Bu
yaxınlarda Özbəkistanın Daşkənd şəhərində kimya fənni
üzrə 47-ci Beynəlxalq Mendeleyev Olimpiadası
keçirilmişdir. Olimpiadada müxtəlif ölkələrdən -
Azərbaycan, Belarus, Bolqarıstan, Macarıstan,
Qazaxıstan, Qırğızıstan, Litva, Makedoniya, Moldova,
Rusiya, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna,
Estoniya və Səudiyyə Ərəbistanından olan şagirdlər
iştirak etmişlər. 118 nəfər iştirakçıdan 71 nəfərin
layiq görüldüyü müxtəlif medalların üçünü Azərbaycan
məktəbliləri qazanmışlar.
Açılış mərasimi aprelin 24-də MDU-nun Daşkənd
filialının akt zalında keçirilmiş olimpiadanın
beynəlxalq münsiflər heyətinin sədri MDU-nun kimya
fakültəsinin professoru Valentin Georgiyeviç Nenaydenko
olmuşdur.
Müsabiqənin nəticələrinə görə Balaqardaş Bəşirov gümüş,
Sona Quluzadə və Murad Rəhimov bürünc medallara layiq
görülmüş, Cavid Əhmədov, Vəfa Tağıyeva isə IV və V
dərəcəli diplomlarla mükafatlandırılmışlar.
Kimyaçılarımız qazandıqları medallarla hər hansı bir ali
məktəbə imtahansız qəbul olmaq hüququ qazanmışlar.
Vətənə qələbə ilə qayıdan Balaqardaş Bəşirov indi də
iyulun 14-15 tarixlərində 78 ölkənin məktəbliləri
arasında Moskvada keçiriləcək ümumdünya olimpiadasına
hazırlaşır. O, arzularını oxucularımızla bu sözlərlə
paylaşdı:
- Açığı, növbəti olimpiadalarda qızıl medala sahib olmaq
ən böyük məqsədimdir. Azərbaycan təhsilini dünyanın
sivil ölkələrinin təhsili ilə eyni səviyyədə görməyi
arzulayıram. İstərdim ki, Azərbaycan gəncləri hər
dəqiqədən səmərəli istifadə etsinlər.
Orta təhsilimi artıq başa vurmuşam. Özümü seçdiyim ali
məktəbin astanasında hiss edirəm.
Gələcəklə bağlı planlarım ali təhsil alıb kimya
mühəndisi olmaq, Azərbaycanın mənafeyinə xidmət
etməkdir.
Ellada UMUDLU |