Ümid
Fuad oğlu Aslanov 2006-cı il yanvarın 23-də Bakıda
anadan olmuşdur. Xırdalan şəhər 1 nömrəli tam orta
məktəbin birinci sinif şagirdidir. Ailəsinin şahmata
olan marağından sonra Ümidin də bu idman növünə sevgisi
yaranmışdır.
O, 5 yaşından 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinə qəbul
olaraq, şahmatın sirlərini öyrənməyə başlamışdır.
Təcrübəli müəllimlərdən dərs alan balaca Ümid
valideynlərinin və onu sevənlərin arzularını
gerçəkləşdirmək üçün çalışmışdır. 2012-ci ildə 6 yaşlı
şahmatçılar arasında Bakı çempionatında iştirak edən və
fərqlənən Ü.Aslanov beynəlxalq yarışlara vəsiqə
qazanmışdır. Həmin ilin mayın 10-15 tarixlərində
Rumıniyada 45-ə yaxın ölkənin 7 yaşa qədər şahmatçıları
arasında keçirilən dünya çempionatında o, V yerin
sahibi olmuşdur. Ümidləri doğrultmağa çalışan Ümid
bundan başqa 2012-ci ildə Gürcüstanın Poti şəhərində
Nana Aleksandriya adına beynəlxalq turnirdə 7 yaşlı
şahmatçılar arasında rəqiblərindən fərqlənərək fəxri
kürsünün yüksək pilləsinə çıxmışdır. 2013-cü ilin
mayında Yunanıstanın Portokaros şəhərində 50-yə yaxın
ölkənin şahmatçılarının iştirakı ilə keçirilən yarışda
da fərqlənən Ü.Aslanov III yeri tutmuşdur. Həmin ilin
iyunun 20-28 tarixlərində Serbiyanın Novisad şəhərində
Avropa çempionatında iştirak edən Ümid 7 yaşlı
şahmatçılar arasında I yeri tutaraq fəxri kürsünün
yüksək pilləsinə qalxmışdır. Ümidə tanınmış şahmatçı
olmağı, Azərbaycanımızın idman şərəfini beynəlxalq
yarışlarda uca tutmağı, onu sevənlərin ümidlərini həmişə
doğrultmağı arzulayırıq.
Rəşad ZİYADOV |