İsveçrənin Lozanna Federal Politexnik İnstitutu (EPFL)
ilə yaranmış uğurlu əməkdaşlıq çərçivəsində Azərbaycan
Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə
8-14 iyul 2013-cü il tarixlərində adıçəkilən ali təhsil
müəssisəsinin mühəndislik fakültəsinin bir qrup tələbəsi
respublikamıza təcrübə səfəri edəcəklər. Səfərin əsas
məqsədi son illərdə ölkəmizdə geniş vüsət almış
irimiqyaslı tikinti layihələri ilə tanış olmaqdır. Belə
ki, Lozanna Federal Politexnik İnstitutunun mühəndislik
fakültəsinin təqribən 30-a yaxın tələbəsindən və müəllim
heyətindən ibarət olacaq qrupun respublikamıza səfəri
zamanı paytaxt Bakıda inşası yekunlaşmış, hazırda inşası
davam edən, eləcə də gələcəkdə həyata keçirilməsi
diqqətdə saxlanılan iri tikinti layihələri ilə yerində
tanışlığı, tikinti işlərinə bilavasitə gündəlik əsasda
cavabdeh olan mühəndis və memarlarla görüşlərinin təşkil
olunması nəzərdə tutulmuşdur. İsveçrəli tələbələr Bakı
Olimpiya Stadionu, Xəzər Adası, Bakı Ağ Şəhər "Flame
Towers", "SOFAZ Tower", "SOCAR Tower", "Crescent Tower"
layihələri ilə də tanış olmaq niyyətindədirlər.
Onu da qeyd edək ki, təcrübə kursunun keçiriləcəyi
ölkənin seçilməsində Azərbaycanla yanaşı, ABŞ, Sinqapur
və Türkiyənin namizədlikləri irəli sürülsə də
respublikamızda həyata keçirilən irimiqyaslı tikinti
layihələri daha cəlbedici və maraqlı olduğundan EPFL-in
tələbələri səs çoxluğu ilə ölkəmizi seçmişlər.
Samirə KƏRİMOVA |