Azərbaycan Prezidentinin bu ada namizədliyi dünyanın 50
universitetini təmsil edən gənclər arasında keçirilən
səsvermədə qalib gəlmişdir
Dialoq
və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun
(DƏİKGF) İstanbuldakı Beynəlxalq Katibliyindən AzərTAc-a
verilən məlumata görə, dünyanın 40 ölkəsinin 50-dən
artıq universitetini təmsil edən 170-dən çox gənc
arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında
online keçirilən sorğuya əsasən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev İƏT
coğrafiyasında "İlin dövlət başçısı" seçilmişdir.
Bu barədə qərar iyulun 6-da DƏİKGF və Malayziya
Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı
ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq
İslam Əməkdaşlıq Təşkilatı Modelinin Sammitinin bağlanış
mərasimində elan edilmişdir.
"İlin dövlət başçısı" nominasiyasında iştirak etmiş və
İƏT-in 57 üzv ölkəsi sırasından seçilmiş dövlət
başçılarının namizədlikləri İslam irsinə göstərilən
qayğı, İƏT ölkələri arasında həmrəyliyin
möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin
sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin
gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər
üzrə qiymətləndirilmişdir. Azərbaycan Prezidenti İlham
Əliyev bu nominasiyanın qalibi olmuşdur.
Tədbirin bağlanış mərasimində qərarı elan edən İƏT
Modeli Sammitinin hazırlıq komitəsinin sədri və
Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru,
professor Abdulaziz Berqut bildirmişdir ki, Prezident
İlham Əliyev "İlin dövlət başçısı" seçilərkən Azərbaycan
Prezidentinin rəhbərliyi altında əldə olunmuş
nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT
ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə
yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin
təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə
donor konfransına 2013-cü ilin iyununda Bakıda ev
sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in
İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi,
həmçinin Cənubi Qafqazın ilk məscidi və İslam
sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin
bərpası təşəbbüsləri nəzərə alınmışdır.
Üçüncü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin
"İlin dövlət başçısı" mükafatının modelin nümayəndə
heyətinin Azərbaycana səfəri zamanı Prezident İlham
Əliyevə təqdim edilməsi nəzərdə tutulur.
AzərTAc |