Rusiya Federasiyası hökumətinin iclasında ali
məktəblərdə təhsil proqramlarının normativ-adambaşına
maliyyələşməsinə keçid haqqında məsələyə baxılmışdır.
Baş nazir Dmitri Medvedevin fikrincə, bu, ali
məktəblərin işinin səmərəliliyini təmin etməyə imkan
verəcək. "Dövlət akkreditasiyası olan hər bir təhsil
proqramı üçün normativ xərclərin hesablanmasının vahid
şəffaf prinsipləri tətbiq olunacaq. Bu zaman baza
normativ xərclərə regionun, peşə və sahənin
spesifikasını əks etdirən əmsallar tətbiq olunacaq", -
deyə baş nazir bildirmişdir. Tələbat duyulan ixtisaslar,
hər şeydən əvvəl, mühəndislik və tibb üzrə mütəxəssislər
hazırlanması üçün xüsusilə yüksək əmsallar müəyyən
ediləcək.
Qeyd edək ki, Rusiya Təhsil və Elm Nazirliyi eyni
zamanda ali məktəb şəbəkəsinin optimallaşdırılması ilə
də məşğul olacaq. Rəhbərlik etdiyi qurumun yaxın 5 il
üçün planlarını açıqlayan nazir Dmitri Livanovun
dediyinə görə, artıq bu il ərzində 250 qeyri-effektiv
filial və 30 ali təhsil müəssisəsi yenidən təşkil
olunacaq. 71 ali məktəbin və 133 filialın fəaliyyətinin
optimallaşdırılması proqramı isə start götürür.
Ümumilikdə bu işi 2016-cı ildə başa çatdırmaq
planlaşdırılır.
"Uçitelskaya qazeta"dan hazırladı: Y.ƏLİYEV |