Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Beynəlxalq təhsil xəbərləri

 

Dünyanın ən gənc universitetlərinin reytinq cədvəli açıqlanmışdır

Böyük Britaniyanın "Times" qəzetinin ali təhsil üzrə əlavəsi olan "Times Higher Education" dərgisi  dünyanın ən gənc 100 ali məktəbinin reytinq cədvəlini açıqlamışdır. Dərgidə əsasən, son 50  ilə qədər əsası qoyulmuş təhsil ocaqları yer almışdır. Rusiya, Hindistan, Çin, Afrika universitetlərinin yer almadığı siyahıda  Şərqi və Cənub-Şərqi Asiya 13 ali məktəblə təmsil olunmuşdur.

Reytinq tərtibçiləri elmi tədqiqatlar (nəşrlərin sayı, alimlərin rəyləri, əldə olunmuş qrantlar), elmi işlərdən sitatgətirilmə, tədrisin keyfiyyəti (müəllim-tələbə nisbəti, elmi dərəcə sahiblərinin payı və sairə), beynəlxalq aktivlik, beynəlxalq mübadilə, innovasiyaların tətbiqindən əldə olunmuş gəlirlər  kimi 13 kriteriyanı əsas götürmüşlər. 

Dünyanın  ən gənc universitetlərinin ilk onluğuna  aşağıdakı ali məktəblər  daxildir:  

1. Pohang University of Science and Technology (Cənubi Koreya)

2. Ecole Polytechnique Federale de Lausanne (İsveçrə)

3. Korea Advanced Institute of Science and Technology (Cənubi Koreya)

4. Hong Kong University of Science and Technology (Honkonq)

5. University of California, Irvine (ABŞ)

6. Maastricht University (Hollandiya)

7. University of York (Böyük Britaniya)

8. Nanyang Technological University (Sinqapur)

9. Universite Pierre et Marie Curie (Fransa)

10. Universite Paris-Sud (Fransa) 

"Times Higher Education"-un ilk belə bir tədqiqatı ali təhsil sahəsində hansı ölkələrin Amerika və Böyük Britaniya universitetləri ilə rəqabət aparmaq gücündə olduğunu göstərməyə xidmət edir. Reytinq cədvəlinin 10-luğuna 6 dövlət - Cənubi Koreya, İsveçrə, Honkonq, Amerika, Fransa, Böyük Britaniya daxildir. Bu isə, siyahının yuxarı hissəsinin ənənəvi  top-100-lərdən (bu siyahılarda bir qayda olaraq ABŞ və Böyük Britaniya dominantlıq təşkil edir) daha rəngarəng olmasını təmin etmişdir. Böyük Britaniya reytinqdə 20, Avstraliya 14, Amerika 9, İspaniya və Tayvan hərəsi 5 universitetlə təmsil olunmuşdur. İtaliyanın 1998-ci ildə yaradılmış, dünyanın ən gənc universiteti Milan-Bicocca cədvəldə 25-cidir. Türkiyənin Bilkənt Universiteti cədvəldə 32-ci yerdə qərarlaşmışdır.


 

Avropa Birliyi gənclərin təhsil səviyyəsinin aşağı düşməsindən narahatdır

Avropa Birliyi gənclərin təhsil səviyyəsinin aşağı düşməsindən narahatlığını bildirmişdir. AB-nin yeni hazırladığı hesabatda qeyd olunmuşdur ki, Avropa Birliyi məkanına daxil olan ölkələrdə gənc işsizlərin 76 faizi peşə və ya ali təhsilə malik deyil. Qurum gənclərin işlə təmin olunmamasının əsas səbəbini onların təhsildən uzaq düşmələri ilə izah etmişdir. AB gənclər arasında işsizlik probleminin həlli məqsədilə 8 milyard dollar vəsait ayırmaq niyyətindədir. 

Bu barədə qurumun Brüsseldə keçirilmiş sammitində qərar qəbul olunmuşdur. Vəsaitin böyük hissəsi 25 faizdən artıq işsizlik səviyyəsinin müşahidə olunduğu ölkələrdə gənclərin müvafiq peşə və ya ali təhsil almaları, təcrübə keçmələri, daha sonra işlə təmin olunmalarına xərclənəcək. 

Bu gün 15-24 yaşlı  vətəndaşlar arasında işsizlik səviyyəsi 23,5 faiz (7,5 milyon nəfər) təşkil edir. İspaniya və Yunanıstanda gənclər arasında işsizlik səviyyəsi 60 faizdir, Portuqaliya və İtaliyada bu rəqəm 40 faizdən artıqdır. Hətta Fransada bu rəqəmin 25 faizi keçdiyi bildirilir. 

Ekspert hesablamlarına görə, gənclər arasında işsizliyin artmasına görə AB ildə 120 milyard avro və ya ümumdaxili məhsulun 1,2 faizini itirir.


 

Rusiyada təhsilin keyfiyyətinin müstəqil qiymətləndirilməsi sistemi yaradılacaq

Bu barədə Rusiyanın Təhsil və Elm Nazirliyinin 2013-2018-ci illər üzrə fəaliyyət planında qeyd olunur. Nazirliyin rəsmi saytında yer almış  məlumata əsasən, yeni sistem 2018-ci ilə kimi bütün təhsil müəssisələrinin 95 faizini əhatə edəcək. 2015-ci ildə ali məktəblər öz tələbələrinin və tədqiqatçı alimlərinin diplom işlərinin və dissertasiyalarının mətnlərini təhsil ocağının saytında yerləşdirməlidirlər. Hər il fevral ayında nazirlik özü bu  planın reallaşdırılması gedişi barədə hesabat verəcək. Mart ayında isə monitorinqin nəticələrinə əsasən təhsil sisteminin inkişafı yekunları barədə hesabat hazırlanacaq. Bundan əlavə, planın reallaşdırılması çərçivəsində yeni federal təhsil standartları müvafiq  olaraq şagirdlərin təhsil nailiyyətlərinin federal  monitorinqi həyata keçiriləck.  

 Rusiya Təhsil və Elm Nazirliyinin 2013-2018-ci illərdə fəaliyyətinin əsas hədəfləri bunlardır:

- yeni məktəbəqədər dövlət təhsil standartları əsasında 3 yaşdan 7 yaşadək bütün uşaqlar üçün məktəbəqədər təhsilin təmin olunması;

 -  məktəb təhsilinin şagirdlərin qabiliyyətləri  və həyati tələbatlarına müvafiqliyinin təmin olunmasına, ölkənin perspektiv inkişaf vəzifələrinə uyğun surətdə həyata keçirilməsinə nail olmaq;

- gənc istedadları üzə çıxarmaq, uşaqların və gənclərin effektiv sosiallaşma sistemini yaratmaq;

-  peşə təhsili hazırlığının keyfiyyətini və peşə təhsili proqramlarının strukturunu Rusiya cəmiyyətinin və iqtisadiyyatın tələbatlarına  uyğunluğunu təmin etmək;

- əlillər və sağlamlıq imkanları məhdud uşaqlar və gənclər üçün təhsil almaq imkanlarının təmin olunması;

-  valideyn himayəsindən məhrum və kimsəsiz uşaqların ailələrə verilməsi; 

- kadr potensialının inkişafı və Rusiya elmində nəsillər arasında əlaqənin pozulması probleminin aradan qaldırılması;  

- alimlərin elmi işlərinin nəticələrinin qiymətləndirilməsi vasitəsi ilə Rusiya elminin effektivliyinin gücləndirilməsi;

- müasir elmi tədqiqatlar infrastrukturunun yaradılması yolu ilə elm sahəsində inkişaf həddinin formalaşdırılması;

- təhsil sisteminin informasiya şəfafflığının təmin olunması. Təhsilin keyfiyyətinin qiymətləndirilməsinin müstəqil sisteminin yaradılması;

- 2013-2018-ci illər üzrə Təhsil və Elm Nazirliyinin fəaliyyətinə dair  tədbirlərin gedişinin və nəticələrinin açıq  müzakirəsinin və ekspertlər tərəfindən qiymətləndirilmənin təmin olunması.


 

Estoniyada yeni təhsil proqramı hazırlanmışdır

Estoniyada hazırlanmış yeni təhsil proqramı  şagirdlər arasında dərin texniki vərdişlərin populyarlaşdırılmasına yönəlmişdir. "Tiger Leap Foundation" ("Pələng sıçrayışı") qeyri-kommersiya fondu ilə əməkdaşlığın  nəticəsində yaranmış bu proqrama əsasən, bundan sonra I-XII siniflərdə oxuyan bütün şagirdlər icbari qaydada proqramlaşdırma dərslərində iştirak etməlidirlər. "Uşaqlar smartfon və planşetlərlə çox tez maraqlanmağa başlayırlar, yeni texnologiyalardan istifadəni isə  uşaqlara məktəb yaşlarından aşılamaq lazımdır. Bu fənn birinci sinifdən başlamaqla tədris planında hökmən əksini tapmalıdır. Proqramlaşdırma fənninin ibtidai siniflərdən tədrisi özünü tam doğrultmuşdur", - deyə "Tiger Leap Foundation"-nun rəsmi nümayəndəsi Ave Lorinson bildirmişdir.

Estoniyanın bir sıra məktəblərində birincilər üçün  İT eksperimenti keçirilmiş və çox yaxşı nəticələr əldə olunmuşdur. 2013-2014-cü tədris ilindən isə bu təcrübənin bütün ölkə ərazisində yayılması qərara alınmışdır.  Əgər əvvəllər proqramlaşdırma fakültativ dərs hesab olunurdusa, indi icbari ümumtəhsil fənni hesab olunur. Layihənin tərəfdarları qeyd etmişlər ki, Estoniyada  peşəkar proqramçılara böyük ehtiyac vardır. Proqramın məqsədi ondan ibarətdir ki,  kompüter istifadəçiləri, sadəcə oyunçular deyil, bir sıra proqramların yaradıcıları olsunlar.

Birinci dərsdə müəllimlər qarşısında çətin vəzifə durur, onlar şagirdlərə kompüterin oyun meydançası olmadığını başa salmalı, onlara  kompüterdən istifadəyə dair ilk vərdişlər aşılamalıdır. Dərs ilinin sonunda isə uşaqlar özləri animasiya aparmağı, sadə tapşırıqları  proqramlaşdırmağı öyrənir və bir sıra kompüter proqramlarını mənimsəyirlər.  "Birinci və ikinci siniflərdə biz uşaqlara hər şeyi öz əlləri ilə etməyi  - klaviaturadan istifadə və şəkillər çəkməyi öyrətməyə çalışırıq. 3 və 4-cü siniflərdə isə onlar daha mürəkkəb məsələləri - proqramlaşdırmanın əsaslarının öyrənilməsinə  başlayırlar", - deyə estoniyalı  müəllim Kristi Saarpuu bildirmişdir.


 

Almaniyaya gələn miqrantlar daha yüksək təhsil və peşə hazırlığı ilə seçilirlər

Almaniyada yaşayan miqrantlar təhsil səviyyələrinə görə yerli əhalini  üstələmişdir. Aparılmış tədqiqatlar göstərmişdir ki, ölkənin əmək bazarında köklü dəyişikliklər baş verməkdədir.

Bertelsman Fondunun apardığı araşdırmalardan məlum olmuşdur ki, Almaniyaya gələn miqrantlar almanlara nisbətən daha yüksək təhsil  və peşə hazırlığı ilə seçilirlər. Yaşı 15-dən 65-dək olan yeni miqrantların  43 faizi magistr diplomuna, ali və ya texniki təhsil haqqında attestata malikdir.

"Şpigel" qəzetinin yazdığına görə, yerli almanlar arasında bu rəqəm cəmi 26 faiz təşkil edir.   Cəmiyyətdə isə belə bir rəy hökm sürür ki, miqrantların böyük qismi əsasən aşağı peşə hazırlığına malik olan təbəqələri təmsil edir. Əslində isə son 10 il ərzində miqrantların tərkibi  və onların peşə hazırlığı səviyyəsi köklü surətdə dəyişmişdir. 

  Federal Statistika Nazirliyinin məlumatına görə, ötən il ölkəyə 1 milyondan artıq miqrant gəlmişdir. Onların arasında yüksəkixtisaslı peşəkar kadrlar üstünlük təşkil edir. Artıq Almaniyanın bir sıra regionları öz ölkələrində iş tapa bilməyərək Avropaya üz tutmuş miqrantlar arasında məqsədyönlü şəkildə ali təhsilli kadrlar axtarır.


Uşaqları yeni texnologiyalara alışdırmağın yapon modeli

Tokio Texnologiya İnstitutunun professoru Şiqeo Xiroşi hesab edir ki, yaş yeni texnologiyaların öyrənilməsində hər hansı maneə deyildir. Robot texnologiyası sahəsində 35 illik əmək təcrübəsinə malik olan professor qeyd etmişdir ki, bir çox yapon uşaqları hələ ibtidai məktəblərdə robot texnikasının əsaslarını öyrənirlər.

Bu  isə onlarda riyazi təfəkkürün inkişafına  kömək edən əhəmiyyətli faktordur. Robot texnikasının öyrənilməsi uşaqlarda riyaziyyata, elmə və texnikaya  marağı gücləndirə bilər. Uşaqlar artıq kiçik yaş dövrlərindən robot yaratmaq üçün ilk cəhdlər edirlər. Daha sonra isə onlar yaxşı mühəndis olmağı və texnika sahəsində məşhur olmağı arzulayırlar.  Professor hesab edir ki, robot texnikası uşaqlarda mühəndislik təfəkkürünü gücləndirir. "Kiçik yaşlardan uşaqlar beyinlərinin imkanlarını artıq düzgün qiymətləndirməyə və hər şeyi öz əlləri ilə düzəltməyi öyrənməlidirlər. Gələcəyin mühəndisləri yalnız bu yolla  cəmiyyət üçün faydalı olan robotlar yarada bilərlər". 

 Hazırda professor Xiroşinin rəhbərlik etdiyi laboratoriyada dünyanın müxtəlif ölkələrindən yüzlərlə texnik işləyir.  Onların əksəriyyəti ibtidai təhsil illərindən robot texnikasına maraq göstərmiş və öz ixtiraları ilə bir sıra beynəlxalq müsabiqələrdə iştirak etmişlər.

Xarici mətbuat materialları əsasında hazırladı:  Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov