İyunun 26-da Bakıda "Musiqi festivalı" keçirilmişdir.
Festival Azərbaycan Respublikası Dövlət Neft Şirkəti,
Qafqaz Universiteti, Türkiyənin Bakıdakı səfirliyinin
mədəniyyət və tanıtma müşavirliyi və Ondoqquz Mayıs
Universitetinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
"Yaşıl teatr"da keçirilən və Milli Məclis
deputatlarının, universitet rektorlarının, Azərbaycanın
və Türkiyənin sənətsevərlərinin iştirak etdikləri
tədbirdə Ondoqquz Mayıs Universitetinin 41 nəfərdən
ibarət türk sənət musiqi qrupu Türkiyənin görkəmli
bəstəkarlarının seçilmiş əsərlərindən və xalq
mahnılarından (türkülərdən) ibarət konsert proqramı ilə
çıxış etmişdir. İki hissədən ibarət konsertdə 23 xalq
mahnısı səsləndirilmişdir.
Xatırladaq ki, Türkiyənin Samsun şəhərində yerləşən
Ondoqquz Mayıs Universiteti 1975-ci ildə qurulmuş dövlət
ali təhsil müəssisəsidir. Universitetlə Qafqaz
Universiteti arasında sıx əməkdaşlıq əlaqələri
mövcuddur.
Festival çərçivəsində Ondoqquz Mayıs Universitetinin
türk sənət musiqi qrupunun üzvləri və digər qonaqlar
Bakının görməli yerlərini gəzmiş, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində, Bakı Musiqi
Akademiyasında olmuş, Qubaya səfər edərək buradakı
soyqırımı məzarlığını ziyarət etmişlər.
Yusif ƏLİYEV |