| 
								
						 Azərbaycan 
						Respublikasının Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad 
						Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarına 
						uyğun olaraq 2013-cü ilin aprel ayında ali məktəb 
						tələbələrinin bədii yaradıcılıq festivalı keçirilmişdir. 
						Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 
						illik yubileyinə həsr olunmuş festival zamanı 15 
						iştirakçı ali məktəbin bədii özfəaliyyət kollektivlərinə 
						baxış keçirilmiş, kollektiv və tək ifaçılar arasından 
						qaliblər müəyyənləşdirilmişdir. İyunun 28-də Təhsil  
						Nazirliyində festival qaliblərinin mükafatlandırılması 
						mərasimi olmuşdur. 
						
						Tədbiri Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar 
						müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov 
						açmışdır. Mərasimdə iştirak edən Təhsil Nazirliyi 
						Aparatının rəhbəri Ceyhun Bayramov festival haqqında 
						məlumat verərək onun Təhsil Nazirliyi və Azərbaycan 
						Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika 
						Komitəsinin birgə qərarına əsasən 2007-ci ildən etibarən 
						keçirildiyini və artıq ənənə halını aldığını 
						bildirmişdir. Qeyd etmişdir ki, festivalın məqsədi 
						tələbələri milli vətənpərvərlik, mədəniyyətimiz, 
						incəsənətimiz, milli adət və ənənələrimizə hörmət 
						ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini 
						yüksəltmək, mədəni həyat tərzinin formalaşması işinə 
						kömək göstərmək, eləcə də incəsənət və mədəniyyətimizin 
						ayrı-ayrı sahələri üzrə istedadlı gənclərin üzə 
						çıxarılması, qabiliyyətlərinin inkişaf etdirilməsinə 
						dəstək verməkdir. 
								
						 Sayca 
						yeddinci olan builki festivalın Azərbaycan xalqının 
						ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi, 
						ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr 
						olunduğu üçün xüsusi önəm kəsb etdiyini söyləyən 
						C.Bayramov əsasən dövlət ali təhsil müəssisələrinin, 
						özəl ali məktəblərdən isə yalnız Odlar Yurdu 
						Universitetinin iştirak etdiyi bu mədəniyyət və 
						incəsənət yarışmasının xalq çalğı alətləri ansamblı, xor 
						kollektivləri, rəqslər (milli rəqslər, müasir rəqslər, 
						solo rəqslər), bədii qiraət, muğam ifası, mahnılar 
						(vokal bəstəkar mahnıları, xalq mahnıları, müasir 
						mahnılar) və aşıq musiqisi nominasiyaları üzrə 
						keçirildiyini bildirmişdir. 
						
						Diqqətə çatdırılmışdır ki, yalnız final mərhələsinə 650 
						tələbənin qatıldığı festival ulu öndər Heydər Əliyevin 
						90 illik yubileyi ərəfəsində Gənc Tamaşaçılar Teatrında 
						70 tələbənin iştirakı ilə keçirilmiş qala konserti ilə 
						yekunlaşmışdır. 
						
						C.Bayramov bildirmişdir ki, münsiflər heyəti tərəfindən 
						aparılan seçim əsasında müsabiqə iştirakçılarının 13-ü 
						I, 12-si II, 12-si III yerə, 25 nəfər isə həvəsləndirici 
						yerə layiq görülmüşdür. Festivalda Azərbaycan Dövlət 
						Neft Akademiyasının, Azərbaycan Dövlət İqtisad 
						Universitetinin və Bakı Dövlət Universitetinin 
						kollektivlərinin yüksək nəticələr əldə etdiyini söyləyən 
						Aparat rəhbəri eyni zamanda Odlar Yurdu Universiteti 
						tələbələrinin də fərqləndiyini diqqətə çatdırmış, 
						növbəti illərdə bu sahədə işləri daha da 
						genişləndirməyin, özəl ali məktəblərin də bu işə 
						yaxından qoşulmasının vacibliyini vurğulamışdır. 
						
						C.Bayramov çıxışının sonunda qalibləri təbrik etmiş, 
						festivalın keçirilməsində əməyi olanlara minnətdarlığını 
						bildirmişdir. 
						
						Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
						Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov da 
						mərasim iştirakçılarını salamlayaraq festivalın, xüsusən 
						də onun yekun tədbirinin yüksək səviyyədə keçirildiyini 
						bildirmiş, bu işlərdə zəhmət payı olanlara təşəkkür 
						etmişdir. 
						
						O, Azərbaycan Dillər Universitetinin rəhbərliyinin 
						festivalın təşkili və keçirilməsinə verdiyi dəstəyi 
						xüsusilə yüksək dəyərləndirmişdir. 
						
						Sonra qaliblərin mükafatlandırılması mərasimi olmuşdur. 
						I, II və III yerlərin sahiblərinə diplomlar və 
						hədiyyələr, həvəsləndirici yerə layiq görülənlərə isə 
						diplomlar təqdim edilmişdir.  
						
						
						Yusif ƏLİYEV |