Naxçıvan
Özəl Universitetinin üç əməkdaşı Macarıstan
Respublikasının paytaxtı Budapeşt şəhərinə səfər
etmişdir. Budapeştin Corvinus Universiteti ilə Naxçıvan
Özəl Universiteti arasında qarşılıqlı əlaqələrin
yaradılması və inkişaf etdirilməsi, digər ali
məktəblərdə tətbiq edilən yenilikləri öyrənmək məqsədi
ilə protokol imzalanmışdır.
Səfər zamanı ilk olaraq həmin universitetin rektoru,
Beynəlxalq əlaqələr şöbəsinin müdiri və xarici dil
tədrisi və araşdırma mərkəzinin rəhbəri, sosial elmlər
fakültəsinin dekanı, biznes idarəçiliyi fakültəsi
daxilində fəaliyyət göstərən beynəlxalq araşdırmalar
mərkəzinin direktoru, beynəlxalq araşdırmalar
proqramının rəhbəri və test mərkəzinin direktoru ilə
görüş keçirilmişdir. Görüş zamanı Corvinus
Universitetinin rektoru Zsolt Rostovanyi qonaqları
salamlamış və universitet haqqında qısa məlumat
vermişdir.
Görüşdə Naxçıvan Özəl Universitetinin rektoru da çıxış
edərək universitet haqqında məlumat vermişdir. Səfər
zamanı əsasən tələbə və müəllim müadiləsi, iqtisadiyyat
ve ingilis dili ixtisasları üzrə tələbə mubadiləsi,
beynəlxalq əlaqələr söbəsinin müdiri ilə ortaq
layihələrin həyata keçirilməsi, beynəlxalq proqramlarda
birgə fəaliyyət kimi məsələlər, ortaq və ikili diplom
layihələri, eləcə də Corvinus dil tədrisi və araşdırma
mərkəzinin rəhbəri Agota Dobos ilə ESP (xususi
məqsədlər üçün ingilis dili) layihəsi müzakirə
edilmişdir.
Qərara alınmışdır ki, həm ixtisas biliklərinin
möhkəmlənməsi, həm də ixtisaslarına uyğun mükəmməl
xarici dil biliklərinə yiyələnmək məqsədi ilə 2014-cü
ildən etibarən Naxçıvan Özəl Universitetinin bir qrup
əməkdaşı Corvinus Universitetinə göndəriləcəkdir. Hər
iki universitetin rektorları arasında "Qarşılıqlı
əməkdaşlıq" haqqında protokol imzalanmışdır.
Ölkələrarası münasibətdə təhsilin önəmli bir yerə sahib
olduğunu nəzərə alaraq Corvinus Universiteti ilə
Naxçıvan Özəl Universiteti bu sahədə öz üzərlərinə düşən
öhdəlik və vəzifələri genişləndirmək, ali təhsil
sahəsində birgə fəaliyyət göstərmək üçün elmi
əməkdaşlığı genişləndirməyi vacib hesab etmişdir.
Nuray ƏSGƏROVA,
NÖU-nun Mətbuat xidmətinin rəhbəri |