İyunun
28-də Bakı Dövlət Universitetində (BDU) 2012-2013-cü
tədris ilinin məzunları ilə təntənəli görüş olmuşdur.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirilmişdir.
AzərTAc xəbər verir ki, tanınmış alimlərin, ictimai
xadimlərin, tələbələrin iştirak etdikləri tədbirdə
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel
Məhərrəmov ümummilli lider, dahi şəxsiyyət Heydər
Əliyevin elmə, təhsilə daim xüsusi əhəmiyyət verdiyini,
ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham
Əliyev tərəfindən uğurla həyata keçirildiyini
vurğulamışdır.
Dahi rəhbər, müstəqil dövlətimizin memarı və qurucusu
Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu
olduğunu sonsuz qürur hissi ilə xatırladan rektor,
gəncləri təhsil müəssisəsinin şərəfini daim yüksək
tutmağa, doğma Vətənə və xalqa, dövlətimizə ləyaqətlə
xidmət etməyə çağırmışdır.
Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində
ölkəmizin çox sürətlə inkişaf etdiyini vurğulayan
akademik A.Məhərrəmov, eyni zamanda, BDU-nun
uğurlarından bəhs etmiş, məzunlara yeni nailiyyətlər
arzulamışdır.
2012-2013-cü tədris ilində BDU-nu 4 minədək gənc
bitirir. Onların altı yüzü fərqlənmə diplomuna layiq
görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev, Milli Məclis sədrinin birinci müavini
Ziyafət Əsgərov, Yeni Azərbaycan Partiyası sədrinin
müavini-icra katibi, Milli Məclisin deputatı Əli
Əhmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri,
akademik Qərib Məmmədov, Bakı Metropoliteninin rəisi
Tağı Əhmədov, Milli Məclisin deputatları Mübariz
Qurbanlı, Vahid Əhmədov, Mərkəzi Seçki Komissiyasının
sədri Məzahir Pənahov, mədəniyyət və turizm nazirinin
müavini Ədalət Vəliyev və təhsil nazirinin müşaviri
İlham Pirməmmədova BDU-nun "Universitetin dostu"
mükafatları təqdim olunmuşdur.
Qonaqlar təhsildə fərqlənən məzunlara diplomlar təqdim
etmişlər.
Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir. |