Türkiyə
Cümhuriyyəti universitetlərinin təmsilçilərindən ibarət
heyət Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində
Naxçıvan Dövlət Universitetində də olmuşdur.
Universitetin rektoru, biologiya elmləri doktoru Saleh
Məhərrəmov qonaqları salamlayaraq Azərbaycan - Türkiyə
əlaqələrinin inkişafından danışmışdır. Rektor ölkəmizdə,
o cümlədən muxtar respublikada elmin, təhsilin
inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə
qazanılan müvəffəqiyyətlərdən bəhs etmiş, Naxçıvan
Dövlət Universitetinin inkişaf yolu, genişlənməkdə olan
beynəlxalq əlaqələri haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, dünyanın 76 universiteti ilə
tərəfdaşlıq edən bu ali məktəbin Türkiyənin 40-a yaxın
ali təhsil ocağı ilə, o cümlədən Ankara, Ərdahan, Van
Yüzüncü İl, Kocaeli, Qars Qafqaz, Elazığ, Ərzincan
universitetləri ilə elmi əməkdaşlığı bu gün də uğurla
davam etdirilir. Bu ali məktəbdə 12 ölkədən 300 nəfər
vətəndaş təhsil alır ki, bunlardan da 230 nəfəri Türkiyə
vətəndaşlarının payına düşür.
Türkiyəli qonaqlar adından Qaratay Universitetinin
rektoru, professor Ömer Torlak, Hacəttəpə
Universitetinin əməkdaşı, professor Bahtişen Kavak çıxış
edərək səmimi qarşılanma üçün minnətdarlıqlarını
bildirmişlər. Çıxışlarda iki qardaş ölkə arasında
əlaqələrin inkişafında universitetlərarası tərəfdaşlığın
əhəmiyyətindən, bu istiqamətdə qarşıda duran
vəzifələrdən danışılmışdır. Türkiyəli qonaqlar Naxçıvan
Dövlət Universitetinə yeni elmi və elmi-publisistik
nəşrlər hədiyyə etmiş, qonaqlara Naxçıvanın əsas rəmzi
olan Haçadağı əks etdirən rəsm əsərləri təqdim
olunmuşdur. Qonaqlar universitet ərazisini gəzmiş, ali
məktəbin strukturu, tədrisin səviyyəsi, maddi-texniki
bazası ilə tanış olmuşlar.
Türkiyə universitetlərinin təmsilçiləri naxçıvanlı
həmkarları ilə birgə ümummilli lider Heydər Əliyevin
Naxçıvan şəhərindəki abidəsini ziyarət etmiş, Heydər
Əliyev muzeyində də olmuşlar.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |