetr olan süni göl yaradılmışdır ki, bu da
binanın görünüşünə daha da gözəllik qatır. Mərkəzin
tikinti sahəsi 400 kvadratmetrdir.
Bildirildi ki, Uşaq Əyləncə Mərkəzinin tikintisinə
2013-cü ilin yanvarında başlanmışdır. Burada istirahət
edən uşaqlara 8 nəfərlik işçi heyət nəzarət edəcəkdir.
Mərkəzdə kompüter zalı, inzibatçı otağı, oyun zalı,
bufet-kafe, mətbəx və xidmət heyəti üçün otaqlar vardır.
Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən
razılığını bildirdi.
AzərTAc |