Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

İki cəbhənin veteranı

 

O, şagirdlərini vətənpərvərlik ruhunda tərbiyə edirdi 

Böyük Vətən müharibəsində qazandığımız tarixi qələbədən bizi 68 il ayırır. Dünyanın faşizm taunundan xilas olunmasında, müxtəlif cəbhələrdə düşmənə sarsıdıcı zərbələr endirilməsində Azərbaycanın şərəfli döyüş yolu keçmiş oğul və qızlarının da misilsiz xidmətləri olmuşdur. Buna görə də onlar həmişə xatırlanmalı, yad edilməlidirlər. Ulu öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi: "...Döyüşən, həlak olan, cəbhələrdə yaralananları, həm də rəşadət göstərib bu gün yaşayanları həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik". Cəbhədə qələbə uğrunda igidliklə döyüşənlərdən biri də Şamil Cavadovdur.

Şamil Teymur oğlu Cavadov 1924-cü ildə Şamaxı rayonunda anadan olmuşdur. 1941-ci ildə orta təhsilini "əla" qiymətlərlə başa vurmuşdur. İkinci Dünya müharibəsi başlanandan az sonra əkiz qardaşı Nadirlə birgə hərbi xidmətə çağrılmışdır. Onun döyüş yolu Sevastopol, Novopossiysk, Krım və digər şəhərlərdən keçərək Berlinədək davam etmişdir. Müharibə dövründə 6 ay Sevastopolda tankçı məktəbində oxuduqdan sonra Xarkovun müdafiəsində olan tank diviziyasına göndərilmişdir. 1942-ci ildən ən ağır döyüşlərin iştirakçısı olan Şamil Cavadov 3 dəfə yaralansa da müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtmış, 339 saylı tankla Odessadan Brestə, oradan da Berlinə qədər döyüşmüş, Berlin uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Ağır yaralı kimi Gürcüstanın Sxaltuba hospitalına göndərilmiş, orada uzun müddət müalicə olunduqdan sonra ll dərəcəli müharibə əlili kimi ordudan tərxis edilmişdir. Əkiz qardaşı Nadir isə Xarkov uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

Şamil Cavadovun müharibədə göstərdiyi igidliklər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, o, çox sayda orden və medallarla, o cümlədən "İgidliyə görə" medalı ilə təltif edilmiş, ölkə Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına göstərdiyi qayğı çərçivəsində 2008-ci ildə ona  "Oka" markalı avtomobil hədiyyə edilmişdir.

Ş.Cavadov doğma vətəninə qayıtdıqdan sonra 1947-ci ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olaraq ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir. 1951-ci ildən 1961-ci ilə kimi təyinatla İsmayıllı rayonunun bir sıra kəndlərində, o cümlədən Sulut, Əhən, Qurbanəfəndi, Talıstan, Kəlbənd kimi kəndlərdə müəllim işləmişdir.

Öz ailəsi ilə birlikdə doğulduğu rayona qayıdan Şamil müəllim 1961-ci ildən Mədrəsə kənd orta məktəbində, sonra isə bünövrəsi qoyulan gündən rayondakı internat orta məktəbində (2007-ci ildən Şamaxı Rayon Texniki-humanitar və təbiət fənləri təmayüllü internat tipli lisey)  uzun  müddət müəllim işləmişdir. İşlədiyi müddətdə pedaqoji kollektivin və ictimaiyyətin dərin rəğbətini qazanmış Şamil müəllimin gənc nəslin təlim-tərbiyəsində xidmətləri danılmazdır. Çünki o, bütün ömrü boyu gənclərin vətəninə, xalqına layiqli bir vətəndaş kimi formalaşmasına xüsusi diqqət yetirirdi. Torpaqlarımızın 20 faizdən çoxunun işğal altında olduğu bir vaxtda həmişə keçdiyi döyüş yollarından bəhs edən, onları vətənpərvərlik ruhunda tərbiyə edən Ş.Cavadovu dərs dediyi bütün şagirdləri sevimli müəllim kimi daim xatırlayırlar.

Şamil müəllim ümummilli liderimiz Heydər Əliyevin, sonralar isə ölkə Prezidenti cənab İlham Əliyevin Şamaxıya səfərləri zamanı rayon sakinləri, eləcə də müharibə veteranları ilə görüşlərindən aldığı təəssüratları şagirdləri ilə bölüşməyi çox xoşlayır, onlardan nümunə götürməyi tövsiyə edirdi.

Şamil Cavadovun işlədiyi təhsil müəssisəsi bir neçə il öncə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuşdu. Təmirdən sonrakı təntənəli açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da iştirak etmişdi. Şamil müəllim həmin görüşdə Mehriban xanımın kollektivlə səmimi söhbətini həyatının ən xoş məqamlarından biri kimi tez-tez xatırlayırdı.

O, pedaqoji fəaliyyətində qazandığı uğurlara görə dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmiş, müxtəlif mükafatlara layiq görülmüşdür.

Nümunəvi ailə başçısı olan Şamil müəllim layiqli, tərbiyəli üç övlad böyütmüşdür. Oğulları Allahverdi və Mehman rayonun hörmətli şəxslərindəndir. Qızı, tarix elmləri üzrə fəlsəfə doktoru Zərifə Cavadova AMİ-nin Şamaxı filialında baş müəllim vəzifəsində çalışaraq atasının yolunu layiqincə davam etdirir.

Ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Şamil müəllim 2009-cu ildə dünyasını dəyişsə də Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərən igid döyüşçü, təcrübəli pedaqoq, müdrik el ağsaqqalı kimi onu tanıyanların yaddaşında əbədi yaşayacaqdır. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov