Uşaqlara
uğursuzluqlara pozitiv yanaşmanı öyrətmək nəyə görə
vacibdir?
Lens Kinq Yeni Zelandiyanın Reqlan şəhərində yaşayır.
Müəllimlik fəaliyyəti ilə məşğul olur, dünyanın
müxtəlif ölkələrində müəllimlər, şagirdlər və
valideynlər üçün seminarlar keçirir, oxumağı necə
öyrətməli mövzusunda kitablar, dərs vəsaitləri yazır.
"Oxumaq incəsənəti" proqramını yaratmış pedaqoq
dünyanın onlarca ölkəsindəki 200 məktəbdə bu proqram
üzrə dərslər keçir. Lens Kinqin aşağıdakı
məqaləsinin məktəblilər və onların valideynləri,
müəllimlər üçün maraqlı olacağını düşünərək oxucuların
diqqətinə çatdırırıq.
Yeni Zelandiyanın məktəblərindən birində intellektual
cəhətdən istedadlı yuxarı sinif şagirdləri arasında
aparılmış tədqiqatlar çox uğurlu şagirdləri az uğurlu
şagirdlərdən fərqləndirən əhəmiyyətli faktorları üzə
çıxarmağa imkan vermişdir. Bu faktor 100 faizlik
əhəmiyyət daşıyır - o, bütün çox uğurlu şagirdlərdə
vardır və az uğurlu şagirdlərdə isə yoxdur. Bu faktor
uğursuzluqlara düzgün yanaşma qabiliyyəti adlanır.
2006-2008-ci illərdə magistr dissertasiyası müdafiə
etdiyim dövrdə mənə yerli məktəbdə çox istedadlı
(Giftedand Talented Education) qrupla işləmək
xoşbəxtliyi nəsib olmuşdur. Qrupa müxtəlif siniflərdən
13-18 yaşlı şagirdlər daxil idi. Onların hamısı ağıllı,
çox maraqlı və tədqiqatların aparılmasında həvəsli
idilər. Onlarla işləmək mənim üçün çox xoş idi. Mənim
tədqiqatlarımın məqsədi onların fəallığı,
stresədavamlılığı və akademik uğurları arasında bağlılq
tapmaq idi. Çeviklik və stresədavamlılıq standart
metod (Learned Helplessness) vasitəsilə hesablanırdı.
Bu tədqiqatın aparılması gedişində bütün şagirdlər
məktəb fənləri üzrə yekun imtahan verməli idilər. Bu
imtahanların nəticələri əsasında müəllimlər onları 3
qrupa ayırmışdılar: daha çox uğurlu, uğurlu və daha az
uğurlu şagirdlər.
Mənim ilk əldə etdiyim nəticə onların çevikliyi,
stresədavamlılığı və akademik uğurları arasında hər
hansı bağlılığın olmaması oldu. Bəzi tamamilə köməksiz
yeniyetmələr yaxşı akademik nəticələr, stresədavamlı,
adaptasiyalı uşaqlar isə çox zəif nəticələr
göstərmişlər. Marağım məni çeviklik və
stresədavamlılığa nisbətən akademik uğurun daha dərin
səbəblərini tapmağa məcbur etmişdir.
Stresədavamlılığına və çevikliyinə görə eyni nəticələr
göstərmiş şagirdlərdən ibarət cütlər təşkil olundu. Hər
bir cütə bir nəfər daha uğurlu şagird və bir nəfər az
uğurlu şagird daxil edilmişdi. Uğurlu şagirdlərdən
ibarət qrup sonrakı tədqiqatlarda iştirak etmirdi.
Beləliklə də hər birində 10 nəfərdən ibarət 5 cüt
formalaşmışdı. Bütün 10 nəfərlə söhbətlər aparılmış,
onların cavabları təhlil olunmuşdur.
Bütün 5 qrupda daha uğurlu şagirdlərin praktiki
strategiyaları və daxili xarakteristikaları daha zəif
uşaqlarınkından nəzərəçarpacaq dərəcədə fərqlənirdi.
Onları fərqləndirən cəhətlər bunlar idi:
- onların hamısı hansısa əlavə məşğələlərə, dərnəklərə
getmiş, dərslərdən əlavə bölmələrdə məşğul olmuşdular;
- onların hamısında ciddi maraq və həvəs vardı;
- onlarda dərsə məsuliyyətli münasibət və başa
düşmədiklərini öyrənməyə həvəs, maraq vardı;
- mürəkkəb tapşırıqların həllindən məmnunluq əldə etmək
qabiliyyətinə malik idilər;
- məqsədyönlülük və fikrini məqsədə nail olmağa
cəmləşdirmək;
- öz uğursuzluqlarından faydalı təcrübə əldə etməyə
kömək edəcək fəal strategiyalar tətbiq edə bilirdilər;
- uğur əldə etmək əhvali-ruhiyyəsi var idi.
Lakin ən böyük fərq məhz uğursuzluğun dərk olunmasında
aşkar olunmuşdur. "Uğursuzluq" anlayışının bu tədqiqat
işində tərifi məqsədə çatmamaq kimi ifadə olunmuşdur.
Məsələn, oyunu udmağı məqsəd kimi qarşıya qoymaq, lakin
onu uduzmaq və ya müəyyən nəticəyə nail olmaq məqsədi
qoymaq və ona nail olmamaq.
Onların cavabları əsl tapıntı idi. Baxmayaraq ki,
anketləşdirmə zamanı həm daha çox uğurlu, həm də daha az
uğurlu şagirdlər uğursuzluqlarını məqsədə çatmaq üçün
səylərinin kifayət qədər olmaması ilə izah etmişdilər.
Şifahi müsahibələrdə isə onlar arasında böyük fərqlər
üzə çıxmışdır. Daha çox uğurlu şagirdlərin hamısı
dərsdə uğur qazanmaq üçün daimi səylərə əsaslanan
uzunmüddətli strategiyalar tətbiq etdiklərini
söyləmişdilər. Daha az uğurlu şagirdlər isə
bildirmişdilər ki, onlar öz səylərini yalnız kritik an
yetişəndə tətbiq etməyə başlayırlar. Onlar arasında
fərqlər hər hansı hərəkəti sonrakı vaxta təxirə salmaq
arzularına münasibətdə də özünü göstərmişdir. Müsahibə
verənlərin əksəriyyəti etiraf etmişdilər ki, bu cür
problem onlar üçün mövcuddur. Lakin əgər daha uğurlu
şagird problemi həll etmək üçün daha fəal addımlar
atırsa, zəif uşaqlar öz arzularının reallaşdırılmasını
daha sonrakı vaxta saxlayır və son ana qədər
gözləyirlər.
Daha çox uğurlu şagirdlər daha az uğurlu şagirdlərdən
fərqli olaraq müsahibə zamanı etiraf etmişdilər ki,
onlar öz uğursuzluqlarını başa düşür və qəbul edirlər.
Daha az uğurlu şagirdlər uğursuzluqların inkar
olunmasına meyil göstərməmiş və ya öz həyatlarında
potensial uğursuzluqlardan qaçmağa cəhdlər etmişlər. Az
uğurlu uşaqlardan biri söhbət zamanı etiraf etmişdir ki,
öz həyatında uğursuzluğu yaşamışdır. O, uğursuzluğu
həyatında tam iflas kimi qəbul etdiyini və hazırda özünü
tamamilə köməksiz saydığını bildirmişdir.
5 ən az uğurlu şagird
uğursuzluğa qarşı münasibətlərini aşağıdakı kimi
bildirmişdi:
- uğursuzluğun inkarı;
- öz uğursuzluqlarının izahının bədbin stili;
- öz səhvlərinin təhlili üçün hər hansı şüurlu
strategiyadan istifadə etmir və onlardan faydalı təcrübə
çıxarmaq istəmir;
- uğursuzluqlara məruz qaldıqları nümunə və məsələləri
öz həyatlarından çıxarırlar;
- hesab edirlər ki, əgər şəxsi təşəbbüslər və
hərəkətləri uğursuzluğa gətirib çıxarmışsa, hansısa
dəyişiklik etmək qeyri-mümkündür;
- uğur əldə etmək imkanını inkaretmə;
- diqqəti özünün qısamüddətli məqsədləri üzərində
cəmləşdirmək;
- məzmunda maraqlı olmamaq;
- özünün yüksək olmayan nəticələrindən qane olmaq.
5 daha uğurlu şagirdin
uğursuzluğa reaksiyası isə aşağıdakı kimi fərqli
olmuşdur:
- uğursuzluğun göstərilmiş səylərin kifayət qədər
olmaması ilə izah olunması;
- diqqəti öz səhvlərindən maksimum təcrübə əldə etməyə
yönəltmək;
- maksimum adaptasiyalı davranış stili və hər zaman
daha yaxşı nəticələr əldə etməyə can atmaq;
- uğursuzluq risklərini minimuma endirmək üçün maksimum
istedad, səylər və təşkilatçılıq qabiliyyətləri nümayiş
etdirirlər;
- hər zaman yeni strategiyaları sınaqdan çıxarmağa və
bunun üçün böyük səylər göstərməyə hazırdırlar;
- bütün əsas məqamları öz nəzarətləri altında
saxlayırlar;
- öz diqqətlərini məqsədə çatmağa yönəldir və mümkün
uğursuzluqlara yol verməmək üçün maksimum səylər (eləcə
də təşkilati) göstərirlər;
- uğursuzluğa yalnız konkret situasiya ilə bağlı olan
keçici hal kimi baxırlar;
- ona uğursuzluq gətirmiş hərəkətlərə görə məsuliyyəti
öz üzərlərinə götürürlər.
Mənim tədqiqatlarım üç əsas nəticəyə gətirib çıxarır:
1) mümkündür ki, təkcə istedadlı şagirdlərə deyil,
ümumiyyətlə bütün şagirdlərə münasibətdə uğursuzluqların
pozitiv dərk olunması və akademik uğur arasında birbaşa
əlaqə mövcuddur;
2) uğursuzluğa öz xeyrinə baxmağın yeganə üsulu və ona
öz həyatını dağıtmağa imkan verən çoxlu üsullar
mövcuddur;
3) uğursuzluğa pozitiv münasibət ideyası uğurun
yeni formulunu yarada bilər. Əvvəllər istənilən
fəaliyyət üçün yalnız iki sonluq - uğur və ya uğursuzluq
mövcud idi. Lakin yeni model 3 mümkün nəticəni təklif
edir: uğur, pozitiv sonluqlu uğursuzluq və neqativ
nəticəli uğursuzluq. Bu modeldə ilk iki nəticə artıq
müsbətdir.
Bu nəticələr, öz növbəsində, məni belə bir fərziyyəyə
gətirib çıxarmışdır ki, akademik uğur və öz
uğursuzluqlarını pozitiv qavramaq qabiliyyəti arasında
səbəb-nəticə əlaqələri mövcuddur. Və uğursuzluqlara
pozitiv münasibətin öyrədilməsi akademik uğura gətirib
çıxara bilər.
Mən öz fərziyyəmi yoxlamağa qərar verdim. Son 10 il
ərzində mən dünyanın 10 müxtəlif ölkəsində minlərlə
şagirdlə, valideynlərlə, müəllimlərlə işləmiş və bu
modeli sınaqdan keçirmişəm. Və nəticələr bütün dünyada
davamlı olmuşdur:
- öz uğursuzluqlarını pozitiv qavraya bilmək
qabiliyyətinə malik olan şagirdlər öz uğursuzluqlarına
neqativ baxan şagirdlərə nisbətən daha yaxşı oxuyurlar;
- öz uğursuzluqlarını pozitiv qavrayan müəllimlər daha
uğurla işləyirlər;
- öz uğursuzluqlarını pozitiv qavrayan valideynlər daha
çox uğur qazana bilirlər.
Ola bilsin ki, burada həlledici məqam uğursuzluq
konsepsiyasını qavramanın dəyişilməsi üzərində iş
aparılmasıdır. Mən növbəti aşağıdakı addımları atmağı
məsləhət görürəm:
1. "Uğursuzluq" sözünə özünüzün emosional
qiymətləndirmənizi yenidən gözdən keçirin. Uğursuzluq -
bu, sadəcə əks-əlaqədir. Əks-əlaqə sizə öz addımlarınızı
korrektə etməyiniz üçün vacibdir.
2. İkincisi, öz uğursuzluğunuzu dərhal etiraf edin.
Müəyyən uğursuzluqları yadda saxlayın. Uğursuzluq
sadəcə məqsədə çata bilməməkdir.
3. Qarşıya qoyulmuş məqsədə çata bilməməkdə öz
hərəkətlərinizə görə məsuliyyəti öz üzərinizə götürün.
4. Dəyişikliklər edin.
5. Bir daha sınaqdan keçirin.
Gəlin nümunə kimi məktəbdəki vəziyyətə baxaq. Təsəvvür
edin ki, sizin uşaq riyaziyyatdan test imtahanı verir.
Verilmiş 10 sualdan 6-na düzgün cavab vermişdir.
Düzgün olmayan digər 4 cavabla şagird nə edir?
Elə bu məsələ də ən ciddi yoxlamadır.
Uğursuzluqlara pozitiv yanaşan şagirdlər özlərinin 6
düzgün cavabına baxacaq, sevinəcəklər ki, test
imtahanını yaxşı vermişlər. Daha sonra isə onlar düzgün
cavab verə bilmədikləri 4 suala baxacaq və özlərinə belə
bir sual verəcəklər? "Niyə?". Onlar hər bir sualı təhlil
edəcək, nəyi düzgün etmədiklərinə cavab tapmağa
çalışacaq, öz səhvlərini düzəldəcək və əmin olacaqlar
ki, indi onlar dəqiq bilirlər ki, məsələnin düzgün
həllinə necə gəliblər. Sonra isə səhv buraxdıqları
suallarla analoq təşkil edən bir neçə tapşırığı həll
edəcək və buna lazım olan qədər vaxt sərf edəcəklər.
Onlar tam əmin olacaqlar ki, bu tipdən olan
tapşırıqların öhdəsindən tam gələ bilmişlər. Və tezliklə
onlar bu testi unudacaqlar.
Bütün sirr ondadır ki, siz istənilən uğursuzluğu necə
tədqiq edirsiniz. İdeya ondadır ki, istənilən
situasiyada daha bir addım atmaq və zəruri korrektələri
etmək vacibdir.
Uşaqlara bunu öyrənməyə kömək etmək üçün isə həm
müəllimlər, həm də valideynlər "uğursuzluq" anlayışına
yeni qaydada yanaşmalı və onlara izah etməlidirlər ki,
uğursuzluqlar böyümə və təhsil yolunda vacibdir və
uğursuzluğu qavramanın iki tamamilə fərqli üsulu
mövcuddur.
Mümkündür ki, məktəbdə həll olunması vacib olan ən
mürəkkəb məsələ "uğursuzluq" sözünün mənfi şərhindən
xilas olmaq və sinifdə elə bir mühit yaratmaqdır ki,
uşaqlar uğursuzluğa düçar olmaqdan qorxmasınlar. Yalnız
bu halda məktəblilər uğursuzluqlara qarşı öz
reaksiyalarını düzgün izləməyi öyrənə və uğursuzluqların
pozitiv qavranılması üçün zəruri olan vərdişləri əldə
edə bilərlər.
Və bu andan da istənilən məqsədin, istənilən addımın 3
mümkün nəticəsi - uğur, pozitiv nəticəli uğursuzluq,
neqativ nəticəli uğursuzluq üzə çıxa bilər. Bunlardan
ikisi müsbətdir. Əgər siz bu modeli qəbul edirsinizsə,
onda uğur əldə etmək şansınızı 3 dəfə artırırsınız.
"Uçitelskaya qazeta"dan |