Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Bakıda Boloniya təhsil prosesinin Azərbaycan təhsil sistemində möhkəmlənməsi yolları müzakirə olunmuşdur

 

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Boloniya prosesi və Azərbaycan" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır. AzərTAc xəbər verir ki, DİA-nın tələbə gənclər təşkilatının təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən konfransda Litva, Serbiya, Ukrayna, Lüksemburq və Belçikadan nümayəndələr iştirak etmişlər.

Konfransda DİA-nın prorektoru Əlikram Abdullayev demişdir ki, tələbələrin iştirakı ilə keçirilən belə görüşlər Boloniya təhsil prosesinə böyük töhfələr verə bilər. Boloniya təhsil sistemi akademiyada uğurla tətbiq olunur və artıq bütün fakültələrdə kredit sistemi həyata keçirilir.

Ə.Abdullayev Boloniya prosesinin Azərbaycan təhsilində uğurlara yol açdığını bildirmiş və konfransın işinə uğurlar arzulamışdır.

Mövzunun aktuallığını qeyd edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin elm və təhsil sektorunun müdiri Vüqar Əhmədov demişdir ki, Azərbaycan 2005-ci ildən bu prosesə qoşulsa da, müəyyən problemlər vardır. Ona görə də belə konfranslarda beynəlxalq ekspertlərin təcrübələrini bölüşməyə ehtiyac vardır.

Avropa Tələbələr Birliyinin keçmiş sədri xanım Karina Ufert insan potensialına sərmayə qoyulmasının vacibliyini, Boloniya prosesinin inkişafının tərəfdaşlıqdan asılı olduğunu bildirmişdir.

ATGTİ-nin sədri Şahin İsmayılov konfransın Boloniya təhsil prosesinin Azərbaycan təhsil sisteminə inteqrasiyasının sürətləndirilməsi, xarici dövlətlərin bu sahədə təcrübəsinin öyrənilməsi məqsədi ilə keçirildiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, gələcəkdə daha böyük beynəlxalq konfransların təşkil edilməsi planlaşdırılır. O, konfransda Boloniya prosesinin Azərbaycan təhsil sistemində tətbiqi ilə bağlı problemlərin müzakirə olunacağını bildirmişdir.

Sonra "Azərbaycanda Boloniya prosesi" mövzusunda məruzə dinlənilmişdir. Məruzədə Azərbaycanın Boloniya prosesinə qoşulmasından keçən illər ərzində ölkəmizdə görülən işlər və ardıcıl həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir.

Vurğulanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il yanvarın 31-də imzaladığı "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı bu istiqamətdə aparılan işlərin sürətlənməsinə təkan vermişdir. Sərəncamın icrası istiqamətində atılan ən ciddi addımlardan biri isə Boloniya Bəyannaməsinin müddəalarını özündə əks etdirən "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın hazırlanması olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramının əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbediciliyi və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsidir.

Boloniya prosesinin mahiyyətinin tələbə və müəllimlərə çatdırılması üçün ali məktəblərdə müxtəlif yaddaş kitabçalarının paylanıldığı, seminarların və treninqlərin keçirildiyi də iştirakçıların diqqətinə çatdırılmışdır.

Konfrans iyulun 4-də işini davam etdirmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov