Sevinc və qayğı ilə dolu tələbəlik illəri, müəllimlər və
həmyaşıdlarla ünsiyyət, hadisələrlə zəngin universitet
günləri məzunlar üçün artıq bir xatirə olaraq
yaddaşlarda yaşayacaqdır. Bakı Slavyan Universitetində
keçirilmiş məzun günündə bu fikir vurğulanmışdır.
Tədbiri giriş sözü ilə BSU-nun rektoru, AMEA-nın müxbir
üzvü, professor Kamal Abdullayev açaraq tələbələrə xoş
sözlərlə müraciət etmişdir, onların gələcəkdə ölkəmizin
layiqli vətəndaşı olacaqlarına inamını dilə gətirmişdir:
"Mən artıq sizə tam mənəvi məsuliyyətlə həmkarlar deyə
müraciət edə bilərəm. Bu haqqı siz dörd il ərzində
vicdanla qazandınız". Rektor hər bir məzunu ali məktəbi
bitirməsi münasibətilə ürəkdən təbrik etmiş və məzunlara
universitetlə əlaqəni kəsməməyi tövsiyə etmişdir:
"Buranın sizə doğma bir məkan olduğunu heç zaman
unutmayın! Azərbaycanın gələcəyi naminə bizim hamımızla
birgə, siz də əlinizdən gələni əsirgəməyəcəksiz.
Prezidentimizlə, ölkəmizlə, himnimizlə, bayrağımızla
bərabər o gün olacaq ki, biz məzun gününü Şuşada qeyd
edəcəyik".
Sonra BSU-nun fakültə dekanları çıxış edərək məzunları
təbrik etmişlər.
Tədbir konsert proqramı ilə yekunlaşmışdır.
Ş.DAYANDUROĞLU |