Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Bakı Fransız Liseyinin İdarəetmə Komitəsinin ilk iclası keçirilmişdir

 

İyunun 21-də Azərbaycan və Fransa Respublikaları arasında imzalanmış dövlətlərarası sazişə əsasən təsis edilmiş Bakı Fransız Liseyinin İdarəetmə Komitəsinin ilk iclası keçirilmişdir.

Sazişə əsasən, komitə üzvləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ), Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Heydər Əliyev Fondunun və Fransa Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələrindən təşkil olunmalıdır.

AzərTAc xəbər verir ki, iclasda liseyin İdarəetmə Komitəsinin prezidenti - ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və üzvləri tam tərkibdə iştirak etmişlər.

İdarəetmə Komitəsinin ilk toplantısında Fransa Respublikasının Azərbaycandakı səfiri Paskal Menye iştirak etmişdir.

Komitə üzvlərinin səlahiyyətləri müəyyənləşdirildikdən sonra İdarəetmə Komitəsinin prezidenti Xalik Məmmədov bildirmişdir ki, bu lisey ölkəmizdə Fransa təhsil texnologiyalarının geniş tətbiqinə imkan verəcəkdir. Lisey uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında fəaliyyət göstərəcəkdir. Məzunlara Fransa Təhsil Nazirliyinin standartlarına uyğunlaşdırılmış attestatlar veriləcəkdir.

Fransada tanınacaq həmin attestatların alınması məzunlara imkan verəcək ki, təhsillərini öz seçimlərinə uyğun olaraq Avropanın ali təhsil müəssisələrində davam etdirsinlər.

Daha sonra komitə üzvləri gündəliyə çıxarılmış məsələlərlə bağlı fikir mübadiləsi aparmışlar.

İclasda liseyin təsisçisi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi ilə Fransız Dünyəvi Təhsil Missiyası arasında imzalanacaq müqavilənin şərtləri müzakirə olunmuş, sənədin hazırlanması üçün səylərin artırılmasına qərar verilmişdir. Liseyə qəbul üçün qeydiyyat prosesi barədə məlumat verilmiş və bununla bağlı marketinq işlərinin daha da intensivləşdirilməsi qərara alınmışdır.

 İclasda liseyin təhsil pillələri üzrə təhsil haqqının səviyyəsi müəyyənləşdirilmişdir. Bildirilmişdir ki, Bakı Fransız Liseyi 2014-2015-ci dərs ilində fəaliyyətə başlayacaqdır. 2013-cü ilin sentyabrında isə liseydə 3 bağça qrupu və I-V siniflər fəaliyyətə başlayacaqlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov