Regionlar cari ildə uşaq bağçalarında yeni yerlərin
yaradılmasına əlavə 50 milyard rubl federal subsidiya
alacaqlar. Bu barədə məktəbəqədər təhsilin hamıya
müyəssər olmasının təmin edilməsi məsələləri üzrə
yığıncaqda Rusiya Federasiyası hökumətinin başçısı
Dmitrii Medvedev deyib.
Rusiyanın Təhsil və Elm Nazirliyinin məlumatına görə,
məktəbəqədər müəssisələrə gedən üç yaşından yeddi
yaşınadək uşaqların sayı ilin əvvəlindən 43 min nəfər
artaraq may ayında 5,3 milyon nəfərə çatıb. Altı
regionda - Amur, Vladimir, Kaluqa, Tümen vilayətlərində,
Nenen və Çukot muxtar dairələrində problem, demək olar
ki, həll olunub. Lakin hələ də 572 min uşaq öz növbəsini
gözləyir. Demoqrafik proqnozlar nəzərə alınmaqla isə
2016-cı ilədək məktəbəqədər müəssisələrdə əlavə təxminən
1,2 milyon yer yaratmaq lazımdır.
Nazir Dmitrii Livanovun sözlərinə görə, hər bir regionda
məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin inkişafı
üzrə mərhələli proqramlar işlənib hazırlanmışdır. Bu
planlarda üç il ərzində 755 min əlavə yer yaradılması
nəzərdə tutulmuşdur. Bu zaman yerlərin, təxminən, yarısı
məktəbəqədər təhsilin variativ formalarının inkişafı
hesabına yaradılacaq. Qalan tələbat 430 min yerdən
artıqdır ki, RF subyektlərinə maliyyə yardımı da məhz bu
məqsədlə planlaşdırılır.
Hökumətin təklifi ilə Dövlət Duması artıq federal büdcə
haqqında qanuna düzəliş etmişdir.
"Uçitelskaya qazeta"dan hazırladı: Y.ƏLİYEV |