Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilmiş
məzun günündə rektor, AMEA-nın müxbir üzvü, professor
Yusif Məmmədov bildirmişdir ki, bu il ADPU-nun 10
fakültəsi üzrə əyani şöbəsini 1487, qiyabi şöbəsini 8
fakültə üzrə 450, həmçinin 26 nəfər türkiyəli tələbə,
bütövlükdə isə 1963 nəfər tələbə bitirmişdir. Eyni
zamanda builki tədris ilində universitetin
magistraturasının əyani şöbəsini 8 istiqamət, 41 ixtisas
üzrə 171, qiyabi şöbəsini isə 8 istiqamət, 23 ixtisas
üzrə 89 nəfər magistr bitirmişdir.
Y.Məmmədov builki tədris ilində ADPU-nun beynəlxalq
əlaqələrin genişləndirilməsi sahəsində qazanılmış
uğurlardan da söz açmışdır. Bildirilmişdir ki, əvvəlki
illərdə olduğu kimi, cari tədris ilində də ADPU-da
təhsilin keyfiyyətinin yaxşılaşdırılması, əmək
intizamının, habelə maddi-texniki bazanın, elmi-pedaqoji
kadr potensialının gücləndirilməsi, universitetdə
aparılan elmi-tədqiqat işlərinin səviyyəsinin
yüksəldilməsi, kollektivin maddi-sosial vəziyyətinin
yaxşılaşdırılması və s. sahələrdə səmərəli tədbirlər
həyata keçirilmişdir. Respublikamızda pedaqoji və
elmi-pedaqoji kadr hazırlığı sahəsində əvəzsiz
xidmətləri olan ADPU-da 2011-2012-ci tədris ilinin yaz
imtahan sessiyasından başlayaraq imtahanlar yeni metod
tətbiq edilməklə iki mərhələdə keçirilir. Belə ki, ADPU
Elmi Şurasının müvafiq qərarı əsasında "yaxşı" və "əla"
qiymət almaq istəyən tələbələr elektron-test üsulu ilə,
kompüter vasitəsilə imtahan verdikdən sonra kompüterin
müvafiq düyməsini basmaqla eyni fəndən yazılı
imtahanlara buraxılmaq imkanı əldə edirlər. ADPU-da bu
yeni, mütərəqqi metodun tətbiq edilməsində yeganə və
başlıca məqsəd tələbə-gənclərin imtahanlara daha ciddi,
daha məsuliyyətli hazırlaşmalarını, elmi biliklərə daha
dərindən yiyələnmələrini, eyni zamanda tələbələrin
sərbəst düşünmək qabiliyyətlərini, yaradıcı təxəyyülünü
və məntiqi təfəkkürünü inkişaf etdirmək, onlarda fikrini
yazılı şəkildə ifadə etmək bacarığını formalaşdırmaqdır.
Tədbirdə YAP-ın Səbail rayon təşkilatının sədri,
professor Zahid Qaralov və Təhsil Nazirliyinin
nümayəndəsi Kamil Məcidov çıxış edərək məzunları təbrik
etmiş, onlara gələcək müəllimlik fəaliyyətlərində
uğurlar arzulamışlar.
Məzun gününə həsr edilmiş tədbir konsert proqramı ilə
başa çatmışdır.
Şakir CƏFƏROV |