Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir
Azərbaycan
polisinin yaranmasının 95-ci ildönümü günündə - iyulun
2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının
Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda
iştirak etmişdir.
Polis Akademiyasına gələn dövlətimizin başçısına daxili
işlər naziri, general-polkovnik Ramil Usubov raport
verdi.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin
akademiyanın baş meydanında ucaldılmış abidəsi önünə gül
dəstəsi qoydu.
Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin
rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitlə
tanış oldu.
Bildirildi
ki, daxili işlər orqanlarının inkişafı daim ümummilli
lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu
öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün
dövrlərdə daxili işlər orqanlarının maddi-texniki
bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin
peşəkarlığının artırılmasına öz töhfəsini vermişdir.
Ümummilli liderin bu istiqamətdəki əvəzsiz xidmətlərini
daxili işlər orqanlarının əməkdaşları daim ehtiramla yad
edirlər. Daxili işlər Nazirliyinin Polis Akademiyasında
yeni inşa olunmuş Heydər Əliyev Mərkəzində yaradılan
şərait ulu öndərin mənalı həyatının və eləcə də müasir
Azərbaycan tarixinin zəngin bir dövrünün öyrənilməsi
baxımından olduqca əhəmiyyətlidir. Hakimiyyətə qayıdışı
ilə ölkənin geosiyasi imkanlarını düzgün qiymətləndirən
ulu öndərin siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın
beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan
qalxmışdır. Ümummilli lider Heydər Əliyevin dünyada
cərəyan edən proseslərə müdrik yanaşması ölkəmizin
nüfuzunu artırmışdır. Ulu öndərin həyata keçirdiyi
məqsədyönlü islahatlar nəticəsində Azərbaycanın gələcək
inkişafının təməli qoyulmuşdur.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yaradılan
Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli liderinin
dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin
öyrənilməsi və təbliğ olunması üçün bütün imkanlar
yaradılmışdır. Mərkəzin əsas vəzifəsi Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və
fəaliyyəti ilə bağlı materialların toplanması və
kataloqlaşdırılmasından, Heydər Əliyevin irsinə dair
Polis Akademiyasında aparılan araşdırmaların
təbliğindən, bu istiqamətdə plan və proqramların
hazırlanmasından, onların maddi-texniki təminatı üçün
tədbirlərin görülməsindən ibarətdir.
Heydər Əliyev Mərkəzinin ən müasir üslubda inşa olunmuş
üçmərtəbəli binasında dahi rəhbərin büstü qoyulmuşdur.
Mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər
Əliyevin həyatının və çoxşaxəli ictimai-siyasi
fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən
fotostendlər yaradılmışdır. Birinci stenddə ulu öndərin
uşaqlıq, tələbəlik və gənclik dövrünün fotoşəkilləri yer
almışdır. Sonrakı stend isə ümummilli lider Heydər
Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətinə həsr
olunmuşdur. Burada, həmçinin dahi şəxsiyyətin 1970-ci
illərdə ölkəmizə rəhbərliyinin ayrı-ayrı məqamları
fotolar və sənədlər vasitəsilə əks olunur. Mərkəzdə ulu
öndərin Moskvada işlədiyi 1980-ci illərdəki fəaliyyəti
haqqında da geniş məlumat əldə etmək mümkündür. Buradakı
fotostendlərdə, həmçinin ümummilli lider Heydər Əliyevin
1990-cı illərin əvvəllərində Naxçıvandakı fəaliyyətindən
də bəhs olunur.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki,
mərkəzdə yaradılan iki ayrı guşədə ulu öndərə aid
fərmanlar, diplomlar və digər müxtəlif sənədlər
sərgilənir. Mərkəzdə yaradılan növbəti stendlər görkəmli
şəxsiyyətin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi
dövrü əhatə edir. Ulu öndər Heydər Əliyev daxili işlər
orqanlarına və onun əməkdaşlarına həmişə xüsusi qayğı
ilə yanaşmışdır. Mərkəzdə ümummilli liderin hakimiyyətə
qayıdışını əks etdirən fotoşəkillər də
yerləşdirilmişdir. Ulu öndərin layiqli davamçısı,
Prezident, Ali Baş Komandan İlham Əliyevin daxili işlər
orqanlarının müxtəlif tədbirlərində iştirakından bəhs
edən fotoşəkillər isə xüsusi stenddə toplanmışdır.
Azərbaycanın dövlət rəmzləri və polisin fərqlənmə
nişanları üçün ayrıca guşə yaradılmışdır. Mərkəzin
müxtəlif hissələrində ümummilli lider Heydər Əliyevin
daxili işlər orqanları və polis haqqında dediyi müdrik
kəlamların yazıldığı lövhələr, videogörüntüləri əks
etdirən monitorlar yerləşdirilmişdir.
Mərkəzin üçüncü mərtəbəsi akademiya heyətinin asudə
vaxtının daha da səmərəli keçirilməsi üçün nəzərdə
tutulmuşdur. Buradakı fotostudiyada ulu öndər Heydər
Əliyevin həyat və yaradıcılığını əks etdirən
fotomaterialların toplanması, tədqiqi və çapı həyata
keçirilir. Ümummilli lider Heydər Əliyev irsinin daha
dərindən öyrənilməsi məqsədilə fotostudiyada çəkilən və
toplanan şəkillərdən gələcəkdə müdavim və dinləyicilər
Polis Akademiyasında keçirilən dərslərdə, slayd
müsabiqələrində, treninq və konfranslarda istifadə edə
bilərlər.
Şahmat dərnəyi otağında da hər cür şərait yaradılmışdır.
Mərkəzdə fikir mübadilələrinin aparılması, virtual
dərslərin keçirilməsi üçün sinif, eləcə də yeni
texnologiya əsasında ingilis dilinin tədris olunduğu
funksional kompüterlərdən ibarət xarici dil mərkəzi də
fəaliyyət göstərir. Burada Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin irsinin öyrənilməsi mərkəzi də
fəaliyyət göstərəcəkdir. Dahi şəxsiyyətin "Polis
əməkdaşı bilikli, öz sahəsində yüksək təhsilə, yaxşı
təcrübəyə malik olmalıdır" kəlamı rəhbər tutularaq
müdavimlərin mütaliə tələblərinin ödənilməsi və
intellektual səviyyələrinin artırılması məqsədilə
elektron kitabxana da yaradılmışdır. Kitabxanada ulu
öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif
dövrlərinə və Polis Akademiyasının profilinə aid olan
elektron kitablar yerləşdirilmişdir.
Mərkəzin birinci mərtəbəsi isə müxtəlif tədbirlərin və
konfransların keçirilməsi üçün akt zalından, eləcə də
istirahət guşələrindən ibarətdir.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident,
Ali Baş Komandan İlham Əliyev Daxili İşlər Nazirliyinin
əməkdaşları ilə görüşdü, Polis Günü münasibətilə
təbriklərini çatdırdı.
Prezident, Ali Baş Komandan İlham Əliyev tədbirdə nitq
söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli Daxili İşlər Nazirliyinin əməkdaşları!
Mən sizi və Daxili İşlər Nazirliyinin bütün şəxsi
heyətini Polis Günü münasibətilə təbrik edirəm, sizə
yeni uğurlar arzulayıram.
Bu gün biz Polis Akademiyasında Heydər Əliyev Mərkəzinin
açılışını qeyd edirik. Çox gözəl mərkəzdir, çox gözəl
memarlıq əsəridir, eyni zamanda, daxili tərtibat da göz
oxşayır. Əminəm ki, bu mərkəz çox səmərəli fəaliyyət
göstərəcək və akademiyada təhsil alan kadrların
hazırlanmasında mərkəzin çox böyük rolu olacaqdır.
Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev polis
orqanlarının formalaşmasında xüsusi rol oynamışdır. Məhz
onun rəhbərliyi ilə Azərbaycanda müasir polis orqanları
yaranmışdır. 1993-cü ilə qədərki vəziyyəti biz yaxşı
xatırlayırıq, siz də xatırlayırsınız. Əfsuslar olsun ki,
müstəqilliyimizin ilk illərində polis orqanlarında hökm
sürən özbaşınalıq, anarxiya ölkəyə çox böyük zərbə
vurmuşdur. O vaxt - bütövlükdə 1991-1993-cü illərdə
Azərbaycanın uğurlu inkişafı təmin edilmirdi,
Azərbaycanda sabitlik pozulmuşdu, daxili çəkişmələr baş
verirdi və bu çəkişmələr nəticədə vətəndaş müharibəsinə
gətirib çıxarmışdı.
Tarix üçün bu vacib müddətdə əgər polis orqanları və
polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə
borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu
qədər ağır vəziyyətlə üzləşməzdi. İş burasındadır ki,
Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbərliyi, onlar
özləri anarxiyanın, özbaşınalığın inkişafında və ya
tüğyan etməsində əsas rol oynamışlar. O vaxt daxili
işlər orqanlarının rəhbərləri faktiki olaraq ölkədə
kriminogen vəziyyət yaratmışdılar. Polis orqanları,
xüsusilə nazir və onun müavinləri özləri quldurluqla
məşğul idilər. O illər hamımızın yaxşı yadındadır -
özbaşınalıq, reket, qanunsuz hərəkətlər faktiki olaraq
cəmiyyətdə polisə qarşı münasibəti, hörməti sıfıra
endirmişdi.
Belə ağır vəziyyətdə ulu öndər xalqın tələbi ilə
hakimiyyətə gələndə əlbəttə ki, bütün başqa sahələrlə
bərabər, polis orqanlarının müasir səviyyədə
formalaşmasına çox böyük təkan vermişdir. Polis
orqanlarının inkişafı, polisdə sağlam ab-havanın
yaranması, polis orqanlarının öz vəzifə borcunu
ləyaqətlə yerinə yetirməsi - bütün bu məsələlər
ölkəmizin ümumi inkişafına çox müsbət təsir
göstərmişdir.
Çünki yaxşı xatırlayırıq ki, o vaxt Azərbaycanda
sabitlik pozulmuşdu, iqtisadi tənəzzül müşahidə
olunurdu, Azərbaycan dünyada çox riskli bir ölkə kimi
tanınırdı, Azərbaycana investisiyalar gəlmirdi, iqtisadi
inkişaf ümumiyyətlə dayanmışdı. Sənaye sahəsində isə
tənəzzül elə idi ki, bütün sənaye müəssisələri demək
olar ki, iflic vəziyyətə düşmüşdü.
Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir. Bu
gün biz dünyanın müxtəlif bölgələrində hökm sürən
prosesləri izləyərkən bir daha görürük ki, sabitlik
pozulduqda bütün başqa məsələlər də öz həllini tapa
bilməz. Sabitlik pozulduqda inkişafdan söhbət gedə
bilməz. Ona görə sabitliyin bərpa edilməsi o illərdə ən
başlıca vəzifə idi. Ulu öndərin qətiyyəti, müdrikliyi,
xalqın ona olan inamı və polis orqanlarının fəaliyyəti
bu sabitliyi yarada bildi və artıq 20 ildir ki,
Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir.
İyirmi ildir ki, biz uğurlu inkişaf yolu ilə gedirik və
bu sabitlik, bir daha demək istəyirəm ki, bütün
inkişafın təməlində dayanan amildir.
Biz əlbəttə ki, gələcək planlarımızı da bəyan etmişik və
planlarımız çox açıqdır. Azərbaycan bundan sonra da
inkişaf etməlidir. Azərbaycanda çox böyük quruculuq
işləri aparılır. Sosial məsələlər öz həllini tapır.
Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən
ölkələrdən biridir. Son 10 il ərzində iqtisadi sahədə
Azərbaycan kimi inkişaf edən ikinci dövlət yoxdur. Əsas
nailiyyətimiz ondan ibarətdir ki, biz ulu öndərin
qoyduğu yola sadiqik. Heydər Əliyev siyasəti
Azərbaycanda davam etdirilir. Bu siyasətin davam
etdirilməsi bizim gələcək uğurlarımızı da şərtləndirir.
Əlbəttə ki, Azərbaycan bu gün dünya miqyasında çox
etibarlı tərəfdaş kimi tanınır. Bizim təşəbbüslərimiz
artıq dünya miqyasında öz böyük əhəmiyyətini
göstərməkdədir. O ki qaldı daxili vəziyyətə,
Azərbaycanda daxili vəziyyət çox sabitdir, müsbətdir.
Bütün iqtisadi layihələr uğurla icra edilir.
İqtisadiyyatımız artır. İqtisadiyyatın bütün sahələri
inkişafdadır. Cəmiyyətdə çox müsbət ovqat, ab-hava
vardır. Azərbaycana gələn yüksək səviyyəli qonaqlar
mənimlə görüşlər əsnasında bunu daim vurğulayırlar.
Əlbəttə ki, Bakının gözəlliyi, Azərbaycanın inkişafı
onlara çox böyük təsir göstərir. Ancaq eyni zamanda,
vurğulayırlar ki, cəmiyyətdə çox gözəl ab-hava vardır.
İnsanların rahat yaşamaları, səhər, axşam, gecə
vaxtlarında ictimai yerlərdə ailələri ilə rahat
gəzintiyə çıxmaları - bütün bunlar bizim üçün artıq bir
reallıqdır.
Amma bir çox ölkələrdə vəziyyət tam başqadır. İndi biz
görürük ki, müxtəlif bölgələrdə, müxtəlif qitələrdə
qarşıdurmalar, etirazlar, daxili çəkişmələr böyük
fəlakətlərə gətirib çıxarır. İnsanların böyük
əksəriyyəti vəziyyətdən narazıdırlar. Bəzi ölkələrdə hər
üç-dörd ildən bir dəyişən hakimiyyət də bax, bu
narazılığın əlamətidir. İnsanlar ümid etmək istəyirlər
ki, yeni hakimiyyət onların hansısa problemlərinin həlli
ilə məşğul olacaqdır. Ancaq vaxt keçir və insanlar məyus
olurlar.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan
cəmiyyətində, vətəndaşlarda gələcəyə çox böyük inam
vardır. Bütün rəy sorğuları onu göstərir ki, Azərbaycan
vətəndaşları gələcəkdə onları daha da gözəl şəraitin,
gözəl həyatın gözlədiyinə inanırlar. Biz əlbəttə ki, bu
müsbət meylləri gücləndirməliyik, Azərbaycanın uğurlu
inkişafını təmin etməliyik və edəcəyik. Son illər
ərzində apardığımız siyasət onu göstərir ki, bu, düzgün
siyasətdir. Azərbaycan dünya miqyasında nadir
ölkələrdəndir ki, hətta böhranlı illərdə öz inkişafını
davam etdirir. Bu inkişaf insanların rifah halının
yaxşılaşmasında da özünü göstərir.
Əlbəttə, ictimai asayiş Azərbaycanda daim yüksək
səviyyədə qorunmalıdır. Xüsusilə, yenə də deyirəm,
1992-1993-cü illəri biz yaxşı xatırlayırıq. Xatırlayırıq
ki, ictimai asayiş pozulduqda ölkə idarəedilməz
vəziyyətə düşür. Bu gün ictimai asayiş polis orqanları
tərəfindən layiqincə qorunur.
Azərbaycanda bax, bugünkü vəziyyətin, bu sabitliyin,
inkişafın, gələcəyə inamın təməlində dövlət siyasəti
dayanır. Düzgün, müdrik dövlət siyasəti ki, bu siyasətin
mərkəzində Azərbaycan vətəndaşıdır. Eyni zamanda, polis
işçilərinin fəaliyyəti, onların peşəkarlığı, ictimai
asayişin onlar tərəfindən qorunması bu sabitliyi daha da
möhkəmləndirir.
Mən çox şadam ki, Azərbaycanda polis orqanlarında
islahatlar uğurla gedir, peşəkarlıq artır. Bax, bu
akademiyada hazırlanan kadrlar peşəkar kadrlar
olacaqlar. Eyni zamanda, Azərbaycanda cinayətkarlığa
qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda
kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə
müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik. Mənə
nazir tərəfindən hər gün məlumat verilir ki, gün ərzində
təqribən 30-40 cinayət törədilir. Cinayətlərin mütləq
əksəriyyəti o qədər də ağır cinayətlər deyildir. Yəni, 9
milyon 300 min əhalisi olan ölkə üçün 30-40 cinayət çox
cüzi bir rəqəmdir.
Bu, onu göstərir ki, cəmiyyətdə hökm sürən sabitlik,
müsbət inkişaf dinamikası, əlbəttə ki, kriminogen
durumun da müsbət səviyyədə qalmasına xidmət edir. Çünki
işsizliyi, yoxsulluğu həddən artıq çox olan ölkələrdə
cinayətkarlıq da çox olur, yəni, bütün bu məsələlər
bir-biri ilə bağlıdır. Cəmiyyət bir canlı orqanizmdir.
Azərbaycanda son illər ərzində işsizlik demək olar ki,
aradan qaldırılıb, cəmi 5,2 faizdir. Yoxsulluq
şəraitində yaşayanların sayı 6 faizdir və mən qarşıya
vəzifə qoymuşam ki, yoxsulluq aradan qaldırılmalıdır.
Yəni, cinayətkarlığın inkişafına rəvac verən amillər
Azərbaycanda demək olar ki, aradan qaldırılır. Bu
vəziyyət məni çox sevindirir. Çünki Azərbaycan dünyanın
ən təhlükəsiz ölkələrindən, Bakı ən təhlükəsiz
şəhərlərindən biridir. Bakıda sutka ərzində insanlar
rahat yaşayırlar, axşam, gecə saatlarında rahat
gəzirlər. Siz polis işçiləri bunu yaxşı bilirsiniz,
çünki bu vəziyyətə nəzarət edirsiniz. İnsanlar doğrudan
da, həyatdan zövq alırlar.
Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı çox ciddi
mübarizə aparılır. Bu mübarizə nəticəsində deyə bilərəm
ki, Azərbaycanda mütəşəkkil cinayətkarlıq aradan
qaldırılıbdır. Ayrı-ayrı təzahürlər olur, amma dərhal
onların qarşısı alınır. Hesab edirəm ki, biz bu
istiqamətdə də çox böyük uğurlara nail olduq. Başqa
ölkələrlə müqayisədə Azərbaycanda bu sahədəki vəziyyət
çox müsbətdir.
Polisin texniki təminatı da yüksək səviyyədə həll
edilir. Bu məsələ daim diqqət mərkəzindədir. Yeni
texniki vasitələrdən istifadə, deyə bilərəm ki,
profilaktika məsələlərini də uğurla həll etməyə imkan
verir. Şəhərimizin müxtəlif yerlərində quraşdırıImış
təhlükəsizlik kameraları öz müsbət rolunu oynayır, həm
profilaktika nöqteyi-nəzərdən, eyni zamanda,
cinayətlərin açılması üçün onların çox böyük faydası
vardır. Azərbaycanda cinayətlərin açılması da yüksək
səviyyədədir. Bu da polis işçilərinin peşəkarlığından
xəbər verir. Eyni zamanda, biz yeni texniki vasitələrdən
uğurla istifadə edirik və edəcəyik. Texnologiyalar
sürətlə inkişaf edir. Bildiyiniz kimi, Azərbaycan
texnoloji tərəqqiyə çox böyük diqqət göstərir. Biz ən
qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq edirik, o
cümlədən təhlükəsizlik məsələlərinin həlli üçün biz bu
texnologiyalardan səmərəli şəkildə istifadə edirik.
Yəni, bir sözlə, deyə bilərəm ki, son illər ərzində bu
istiqamətdə çox ciddi addımlar atılmışdır. Əminəm ki,
Azərbaycanda bu müsbət dinamika gələcəkdə davam
etdiriləcəkdir.
Daxili Qoşunlar da inkişafdadır. Daxili Qoşunların
təminatı yüksək səviyyədə həll edilir. Ən müasir
texnika, döyüş avadanlıqları gətirilir. Daxili Qoşunlar
böyük qüvvədir və əlbəttə, Daxili Qoşunların da
cəmiyyətdə çox böyük funksiyaları vardır. Hər an, hər
zaman Daxili Qoşunlar sabitliyin, asayişin keşiyində
olmalıdırlar və belə də olacaqdır.
Polis orqanları qarşısında duran vəzifələrlə bağlı bir
neçə kəlmə demək istərdim. Əlbəttə, ilk növbədə, asayişi
qorumaq polisin əsas funksiyasıdır. Deyə bilərəm ki,
polis işçiləri bu vəzifəni uğurla icra edirlər.
İnsanlara polis əməkdaşları tərəfindən daim diqqət,
qayğı göstərilməlidir, kobudluğa yol verilməməlidir.
Belə faktlar aşkarlanarsa, dərhal tədbir görülməlidir.
Cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə
aparılmalıdır. Azərbaycan, bir daha demək istəyirəm ki,
bütün istiqamətlər üzrə nümunə ola bilər, o cümlədən
cinayətkarlığa qarşı mübarizə sahəsində də bizim
təcrübəmiz hesab edirəm ki, başqa ölkələr üçün də
maraqlı ola bilər. Yəni, polis orqanları və onun
əməkdaşları bu istiqamətdə də çox ciddi olmalıdırlar.
Polis əməkdaşları korrupsiya və rüşvətxorluğa qarşı
mübarizədə də ön sıralarda olmalıdırlar. Bilirsiniz ki,
Azərbaycanda bu xoşagəlməz hallara qarşı çox ciddi
mübarizə aparılır, ciddi tədbirlər görülür və polis
əməkdaşları nümunə olmalıdırlar.
Bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət
cəmiyyətin, ümumiyyətlə inkişaf səviyyəsini göstərir.
Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır
və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır.
Polis orqanlarının əməkdaşları özlərini insanlarla
təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da
çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir.
Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis
əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar.
Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar
bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin
rahat, təhlükəsizlik şəraitində yaşamasını polis
orqanları təmin edirlər. Onların çox böyük funksiyaları,
çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri
yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis
orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm.
Xatırlayıram ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda
qondarma "narıncı inqilab" etmək istəyəndə polis
orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz
halların qarşısını aldı. O vaxt - 2005-ci ildə vəziyyət
indiki kimi deyildi. Bəzi hallarda Azərbaycan beynəlxalq
qurumlar tərəfindən təzyiqlərə də məruz qalırdı. İndi
əlbəttə ki, bizə heç kim təzyiq edə bilməz və deyə
bilərəm ki, bu cəhdlər artıq tükənibdir. Amma o vaxtlar
güclü təzyiqlər var idi ki, polis orqanlarının
hərəkətləri pislənilsin, guya onlar həddindən artıq
hərəkət etmişlər, polis orqanlarının əməkdaşları
cəzalandırılsın. Yəni, qarşımıza şərt qoymuşdular. Mən o
vaxt da demişəm, bu gün də demək istəyirəm, polis
orqanlarının bir nəfər də olsun əməkdaşı
cəzalandırılmayacaqdır. Çünki onlar qanun keşiyində
dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz
həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin
rahat yaşamasını təmin edirlər.
Bu gün də demək istəyirəm ki, polis orqanları bütün
hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün
qanunsuz hərəkətlərə öz layiqli cavabını verirlər və
verəcəklər. Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə
də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını
alacaqdır.
Mən bir daha demək istəyirəm ki, Azərbaycanın bugünkü
uğurlu inkişafı realdır. Bu, bizi, dostlarımızı
sevindirir, bizi istəməyən qüvvələri isə məyus edir.
Azərbaycan həddindən artıq önəmli ölkəyə çevrilibdir.
Azərbaycanın coğrafi vəziyyəti, bizim geosiyasi
məsələlərlə bağlı tutduğumuz mövqe, enerji
resurslarımız, nəqliyyat infrastrukturumuz, digər
amillər, yəni, iqtisadi inkişaf, Azərbaycanın siyasi
cəhətdən güclü ölkə olması, əlbəttə ki, bizə diqqəti
artırır. Əlbəttə, Azərbaycan bir güclü dövlət kimi bəzi
dairələr üçün böyük maraq doğurur. Biz buna etiraz
etmirik. Çünki biz beynəlxalq aləmin bir parçasıyıq və
bu gün beynəlxalq aləmin ən ali qurumunun - BMT
Təhlükəsizlik Şurasının üzvüyük. Dünyada bundan yuxarı
səviyyə yoxdur.
Əlbəttə ki, biz bütün əməkdaşlığa açığıq və beynəlxalq
əməkdaşlıq üçün öz konkret addımlarımızı atırıq. Ancaq
bir daha demək istəyirəm ki, bütün ölkələrlə, bütün
qurumlarla bizim münasibətlərimiz qarşılıqlı maraqlar,
qarşılıqlı hörmət üzərində qurulur. Bir-birinin işinə
qarışmamaq prinsipi bizim üçün əsasdır. Bu, bizim
prinsipial mövqeyimizdir. Bu mövqe ədalətə və beynəlxalq
hüquq normalarına söykənir.
Ancaq şübhə yoxdur ki, Azərbaycanı öz tərəfinə çəkmək,
müəyyən dərəcədə bizim siyasətimizə təsir etmək cəhdləri
vardır. Buna oxşar digər cəhdlər bu gün də var,
gələcəkdə də olacaqdır. Əsas odur ki, Azərbaycan dövləti
öz müstəqil siyasətini aparır və aparacaqdır. Bu
müstəqil siyasətin təməlində Azərbaycan xalqının iradəsi
dayanır və eyni zamanda, Azərbaycanda hökm sürən
sabitlik və ictimai-siyasi asayiş bizim gücümüzü daha da
artırır.
Biz müstəqillik yolu ilə gedəcəyik. Bu gün müstəqil
Azərbaycan region üçün sabitləşdirici bir amildir. Biz
sabitləşdirici rol oynayırıq və əlbəttə ki, heç bir
qüvvə bizi müstəqil siyasətdən döndərə bilməz. Daxili
vəziyyətlə bağlı bizim heç bir problemimiz yoxdur.
Xalqla iqtidar arasında birlik vardır. Bütün
təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizə qarşı
çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar.
Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu
başa düşmürlər. Bir daha göstərirlər ki, qul
psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan
ibarətdir ki, daim bir böyük qardaş axtarışındadırlar.
Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə
ətəyindən tutub yardım diləyirlər. Yəni, budur, bugünkü
Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan
iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç
kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz
şəxsi maraqlarını təmin etmək üçün istənilən yola
getməyə hazır olan antimilli, satqın, xain, - onlara heç
qüvvə də deyə bilmərəm, - ünsürlər, qruplar. Bax budur,
bugünkü siyasi palitra.
Əlbəttə, Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi çox
açıq-aydın görür. Görür ki, kim ölkəni hara aparır və
kim ölkəni hara aparmaq istəyir. Artıq Azərbaycan 20
ildən çoxdur ki, müstəqil dövlətdir. Bundan böyük
xoşbəxtlik ola bilməz. Nəyin bahasına olursa-olsun
müstəqilliyi qoruyacağıq, Azərbaycanın uğurlu inkişafını
təmin edəcəyik.
Polis orqanlarının da bu işdə çox böyük rolu vardır.
Əminəm ki, polis işçiləri həmişə olduğu kimi, dövlətə,
dövlətçiliyə öz sədaqətini göstərəcəklər.
Bir daha, əziz dostlar, sizi bayram münasibətilə ürəkdən
təbrik edirəm.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |