İyunun
21-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidov Argentinanın
Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun
tərkibində Avrasiya proqramının və Plata Universitetində
Azərbaycan tədqiqatlar kafedrasının rəhbəri Paulo
Bottanı qəbul etmişdir. Qonağı salamlayan rektor onu
ADU-da görməkdən məmnun olduğunu bildirmişdir. ADU
haqqında qonağa məlumat verən rektor Səməd Seyidov
universitetdə dillərin tədrisi ilə yanaşı, bir sıra
digər humanitar istiqamətdə kadrların hazırlandığını
qeyd etmişdir. Bu baxımdan ADU-nun regionşünaslıq və
beynəlxalq münasibətlər fakültəsinin mövcudluğunu
diqqətə çatdırmışdır. İspan dilinin ADU-da uzun illərdən
bəri uğurla tədris olunduğunu deyən professor Səməd
Seyidov universitetdə İspan dili Mərkəzinin fəaliyyət
göstərdiyini demişdir. ADU tələbələrinin ispan dilinə
böyük maraq göstərdiklərini vurğulayan rektor Səməd
Seyidov Argentinanın ölkəmizdəki səfirliyinin böyük
işlər gördüyünü qonağın diqqətinə çatdırmışdır. O,
qarşılıqlı əlaqələrin, gələcək əməkdaşlıq
perspektivlərinin hər iki tərəf üçün faydalı olacağına
ümidini ifadə etmişdir.
Argentinanın Plata Universitetinin Beynəlxalq Əlaqələr
İnstitutunun tərkibində Avrasiya proqramının və Plata
Universitetində Azərbaycan tədqiqatlar kafedrasının
rəhbəri Paulo Botta səmimi qəbula görə təşəkkür
etmişdir. Təmsil etdiyi ali təhsil müəssisəsi haqda
məlumat verən P.Botta universitetin beynəlxalq
əlaqələrindən söz açmışdır. Qonaq bildirmişdir ki, Plata
Universitetindəki Azərbaycan tədqiqatlar kafedrasında 10
nəfər tələbə təhsil alır. O, ADU ilə əməkdaşlıqda,
qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu
bildirmişdir. Paulo Botta bu ali təhsil müəssisəsində
ispan dilinin tədrisini yüksək dəyərləndirmişdir.
Görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivləri,
müəllim-tələbə mübadiləsi məsələləri istiqamətində
müzakirələr aparılmışdır.
Qeyd edək ki, görüşdə Argentinanın Azərbaycandakı
səfirliyinin konsulu Qabriel Xorquera da iştirak
etmişdir.
Şakir CƏFƏROV |