Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Beynəlxalq təhsil xəbərləri

 

Böyük Britaniya hökuməti yeni elmi mükafat təsis etmişdir

Böyük Britaniya hökuməti yüksək məbləğdə yeni elmi mükafat təsis etmişdir. Mükafatın pul ekvivalenti Nobel mükafatından artıqdır. Bu mükafatın həcmi 1 milyon funt-sterlinqdir (1 milyon 560 min dollar).  Britaniya hökumətinin elmi mükafatını almaq üçün  namizədlər xeyli səylər göstərməli olacaqlar.

Ölkənin baş  naziri Devid Kemeron bildimişdir ki, mükafat "müasir dövrün ən böyük elmi problemini həll etmiş" şəxsə təqdim olunacaq. "Bu mükafat kimə veriləcək, bunu adi insanlar müəyyən etməlidirlər. Bu gün  bəşəriyyət bir sıra ciddi problemlər qarşısında qalmışdır ki, onların effektiv həllini tapmaq lazımdır. Bu, şəkərli diabet üçün dərman, eləcə də,  məsələn, öz əhəmiyyətinə görə pensilinin alınması ilə müqayisə oluna  biləcək digər kəşflər də ola bilər", - deyə Devid Kemeron bildirmişdir.  Onun sözlərinə görə, bu mükafat "Britaniya istedad axtarır" aksiyasını daşıyır.

"Alimlər problemlərin həllini təklif edəcək, biz isə onların əhəmiyyətlilik dərəcəsini qiymətləndirəcəyik. Ümid edirəm ki, iri məbləğli pul mükafatı bu istiqamətdə elmi fəaliyyəti stimullaşdıracaq".  


 

London ən bahalı tələbə şəhəri statusunu itirmişdir

Böyük Britaniyanın Kembric və Bristol şəhərləri tələbələr üçün ən bahalı yaşayış məskəni elan olunmuşdur.  Adıçəkilən şəhərlər  tələbələrin yaşaması üçün uzun illərdir ki, ən bahalı şəhər hesab olunan Londonu üçüncü yerə sıxışdırmışlar.

Aparılmış tədqiqatlarda ən bahalı tələbə şəhəri kimi Kembric göstərilmişdir. Ali məktəbə  qəbul olunan tələbələri əvvəlcədən xəbərdar etmişlər ki,  onlar universitet kampusunda yaşadıqları hər günə görə 150 dollar ödəməli olacaqlar. Bundan əlavə, universitet qaydalarına əsasən, təhsilalanlar oxuduqları dövrdə işləyə bilməzlər. Kembricdən sonra ikinci yerdə  Bristol şəhəri qərarlaşmışdır. Siyahının sonunda Lids Universiteti gəlir. Burada kampuslardakı həftəlik kirayə haqqı 90 dollara başa gəlir.

 Qeyd olunmalıdır ki, Böyük Britaniyada ali təhsil bütün dünyada ən bahalı hesab olunur.    Məsələn, London Siyasi Elmlər və İqtisadiyyat Məktəbində birillik təhsil haqqı 13000 dollar təşkil edir. Bu rəqəmə tələbə yataqxanalarında qalmaq haqqı daxil deyil.   


 

Almaniyada gimnaziyalarda türk dili tədris olunacaq

Almaniya gimnaziyalarında üçüncü xarici dil kimi türk dili tədris olunacaq. Baden-Vürtemberq hökuməti orta müddətli perspektivdə gimnaziyalarda üçüncü xarici dil kimi türk dilinin tədris olunması barədə qərar qəbul etmişdir.

2015 - 2016-cı dərs ilində Mangeym və Ştutqart şəhərlərində ilk məktəb eksperimenti keçiriləcək. Ölkənin cənub-qərbində 400 min türk əsilli vətəndaş yaşayır. Bu ərazi immiqrantların sayına görə Şimali Reyn-Vestfaliyadan sonra ikinci yeri tutur. Baden-Vürtemberq torpaqlarında hazırda üçüncü xarici dil kimi italyan, ispan və rus dilləri təklif olunur.

Türk əsilli gimnaziyaçılar isə türk dilini nə ikinci, nə də üçüncü dil kimi seçə bilmirlər. Yerli hökumətə xarici dillərdə tədrisin genişləndirilməsi barədə layihə təqdim etmiş sosial-demokratlar  artıq gələn dərs ilindən ibtidai məktəblərdən başlayaraq türk dilinin tədrisinin gücləndirilməsini istəyirlər.


 

Amerikada hər 5 şagirddən biri attestat ala bilmir

Amerika Təhsil Nazirliyinin açıqlamasına görə, hər 5 şagirddən 1-i vaxtında  orta təhsil haqqında attestat ala bilmir.

Nazirliyin apardığı təhlillərin nəticələrinə əsasən, 1975-ci ildən başlayaraq ölkə üzrə orta təhsil haqqında attestat alanların sayı ən yüksək göstəriciyə çatmışdır. Lakin şagirdlərin beşdə biri orta məktəbi 4 il müddətində  (high school) bitirə bilmir. Tam orta təhsilalma tendensiyasının davamlı xarakter almasının, ilk növbədə, iqtisadiyyatın ağır durumu və əmək bazarında rəqabət qabiliyyətinin artması ilə əlaqədar olduğu bildirilir. Məktəbi atanlar 3 faiz təşkil edirlər, bu isə ötən ildəkindən xeyli aşağıdır. 4 il ərzində attestat ala bilməyən şagirdlərin çoxu təhsil sənədi almaq üçün  təhsillərini davam etdirməli olurlar. Afrika-Amerika mənşəli, amerikalı hindular, Alyaskanın yerli sakinləri, eləcə də Latın Amerikasından olanlar arasında orta məktəbləri buraxanların səviyyəsi daha yüksəkdir.  

Təhsil Nazirliyi bildirmişdir ki, əgər şagird orta məktəbi bitirmirsə, bu, özü-özlüyündə problem deyil,  problemin simptomudur. Bu tendensiyanı təhlil etmək və düzəltmək lazımdır.


 

Belarusda "ağıllı tətillər" təşkil ediləcək

Belaruslu məktəblilər yay tətili dövründə fizika, kimya və ya riyaziyyat fənləri üzrə əlavə biliklər alacaqlar. Belarus  Təhsil Nazirliyi  məktəblilərin intellektual istirahəti üçün   bütün ölkə üzrə 6 min uşaq düşərgəsi təşkil etmişdir. Bu aksiyanı Təhsil Nazirliyində "ağıllı tətil" adlandırmışlar. 

Belarusun təhsil nazirinin müavini Viktor Yakjikin sözlərinə görə, "ağıllı tətillər" heç bir halda şagirdlər üçün tədris rübünə çevrilməyəcək. Məktəblilər oyun formasında elmi biliklərini bir daha sınaqdan keçirəcəklər. Uşaqlar arasında əsasən intellektual olimpiadaların keçirilməsi nəzərdə tutulmuşdur.

Təhsil Nazirliyi bundan əlavə, ölkə ərazisində xarici dillərin öyrənilməsi üzrə 42 linqvistik düşərgənin  yaradılmasına qərar vermişdir.   Bunlar ingilis, alman və hətta Çin dili ola bilər. Bu cür tətillər gedişində uşaqlar həm müəllimlərlə, həm də öz aralarında xarci dildə ünsiyyət qura biləcəklər.  


 

İspaniyada abituriyentlər üçün vahid dövlət imtahanları ləğv olunur

İspaniyada abituriyentlər üçün vahid dövlət imtahanları (Selectividad) ləğv olunur. Bu barədə ölkənin təhsil naziri Xose İqnasio Vert açıqlama vermişdir.  Bu imtahan abituriyentlərin ölkənin ali məktəblərinə qəbulu üçün keçirilir. Təhsil naziri bu imtahan prosesini "beynəlxalq ali məktəb sistemində mütləq anomaliya" və "ispan universitetlərinin beynəlmiləlləşməsi yolunda başlıca əngəl" adlandırmışdır.   Selectividad imtahanlarını vermək üçün məktəblilər bir qayda olaraq bir neçə ay hazırlıq kurslarına getməli, daha sonra isə  kifayət qədər mürəkkəb olan imtahanları verməlidirlər.  "Belə olan halda xarici tələbələr İspaniya universitetlərinə necə daxil ola bilərlər, onların qəbul imtahanlarından keçməsi imkanları praktik olaraq sıfira bərabərdir", - deyə təhsil naziri bildirmişdir. İspaniyada   keçirilən vahid dövlət imtahanları yalnız  ölkənin  tədris proqramları çərçivəsində mümkündür.

İndi bu imtahanları yalnız ikiillik təhsil kursu (Baçilğerato) üzrə yekun qiymətlər əvəzləyəcək. Bu, universitetlərə daxil olmaq istəyən bütün şagirdlər üçün icbari təhsil pilləsi hesab olunur. Beləliklə də ali təhsil sistemində islahatların aparılması tərəfdarları  hesab edirlər ki, bununla da ispan universitetləri bütün digər ölkələrdən olan abituriyentlər üçün açıq olacaq.

İspanların özü üçün isə yenilik nəhəng vahid nəzarət sistemini aradan qaldırmaqla onların həyatlarını yüngülləşdirəcək və iki il müddətində şagird müvəffəqiyyətlərinin qiymətləndirilməsi sisteminin obyektivliyinin təmin olunmasına xidmət edəcək.


 

Rusiyada sinif rəhbərlərini tyutorlar əvəz edəcək

Rusiyanın Təhsil və Elm Nazirliyi 2014-cü ildən başlayaraq ölkə məktəblərində yeni ştat vahidi - tyutorlar tətbiq edəcək. Artıq pilot olaraq seçilmiş regionlarda tyutorluğun mümkün modelləri sınaqdan keçirilir.

Yeniliyə əsasən, Rusiya məktəblərində tyutor sinif rəhbərinin funksiyalarını öz üzərinə götürəcək, müəllim üçün  isə onun əsas vəzifəsi - profil fənni tədris etmək saxlanacaq. Müəllim-rəhbər eyni yaşdan olan bir neçə sinfə rəhbərlik edəcək və ya öz qruplarını yaradacaq. 

Təhsil və Elm Nazirliyindən bildirilmişdir ki,  "Təhsil haqqında" yeni qanunda və yeni federal təhsil standartlarında söhbət şəxsiyyətin fərdi inkişafı və hər bir şagirdin təhsil yolundan gedir. Buna görə də təhsil müəssisələrində müstəqli təhsili koordinasiya edən və dərs profilini seçən şəxslər də təmsil olunmalıdır.   

Tyutorlar  şagirdlərlə fərdi şəkildə işləyəcək, onlar məktəblinin müstəqil məşğələlərini koordinasiya edəcək, ixtisas seçməkdə ona köməklik göstərəcək, şagirdlər və müəllimlər arasında qarşılıqlı anlaşmanı təmin edəcəklər. Onlar eyni zamanda geridə qalan şagirdləri irəli çəkməlidirlər. Bununla belə, hələlik tyutorların fəaliyyətinin bütün aspektləri tam müəyyənləşməmişdir.


 

Ali məktəblər özləri maliyyə vəsaitləri qazanmalıdır

Ukraynanın Təhsil və Elm Nazirliyi hesab edir ki, dövlət ali məktəbləri özləri maliyyə vəsaitləri qazanmalıdırlar. Nazirlik ali məktəblərin rəhbərliklərini elmi tədqiqatların kommersiallaşdırılması məqsədi ilə sahibkarlarla  əlaqə qurmağa və onlarla qarşılıqlı  faydalı münasibətlər yaratmağa çağırmışdır.

Bu barədə ölkənin təhsil və elm  nazirinin müavini Yevgeni Sulima ali məktəblər və biznes arasında əməkdaşlıq və elmi tədqiqatların nəticələrinin kommersiallaşdırılması mövzusunda keçirilmiş seminarda bildirmişdir. 

Britaniya Şurasının iştirakı ilə Ukrayna ali məktəblərinin rektorları üçün təşkil olunmuş tədbirdə bu sahədə Böyük Britaniya universitetlərinin təcrübəsindən bəhs olunmuşdur. Y.Sulima qeyd etmişdir ki, Təhsil və Elm Nazirliyi ali məktəblərdə tədqiqatçılıq fəaliyyətinin inkişaf etdirilməsinin gücləndirilməsi üçün hüquqi, iqtisadi və təşkilati şəraitin  yaradılması, aparıcı elmi məktəblərin inkişafı və dəstəklənməsi,  gənc istedadlı kadrların elmdə möhkəmlənməsinin stimullaşdırılması  istiqamətində fəaliyyətini artıracaq. 

"Yadda saxlamaq lazımdır ki, ali təhsil müəssisələri innovasiyanın mühərrikləridir, buna görə də öz gəlirlərinin artmasında maraqlı olan müəssisələrlə iş qurmaq, onlarla əməkdaşlıq etmək lazımdır", - deyə Y.Sulima bildirmişdir.


 

7 yaşlı uşaqların oxumaq və saymaq bacarığının üstünlükləri

Edinburq Universitetinin  (Şotlandiya) tədqiqatçı alimləri Stüart Riçi və Timoti Beyts apardıqları araşdırmalar nəticəsində belə bir qənaətə gəlmişlər ki,  7 yaşında oxumağı  və  saymağı  bacarmaq gələcəkdə firavanlığa təsir edir.

"Bizim məqsədimiz  7 yaşlıların  riyaziyyat  sahəsində uğurlarının və oxumağı bacarmaq qabiliyyətlərinin gələcəkdə onların sosial statusuna  (yaxşı iş,  yaşayış,  gəlir)  təsirini öyrənmək olmuşdur",- deyə alimlər bildirmişlər.   Alimlər Uşaqların İnkişafı Milli Araşdırmalar Mərkəzinin hesabatına əsaslanmışlar.  İngiltərə, Şotlandiya və Uelsdə aparılmış tədqiqatlarda 17000-dən çox uşaq iştirak etmişdir. Qeyd olunmalıdır ki, bu tədqiqatlar 1958-ci ildən aparılır.  Alimlər izah etmişlər ki, 7 yaşında tədqiqatda iştirak etmiş uşaqların oxumaq və saymağı bilmələri 35 ildən sonra onların sosial-iqtisadi durumunda üzə çıxmışdır. Beləliklə  də tədqiqatlar oxumaq-saymaq və gələcəkdəki firavan həyat arasında əlaqə  olduğunu təsdiq etmişdir. Oxumaq və riyaziyyat sahəsində qabiliyyətləri daha yaxşı olan uşaqların gələcəkdə gəlirləri, yaşayış şəraitləri və işləri də daha yüksək səviyyədə olmuşdur.    Tədqiqat nəticəsində  məlum olmuşdur ki, kimlər ki, 7 yaşında oxumaq və saymağı daha yaxşı mənimsəmişlər, onların 42 yaşları tamam olanda aylıq gəlirləri 7750 dollardan artıq olmuşdur. "Beləliklə də tədqiqatlar göstərmişdir ki,  uşaqların anadangəlmə qabiliyyətləri onların nə qədər ağıllı olmasından və məktəbdə nə  qədər uzun müddət oxumasından, onun ailəsinin hansı sosial statusa mənsub olmasından asılı olmayaraq bütün həyatı ərzində mühüm əhəmiyyətə malikdir",- deyə alimlər bildirmişlər.

Xarici mətbuat materialları əsasında hazırladı:  Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov