Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

"Məqsədim ikiqat olimpiya çempionu adını qazanmaqdır"

 

Müsahibimiz London Yay Olimpiya Oyunlarının 20 yaşlı qızıl medalçısı, "Şöhrət" ordenli güləşçimiz Toğrul Əsgərovdur

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşündəki çıxışından

Mən çox şadam ki, gənclərimiz idmana meyillidirlər. Azərbaycan dövlətində idmana və xüsusilə, idmançılara hörmət, qayğı, dəstək gəncləri də, uşaqları da idmanla məşğul olmağa sövq edir. Mən hesab edirəm ki, hər bir bölgədə, - bu, artıq reallıqdır, - idmançılara daha da böyük diqqət və dəstək göstərilməlidir. Bizim olimpiyaçıların tərkibində bölgələrdən olan idmançılar da vardır. Olimpiya çempionumuz Toğrul Əsgərov bölgədən olan idmançıdır və fürsətdən istifadə edərək, bütün gəncəliləri Toğrulun qələbəsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm. İstedadlı gənclərimiz hər bir rayonda, hər bir kənddə vardır. Seleksiya işləri düzgün aparılmalıdır, təlim-məşq toplanışları əlbəttə ki, müasir səviyyəyə çatmalıdır. Hesab edirəm ki, bu gün idman növlərinin əksəriyyətində bu, belədir. Əlbəttə ki, peşəkar məşqçilərin fəaliyyəti uğurlarımızı daha da artıracaqdır.

Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə alır. Vətənpərvərliyi gücləndirən amillərdən biri, bəlkə də birincisi idman qələbələridir.

Böyütmək üçün seçinİdman qələbələri insanları coşdurur, insanların ürəyi qürur hissi ilə dolur. İnsanlar bəzi hallarda sevincdən göz yaşlarını saxlaya bilmirlər. Hər dəfə milli bayrağımız qaldırılanda, Dövlət himnimiz səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı fəxr edir.

Olimpiya oyunlarında idmançılarımız sevinclə dolu bu günləri bizə bəxş etdilər. Bizim bayrağımız 10 dəfə qaldırıldı, iki dəfə Dövlət himnimiz səsləndirildi. Bu, böyük və tarixi nailiyyətdir. Bu, böyük və tarixi qələbədir. Mən əminəm ki, bu qələbələrin sayı daha da çox olacaqdır.

Toğrul Şəhriyar oğlu Əsgərov  17 sentyabr 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Gəncə şəhərindəki 7 nömrəli orta məktəbi bitirmişdir. Uşaq yaşlarından Toğrulda idmana güclü meyil yaranmışdır. "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının yetirməsidir.

Toğrul Əsgərov 2008-2009-cu illərdə yeniyetmələr arasında,  2010-cu ildə gənclər arasında  Avropa çempionatlarının qalibi və dünya ikincisi, Moskvada  böyüklərin dünya çempionatının gümüş mükafatçısı, XXX London Yay Olimpiya Oyunlarında həmyerlilərimiz arasında Azərbaycana ilk qızıl medalı gətirən idmançımızdır. Sərbəst güləşçimiz Toğrul Əsgərov olimpiya yarışlarına 60 kq çəki dərəcəsində qatılmışdı.

Olimpiya yarışmalarından qələbə ilə dönən gənc çempionumuzun ilk uğurları 2008-ci ilə təsadüf edir.

Toğrul həmin ildə gənclər arasında dünya birinciliyinin finalına kimi yüksəlmiş, Avropa çempionu adını qazanmışdır. Bir ildən sonra, 2009-cu ildə gənclərin dünya birinciliyinə qatılan  güləşçimiz fəxri kürsünün ən yüksək pilləsində yer almışdır.

2010-cu ildə böyüklərin  dünya çempionatında 60 kq çəki dərəcəsi ilə gücünü sınayan Toğrul Əsgərov bu yarışda gümüş medal qazanmış, 2011-ci ildə Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl qran-pri" beynəlxalq turnirinin bürünc mükafatçısı olmuşdur.

Toğrul Əsgərov Bolqarıstanın  paytaxtı Sofiyada Olimpiya Oyunlarına vəsiqə verən  Avropa təsnifat turnirində çempion olmaqla olimpiadaya vəsiqə qazanmışdır. O, London Yay Olimpiya Oyunlarında Almaniya, Yaponiya, ABŞ və Rusiya güləşçilərinə gücünü göstərərək, 19 yaşında ikən Olimpiya çempionu olmaq şərəfinə nail olmuşdur.   

Toğrul Əsgərov özü haqqında 

- Mən müəllim ailəsində böyümüşəm. Evin tək oğul övladı mənəm. İki bacım var. İdmana maraq mənə babamdan keçib. Bəlkə elə qolumdakı qüvvət də babamdan  keçib, deyə bilmərəm. Onu bilirəm ki, babamın güclü pəhləvan olduğunu çoxlarından eşitmişəm. Kiçik yaşlarımdan idmanla məşğul olmuşam. Ancaq professional idmana 10 yaşından, daha dəqiqi,  2002-ci ildən 32 kq çəki dərəcəsində  başladım. İki il sərasər Gəncədə cüdo məşqlərinə getdim.

İki ildən sonra məşqçim  Elçin Zeynalovun məsləhətini qəbul edib, idmanın sərbəst güləş növü ilə məşğul olmağa başladım. Məşq müəllimimlə mənim birgə gəldiyimiz  qərar gələcəkdə qazanacağım bütün uğurlar üçün bir zəmin oldu.

Təbii ki, milliyyətindən asılı olmayaraq, bütün idmançıların ən böyük arzusu o olur ki, qatıldığı yarışmalarda qalib olsun.

Bilirsiniz, mən qalib gəldiyim yarışlarda çox sevincli dəqiqələr yaşayıram. Zəfər qazanandan sonra çempionatların keçirildiyi dövlətlərdə  qalibiyyətimin nəticəsi olaraq, təmsil etdiyim ölkəmin himni mənim qələbəmə görə  səsləndirilir... bayrağımız  qaldırılır... dalğalandırılır. İnanın ki, o anlarda keçirdiyim hisslərimi sözlə ifadə etməkdə acizəm.

11 avqust 2012-ci ildə London Yay Olimpiya Oyunlarının final yarışmasında sərbəst güləş üzrə 60 kq çəki dərəcəsində respublikamızı təmsil edəndə, cəmi 19 yaşım vardı. Rəqiblərim də bir-birindən peşəkar, güclü idmançılar idi. Final yarışmalarında məğlub etdiyim rusiyalı güləşçi Besik Kuduxov onunla güləşdiyim anlar barədə sonradan jurnalistlərə verdiyi müsahibələrindən birində belə demişdi:

"...bütün rəqiblərimlə yüngül keçdi, amma, baxın, finalda  heç düşünməzdim ki, azərbaycanlı belə döyüşə bilər. Final yarışmalarına qədər mən onunla heç yerdə qarşılaşmamışdım... Amma mən taktiki səhv etdim. Əvvəlcədən lazım idi ki, rəqibimin imkanlarını özüm üçün kəşf edim, mənsə bunu  etmədim və ilk andan döyüşməyə başladım. Nəticədə qızıl medalı azərbaycanlı apardı".

Final yarışmaları barədə Toğrulun öz  etirafı da maraqlıdır:

- İlk hissədəki təmiz hesablı qələbədən sonra bir qədər arxayınlaşdım, ikinci hissədəki 2:0 hesabı ilə üstün durumda olduğum vaxt ani bir səhv etdim, ardınca da təbii ki, bu hissəni uduzdum. Üçüncü hissədə özümü ələ almağı bacardım, bütün gücümü səfərbər etdim və qələbəni - Azərbaycana ilk qızıl medalı mən qazandım.

-  Yarışların davam etdiyi günlərdə əhval-ruhiyyən necə idi?

- Təbii ki, olimpiadanın axırıncı günlərində çiynimizə düşən məsuliyyət çox böyük idi. Üstəlik də, mən finala çıxanda ölkəmizin hələ qızıl medalı yox idi. Qızıl medalın uğrunda mübarizə etməyi özümə borc bilirdim. Bunları düşünəndə istər-istəməz  psixoloji gərginlik məni bürüyürdü.

Qismət elə gətirmişdi ki, finaldakı rəqibim də çox güclü idi, o, 4 dəfə dünya çempionu olmuşdu. Amma mən də öz gücümə  çox inanırdım, finala da yalnız qələbə üçün çıxmışdım. Sonda məqsədimə çatdım. Yarış mənim qələbəmlə bitdi.

19 yaşında Avropa çempionu adını daşımaq hər kəsə qismət olmur, o günlərdə məndən tez-tez xarici və yerli jurnalistlər müsahibələr götürürdülər, fərəhimi, sevincimi sözlərlə ifadə etməyə çətinlik çəkirdim.

İnsan qarşısına  qoyduğu  məqsəd uğrunda gecə-gündüz yorulmadan mübarizə aparanda nəticələr təbii ki, uğurlu olur. Hər bir idmançı kimi  Avropa və Olimpiya çempionu olmaq mənim də hər zamankı arzum  idi.

Allaha çox şükür ki, hər iki arzuma nail oldum.

Hazırda Avropa və Olimpiya çempionuyam və bu, məni daha möhtəşəm qələbələrə ruhlandırır. Arzum budur ki, böyüklər arasında dünya çempionu titulunu da qazana bilim. Növbəti  olimpiadada indi qazandığım uğurlarımı  bir daha təkrarlamaq istəyirəm. Bilirəm ki, bundan ötrü daha da yaxşı çalışmalı, öz üzərimdə daha ciddi işləməliyəm. Azərbaycanda hələ ki, ikiqat olimpiya çempionu yoxdur. Məqsədim budur ki, yaxın illərdə bu tarixi uğura sərbəst güləşçi kimi imzanı mən atım, ikiqat olimpiya çempionu adını ilk olaraq mən qazanım.

Mən "Təhsil" Respublika İdman Mərkəzinin Gəncə filialının yetirməsiyəm. Hər dəfə vətənə qələbə ilə qayıdanda Gəncə şəhərinin idman ictimaiyyətinin nümayəndələri, təmsil etdiyim idman ocağının rəhbərliyi, məşqçilərimiz və idmançı dostlarım, həmkarlarım məni böyük təntənəylə, qürur hissi ilə qarşılayırlar.

Respublikamızın Prezidenti cənab İlham Əliyev biz idmançılar üçün heç nəyi əsirgəmir.

31 avqust 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə  mükafatlandırılanda hələ heç iyirmi yaşım tamam olmamışdı.

Hazırda beynəlxalq idman ustasıyam. Bədən Tərbiyəsi və İdman Akademiyasının IV kurs tələbəsiyəm.

Ali təhsilimi başa vurduqdan sonra hər bir azərbaycanlı kimi mən də hərbi xidmətə, vətənimin keşiyində dayanmağa yollanacağam. Çünki vətənə xidmət etmək, onu qorumaq elə bir müqəddəs borcdur ki,  bu işi heç bir səbəblə təxirə salmaq olmaz. Fikrimcə, qazandığımız qələbələr, daşıdığımız fəxri adlar, titullar məni və o cümlədən digər idmançı həmkarlarımı vətən borcundan kənarlaşdırmamalıdır. Hərbi xidmətini yerinə yetirib qayıtdıqdan sonra da beynəlxalq yarışmalarda mühüm qələbələrə imza atan idmançılarımız çoxdur.

Yəni, ömür hələ irəlidədir. Qarşıda hələ nə qədər  görüləsi işlərim var.

-  Qızıl medalı qazananda  sevincini ilk dəfə kimlə paylaşdın?

- İdmançı dostumla, 74 kq çəki ilə güləşən Aqil Quliyevlə. Düzü, qələbədən sonra ilk dəfə telefonu əlimə götürən anda mənə zəng gəldi. Aqil məni qabaqladı, sevincimə şərik olduğunu dedi, beləliklə ilk sevincimi bölüşdüyüm insan da elə mənə ilk telefon açan dostum oldu.   

Beynəlxalq yarışların keçirildiyi günlərə bir nəzər 

Serbiyanın paytaxtı Belqradda keçirilən  güləş üzrə Avropa çempionatında 60 kq çəki dərəcəsində çıxış edən Toğrul Əsgərovun  ilk rəqibi Türkiyə idmançısı Münir Akdaş olmuşdur.

Münir Akdaşı məğlub etdikdən sonra Toğrul Əsgərov  Markaz Zalkuanı məğlub edərək yarımfinala çıxmışdır.

Həmyerlimiz həlledici görüşə vəsiqəni George Buçurdan almışdır. Final yarışmalarında Toğrulun rəqibi bolqarıstanlı Anatoli Quydea olmuşdur.

İlk hissədə gənc idmançımız azarkeşlərinə gərgin və həyəcanlı anlar yaşatsa da, sonuncu hissədə vəziyyəti öz xeyrinə dəyişməyi bacarmışdır. Avropa çempionatının ikinci günü mübarizələrə yekun vurulmuşdur.

***

London Olimpiadasında Almaniya  təmsilçisi Tim Şleyçer və Yaponiya təmsilçisi Keniçi Yumota üzərində inamlı qələbə qazanan Toğrul Əsgərov  yarımfinalda ABŞ idmançısı Koleman Skottu məğlub edərək həlledici mərhələyə qədəm basmışdır.

Finalda Toğrulun rəqibi Rusiya təmsilçisi Besik Kuduxov olmuşdur. Gərgin mübarizə şəraitində keçən  final yarışmasında Toğrul Əsgərov rəqibini məğlub edərək qızıl medal qazanmış, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

London Olimpiadasındakı möhtəşəm qələbənin şərəfinə Azərbaycanın Dövlət himni səsləndirilmiş, üçrəngli bayrağımız qaldırılmışdır. 

Hazırladı: Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov