Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Şamaxı güləş məktəbinin fəxri

 

Bu günlərdə Şamaxı ictimaiyyətinin, xüsusən idmansevərlərin sevincinə səbəb olan bir hadisə baş vermişdir. Belə ki, şamaxılıların ən sevimli güləşçilərindən biri olan Qüdrət Tacı oğlu Məmmədyarov "Azərbaycan Respublikasının əməkdar məşqçisi" fəxri adına layiq görülmüşdür. 

Bildiyimiz kimi, Şamaxı tarixən öz məşhur idmançıları ilə daim seçilmiş, Azərbaycanımızın adını yüksəklərə qaldırmışdır. Bu səbəbdən də yüksək yerlər tutan idmançılarımız möhtəşəm qələbələrlə doğma yurdlarına qayıtmışlar.

Hələ 60-cı illərdə Şamaxı şəhər C.Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbdə təhsil aldığım illərdə mənə dərs demiş, məşhur güləşçi-müəllimlər Zakir Səmədov və Qədri Bağıyev bizdə idmanın bir çox sahələrinə maraq yaradır, xüsusən idmanın güləş növü üzrə əlavə məşğələlər təşkil edir və yarışlara hazırlaşdırırdılar. Məhz  belə yarışlara hazırlaşanlar arasında yeniyetmə istedadlılardan biri də Qüdrət Məmmədyarov xüsusilə fərqlənərək məşqlərini müntəzəm olaraq davam etdirirdi.  Gələcəyin fəxri idmançısının ilk məşqçisi də Şamaxıda böyük hörmət sahibi olan müəllim-məşqçi Qədri Bağıyev olur. Daha sonra Qüdrətin gələcəyini görən uzaqgörən idmançılar onun hazırlaşdırılmasını ən məşhur məşqçilərdən biri olan Xankişi Hüseynova həvalə edirlər.

Bir çox turnir və yarışlarda fərqlənən gənc Qüdrət 1969-cu ildə Bakı Bədən Tərbiyəsi  Texnikumuna daxil olur və 1972-ci ildə müvəffəqiyyətlə təhsilini başa vuraraq bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnir.

1972-ci ildə Şamaxı şəhər 1 nömrəli orta məktəbində bir il müəllim işləyən Q.Məmmədyarov 1973-1975-ci illərdə hərbi xidmətdə olur. Bu dövrdə ciddi məşqlərdən sonra sərbəst güləş üzrə yarışlarda dalbadal qələbələr qazanan gənc Qüdrət tanınmağa başlayır.

1974-cü ildə Qüdrət Məmmədyarovun sərbəst güləş üzrə şöhrəti parlaq şəkildə özünü SSRİ Silahlı Qüvvələrinin yarışında büruzə verir. O, bu yarışda bütün rəqiblərini geridə qoyaraq birinci yerə  çıxır.

Daha sonra 1975-ci ildə "Məhsul" Cəmiyyətinin SSRİ birinciliyində 3-cü yeri tutan Qüdrət Məmmədyarov SSRİ idman ustası normasını yerinə yetirərək yüksək fəxri ada layiq görülür.

Dəfələrlə Azərbaycan çempionatlarında iştirak edən və yüksək yerlər tutan Qüdrət Məmmədyarovun adı 70-ci illərin məşhur Şamaxı idmançıları olan Telman Xəlilov, Həsrət Məmmmədyarov, Qahir Mahmudov, Rövşən Hüseynov, Adil Salahov, Bahadur Mirzəliyev, Tərlan və Elşən Məmmədovlarla birgə çəkilir. Onu xususi olaraq qeyd edək ki, Qudrətin qardaşı Həsrət Məmmədyarov da böyük nailiyyətləri olan fəxri idmançılarımızdandır.

Şamaxı idmanının intibah dövrü də məhz bu idmançılarla sırf bağlı idi.

Sözsüz ki, adını çəkdiyimiz bu idmançıların yetişdirilməsində və həvəsləndirilməsində Xankişi  Hüseynov, Emin Ramazanov, Zakir Səmədov, Xoşsəfa İbadov, İbrahim Zabitov, Hacıbaba Şıxıyev, Nuhbaba Şıxıyev, Əhliman Qəhrəmanov, Əlisoltan Əmirov kimi Şamaxı güləş ənənələrini qoruyub saxlayan və məharətlə davam etdirən 50-60-cı illərin məşhur pəhləvanlarının rolu da az deyildir.

Özünü bütövlükdə Azərbaycanda güləşin inkişafına həsr etməyi qarşısına məqsəd qoyan Qüdrət Məmmədyarov idman qələbələrini başa vurduqdan sonra məşqçi-müəllim kimi şərəfli bir yolun yolçusu olur. Məhz bu gün onun yetirmələri arasında Azərbaycan çempionu, dünya və Avropa miqyaslı beynəlxalq turnirlərin qalibi və mükafatçıları da vardır.

Belə ki, hazırda Şamaxı Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləş növü üzrə məşqçi işləyən Qüdrət Məmmədyarov Ruslan Surxayev, Emil Qasımov, Faiq Qasımov, Elvin Qasımov, Elşən Hüseynov, Seyid Qarayev, Mahir Mahmudov, Əli Piriyev, Elşən Hüseynov kimi respublika səviyyəli idmançılar yetişdirmişdir. Dəfələrlə müxtəlif yarışlarda müvəffəqiyyətlə  çıxış  edən bu güləşçilər 1-3-cü yerlərə layiq görülərək idman dərəcələrini ödəyərək müxtəlif mükafatlarla təltif olunmuşlar.

Sevindirici haldır ki, Q.Məmmədyarovun ən parlaq yetirməsi olan Ruslan Surxayev 42-45-50 kq çəki dərəcəsində sərbəst güləş üzrə Avropa çempionu və 2 dəfə dünya mükafatçısıdır. Eyni zamanda o, 4 dəfə respublika çempionudur.

Hazırda Mahir Məmmədov isə Azərbaycanın yığma komandasının tərkibində müxtəlif beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış edir.

Ömrünün 60-cı baharını yaşayan yubilyar bu gün böyük həvəslə uğurlarını bir müəllim-məşqçi  kimi həm M.Hadi adına şəhər 9 nömrəli tam orta məktəbdə, həm də Şamaxı Uşaq-Gənclər İdman Məktəbində davam etdirməkdədir.

Şamaxı idmanının şöhrətləndirilməsi üçün əlindən gələni əsirgəməyən Q.Məmmədyarov 2009-cu ildə Azərbaycan Respublikasının "Fəxri bədən tərbiyəsi və idman işçisi", 2013-cü ildə isə "Əməkdar məşqçi" fəxri adlarına layiq görülmüşdür.

60 yaşlı sevimli yubilyarımızı, əməkdar müəllim-məşqçimizi rayonun çoxsaylı təhsil işçiləri adından yeni fəxri ad alması münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, gözəl yetirmələrinə ən ali turnir və yarışlarda neçə-neçə qələbə soraqları və arzularının çiçəklənməsi üçün xoş günlər arzulayırıq.  

Ədalət MƏMMƏDOV,
Şamaxı RTŞ-ın əməkdaşı, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov