Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin
"Real Madrid" Fondu ("Findacion Real Madrid") ilə birgə
həyata keçirdiyi "Uşaqların futbol vasitəsilə
sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası"
adlı sosial layihəsinin təqdimatı keçirilmişdir.
Layihənin əsas məqsədi "Real Madrid" Fondunun sosial
idman modeli əsasında Bakıda ilk sosial futbol
məktəbinin yaradılmasıdır. Gənclər və idman nazirinin
müavini İsmayıl İsmayılov layihənin əhəmiyyətini yüksək
qiymətləndirmiş və "Azərbaycan Respublikasında
2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət
Proqramı" çərçivəsində həyata keçirildiyini
bildirmişdir. Qeyd etmişdir ki, futbolun uşaqlar və
gənclər arasında kütləviləşməsi və onların
sağlamlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası
istiqamətində atılmış mühüm addımdır.
Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov
təhsil müəssisələrində futbol dərslərinin tədris
olunduğunu, respublikanın bir çox bölgəsində futbol
məktəblərinin fəaliyyət göstərdiyini diqqətə çatdırmış
və eyni zamanda "Real Madrid" Fondu ilə birgə həyata
keçirilən layihənin əhəmiyyətini dəyərləndirmiş, bu
əməkdaşlığın ölkə futbolunun inkişafına təkan verəcəyini
bildirmişdir.
Sonra "Real Madrid" Fondunun məşqçilik üzrə mütəxəssisi
Viktor De Arce fondun beynəlxalq layihələri, dünyanın
60-dan çox ölkəsində fəaliyyət göstərən 200-dən artıq
sosial idman məktəbi barədə söz açmış və uşaqların
futbola böyük maraq göstərdiklərinin şahidi olduğunu
vurğulamışdır.
Sonda layihə ilə bağlı çıxışlar dinlənilmiş, "Vətən"
sosial futbol məktəbində təşkil edilmiş təlim-məşq
prosesində iştirak etmiş məşqçilərə "Real-Madrid" Fondu
tərəfindən diplomlar təqdim olunmuşdur.
Sifai SƏFƏROVA |