İyunun 27-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ)
məzun gününə həsr olunmuş təntənəli mərasim
keçirilmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə tədbir
iştirakçıları institutun Heydər Əliyev Mərkəzini ziyarət
etmiş, ulu öndərin büstü önünə əklil qoymuşlar.
AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor
Aqiyə Naxçıvanlı məzunları təbrik etmiş, ölkəmizdə elmə,
təhsilə, gənclərin inkişafına göstərilən diqqət və
qayğıdan, rəhbərlik etdiyi təhsil ocağının qazandığı
uğurlardan danışmışdır. Rektor ümummilli lider Heydər
Əliyevin ideyalarının, ulu öndərin gənclər siyasətinin
hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata
keçirildiyini vurğulamışdır.
A.Naxçıvanlı cari ildə Azərbaycan Müəllimlər İnstitutu
və onun filiallarında ümumilikdə 1.820 bakalavr və baza
institutunda 58 magistrin təhsilini başa vurduğunu
bildirmişdir.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini Şahmar İbadov, Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
sədrinin müavini Mirzə Cəfərzadə və Yeni Azərbaycan
Partiyası Nərimanov rayon təşkilatının sədri Təhmiraz
Tağıyev məzunları təbrik etmiş, çətin və şərəfli müəllim
peşəsinə yiyələnmiş gənclərin gələcək nəslin
tərbiyəsində mühüm rolundan danışmışlar. AMİ-nin bu gün
müstəqil Azərbaycanda dövlət quruculuğunun
möhkəmləndirilməsi, milli dövlətçilik ideologiyasının
təbliği sahəsində uğurlu fəaliyyət göstərən ali təhsil
müəssisələri sırasında mühüm yerlərdən birini tutduğu
vurğulanmışdır.
Məzunlar müasir standartlara cavab verən ali təhsil
ocağında yaradılmış şəraitə görə universitetin
rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, doğma
institutun adını həmişə uca tutacaqlarına söz vermişlər.
Sonra təhsildə fərqlənmiş və institutun ictimai
işlərində fəallıq göstərmiş məzunlara fəxri fərmanlar
təqdim olunmuşdur.
Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır.
|