AzərTAc xəbər verir ki, müvafiq qurumların
nümayəndələrinin, professor və müəllimlərin, tələbələrin
iştirak etdikləri tədbirdə ATU-nun rektoru, Milli
Məclisin deputatı, akademik Əhliman Əmiraslanov
ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim
xüsusi əhəmiyyət verdiyini, ulu öndərin ideyalarının
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə
həyata keçirildiyini bildirmişdir.
Rəhbərlik etdiyi universitetin fəaliyyəti barədə məlumat
verən akademik Ə.Əmiraslanov burada təhsilin inkişafı
üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan
danışmışdır. Bildirilmişdir ki, maddi-texniki bazası
daha da möhkəmləndirilmiş ATU-nun ən müasir
avadanlıqlarla təchiz edilmiş klinikaları fəaliyyət
göstərir. Təhsil müəssisəsində yüksək ixtisaslı həkim
kadrları hazırlanır.
Qeyd olunmuşdur ki, bu gün universitetin məzunları həm
də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər.
Akademik Ə.Əmiraslanov məzunları təbrik etmiş, onlara
uğurlar arzulamışdır.
Görüşdə bildirilmişdir ki, bu il Azərbaycan Tibb
Universitetini, ümumilikdə, 1214 gənc bitirir. Onlardan
76-sı fərqlənmə diplomuna layiq görülmüşdür. Məzunlardan
176-sı xarici ölkə vətəndaşıdır.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib
Məhəməliyev, səhiyyə nazirinin müavini Elsevər Ağayev,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və
digər çıxış edənlər də dahi rəhbər Heydər Əliyevin
gənclərə, onların təhsilinə göstərdiyi böyük diqqət və
qayğıdan bəhs etmiş, ulu öndərin siyasətinin Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini vurğulamışlar.
Məzunlara xoş arzularını bildirən natiqlər onları doğma
Vətənə və xalqa ləyaqətlə xidmət etməyə çağırmışlar.
Təhsildə fərqlənmiş məzunlara diplomlar təqdim
olunmuşdur. |