İyunun
22-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə
həsr edilmiş müsabiqə qaliblərinin mükafatlandırılma
mərasimi olmuşdur. Qeyd edək ki, mərkəzin Heydər
Əliyevin yubileyi ərəfəsində - mart-aprel aylarında
müxtəlif mövzularda elan etdiyi müsabiqə müəllimlər,
gənclər, jurnalistlər, əcnəbi fotoqraflar, rejissorlar
və Azərbaycan ordusunda xidmət edən əsgərlər arasında
keçirilmişdir.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbir
iştirakçılarını salamladıqdan sonra çıxışında mərkəzin
fəaliyyətindən bəhs etmişdir. Anar Ələkbərov
bildirmişdir ki, Heydər Əliyev Mərkəzi fəaliyyət
göstərdiyi qısa müddət ərzində bir sıra əhəmiyyətli
tədbirlər həyata keçirmişdir. Bunlardan ən önəmliləri
həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda
ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi
ilə bağlı reallaşdırılan layihələrdir. Bu gün artıq başa
çatan və qalibləri müəyyənləşdirilən müsabiqə də həmin
möhtəşəm layihələrdən biridir.
Anar Ələkbərov müsabiqənin müxtəlif mövzular üzrə
qaliblərini təbrik edərək onlara gələcək
fəaliyyətlərində yeni-yeni uğurlar, şəxsi həyatlarında
cansağlığı və xoşbəxtlik arzulamışdır.
Sonra ümumi təhsil müəssisələrinin müəllimləri arasında
keçirilmiş "Dövlətim üçün layiqli vətəndaş
yetişdirirəm", eləcə də "Azərbaycanımla fəxr edirəm"
(gənclər arasında), "Azərbaycanın xarici siyasətdə ən
böyük nailiyyəti", "Azərbaycan - beynəlxalq layihələrin
təhlükəsiz ünvanı", "Azərbaycanın xarici siyasətinin
prioritetləri" (jurnalistlər arasında) yazı, "Azərbaycan
əcnəbilərin gözü ilə" (əcnəbi fotoqraflar arasında) foto
və rejissorlar arasında elan edilmiş Azərbaycanın
tanıtım videoçarxları müsabiqələrinin nəticələri elan
olunmuşdur. Qaliblərə diplomlar, kompüter, planşet və
digər hədiyyələr təqdim olunmuşdur. Həmin müsabiqələrdə
fərqlənənlərə də həvəsləndirici mükafatlar verilmişdir.
Orduda xidmət edən əsgərlər arasında keçirilmiş
"Dövlətimi, xalqımı və ailəmi qoruyuram" mövzusunda
əsgər məktubu müsabiqəsinin nəticələri isə 26 İyun -
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
ərəfəsində - iyunun 24-də elan olunmuşdur.
Ümumi təhsil müəssisələrinin müəllimləri arasında
keçirilmiş "Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm"
yazı müsabiqəsində İsmayıllı şəhər İ.Həsənov adına 1
nömrəli tam orta məktəbin müəllimi Pərvanə Piriyeva I,
Bakı şəhəri 55 nömrəli tam orta məktəbin müəllimi Nailə
Həsənova II, Avropa Azərbaycan Məktəbinin müəllimi Günay
Sultanova isə III yerləri tutmuşlar.
Müəllimlərimizi ürəkdən təbrik edir, onlara gələcəkdə
daha böyük qələbə sevinci arzulayırıq.
Hicran ƏKBƏROVA |