Bu günlərdə "Müasir Gənclik və Sosial İnkişaf" İctimai
Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun dəstəyi ilə Masallı Rayon Gənclər
Mərkəzində "Zərərli vərdişlərə qarşı mübarizə sahəsində
yeniyetmə və gənclərin maarifləndirilməsi" mövzusunda
tədbir keçirmişdir.
Tədbiri Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis
müavini Məhəmməd Abasquliyev açaraq bildirmişdir ki, bu
gün bəşəriyyəti daha çox düşündürən və narahat edən
problemlərdən biri də narkomaniyadır. Son vaxtlar
gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması
istiqamətində çoxlu sayda tədbirlər həyata keçirilir,
lakin bu bəladan qurtarmaq üçün təkcə onları
məlumatlandırmaq kifayət etmir. Yeniyetmə və gənclərin
asudə vaxtlarının səmərəli təşkili, keyfiyyətli təhsillə
təmin edilmələri, öz təşəbbüslərini gerçəkləşdirə
biləcəyi mühitin formalaşdırılması və onlara xidmət
göstərə biləcək strukturların yaranması vacibdir.
Çıxış üçün söz alan "Müasir Gənclik və Sosial İnkişaf"
İctimai Birliyinin sədri Etibar Əsədov XXI əsrin ən
qorxulu zərərli vərdişlərindən hesab olunan
narkomaniyanın, alkoqollu içkinin, siqaretin həyat üçün
təhlükəli xəstəliklər yaratdığını qeyd etmişdir. O da
vurğulanmışdır ki, narkomaniya ağır xəstəlikdir və
orqanizmin həyat fəaliyyətinin kobud şəkildə
pozulmasına, sosial tənəzzülə gətirir. Narkotik zəhər
olub, insan beynini və psixikasını tədricən məhv edir.
Azərbaycan Tibb Universitetinin dosenti Şəhla Babayeva
Dünya Səhiyyə Təşkilatının hər il yaydığı statistik
rəqəmlərə toxunaraq bildirmişdir ki, siqaret çəkməkdən,
narkotik maddə qəbul etməkdən dünyada 1 milyon insan
dünyasını dəyişir. Bunların da əksəriyyətinin gənclər
təşkil etdiyini deyən tibbi ekspert bu cür qorxulu,
zərərli vərdişlərin onların həyatı üçün çox təhlükəli
olduğunu və maarifləndirmə işlərinin davamlı olmasının
vacibliyini vurğulamışdır.
Tədbirdə çıxış edən digər natiqlər də zərərli
vərdişlərin törətdiyi sosial problemlərdən, yeniyetmə və
gənclərlə bu sahədə müntəzəm olaraq maarifləndirmə
işlərinin aparılmasından, mühazirə və seminarların
keçirilməsinin vacibliyindən danışmışlar.
Sonda tədbir iştirakçılarına mövzu ilə bağlı bukletlər
paylanılmışdır.
Samirə KƏRİMOVA |